Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Fevral, bazar, Bakı vaxtı 07:22

'Azərbaycan maaşlara görə Cənubi Qafqazın autsayderidir'


«Kaspi» qəzetinin Nikolayevski küçəsində yerləşən binası Mart hadisələrində baş vermiş yanğından sonra.

1918-ci il 31 mart qırğınlarının 99-cu ildönümü, əhalinin gəlirlərinin azalması, problemli kreditlər və onun doğurduğu fəsadlar bu gün medianın aparıcı mövzusudur...

TARİXDƏN DƏRS

«Azərbaycan» qəzetində dərc edilən «Tariximizə işıq salan sənəd» sərlövhəli məqalədə 1998-ci ildə keçmiş prezident Heydər Əliyevin «Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı dəyərləndirilir.

Fərman 1918-ci il martın 31-də Bakıda daşnak-bolşevik hərbçilərinin törətdikləri kütləvi qırğınların 80-ci ildönümündə verilib.

Müəllif bu fərmanı erməni millətçilərinin hərəkətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi sənəd adlandırır: «1918-ci il martın 31-də kommunist və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımına imza atıblar. Bu soyqırımının əsl hüquqi-siyasi qiyməti Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra verilmişdir».

Daha sonra müəllif yazıda Qarabağ münaqişəsinə diqqəti yönəldir. Yazıda qeyd edilir ki, son 25 ildə Ermənistan havadarlarına arxayın olaraq Azərbaycan torpaqlarını işğal edib: «Ermənistanın 1987-1988-ci illərdən başlayaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe və atdığı hər bir addım beynəlxalq hüquqla qadağan edilmiş zor tətbiq etməyə, digər dövlətin ərazisini ilhaq etməyə əsaslanır».

Müəllif hesab edir ki, müasir dövrdə beynəlxalq terrorizmlə fəal mübarizə aparan dünya birliyi Ermənistanın işğalına daha ciddi yanaşmalı, yaxın tarixdə baş vermiş çoxsaylı insan faciələrinin təkrarlanmasına yol verməməlidir.

Bank
Bank

BÜTÜN DÜZ YOLLAR İSLAHATLARDAN KEÇİR

«Novoye Vremya» qəzetində «Bank sektoru: sağlamlaşdırma görünmür» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, vaxtıkeçmiş kreditlər bank sisteminin əsas problemidir. Bu problem həll edilmədikcə, bank sistemi daha ağır duruma düşəcək.

Yazıda qeyd edilir ki, bir tərəfdən krediti ödəməyin mümkünsüzlüyü, digər tərəfdən bankların kreditorlara psixoloji-fiziki təsirləri çoxsaylı intiharlara, ailə cinayətlərinə və boşanmalara səbəb olur.

Müəllif ölkədə kredit borcları sahəsindəki mənzərəni çatdırmaqdan ötrü Milli Məclisdə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının çıxışından sitat gətirir: «Krediti necə gəldi silmək olmaz. Belə ki, banklarda əmanətlər qalır, məhkəmələrin baxışında 700 mindən çox iş var. Bunun 40%-i və ya 280 min iş bank-müştəri münasibətlərinə aiddir».

Yazıda R.Aslanlı tənqid edilir. Müəllifə görə, o, problemdən danışsa da, bu problemi doğuran devalvasiyalara toxunmayıb: «Başqa sözlə, təkcə bankların mənafeyi barədə deyil, ağır duruma düşən insanların da taleyi barədə düşünmək lazımdır. Bu məsələdə bank və müştəri üçün qarşılıqlı güzəşt nöqtəsi tapılmalıdır».

Müəllif hesab edir ki, məhkəmə çəkişmələri, bankların bağlanması çıxış yolu deyil. Palata düşünüb daha real yol tapmalıdır.

Yazıda vurğulanır ki, bu məsələlərdən çıxış yolu siyasi, iqtisadi və məhkəmə islahatlarından keçir.

İntihar
İntihar

KREDİT VƏ İNTİHARLAR

Musavat.com saytı isə «Kredit borcu olanların intiharında banklar məsuliyyət daşıyırmı?» sualını gündəmə daşıyaraq, problemli kreditlər mövzusunun müzakirəsini ekspert Əkrəm Həsənovla davam etdirir.

Yazıda Şəki şəhərində 55 yaşlı bir şəxsin kredit borcuna görə intihar etməsindən bəhs edilir: «Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, intihara səbəb şəxsin rayonda fəaliyyət göstərən banklardan birinə borclu olmasıdır».

Yazıda qeyd edilir ki, bununla bağlı Şəki rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Müəllif hesab edir ki, son zamanlar bankların borclulara təzyiqləri artıb. Xüsusən də regionlardan tez-tez belə xəbərlər eşidilir: «İnsanların maddi durumu getdikcə artan borcları ödəməyə yetmədiyindən, bəziləri çıxış yolunu intiharda görür».

Daha sonra, müəllif ölümə təhrikdə bank işçilərinin məsuliyyət məsələsini gündəmə gətirir. Hüquqşünas-ekspert Əkrəm Həsənov mövzu ilə bağlı qəzetə bunları deyib: «Əgər şəxsin intiharı sırf bu hadisə ilə bağlı olarsa, qanunvericiliyə görə, bank cinayət məsuliyyəti daşıyır».

Ə.Həsənov deyib ki, CM-nin 125-ci maddəsinin tələbinə əsasən, bu məsələdə təqsirkar şəxsləri üç ildən yeddi ilə kimi azadlıqdan məhrum etmə cəzası gözləyir.

Ekspert bildirib ki, bank işçilərinin zorakılığına əvvəllər də rast gəlinib: «Bank işçiləri və kollektorlar borcluları qorxudur da, alçaldır da, söyür də, döyür də. Vətəndaşlarımız belə hallarla qarşılaşanda, vaxtında polisə şikayət etməlidir».

Manat
Manat

ƏHALİNİN AZALAN GƏLİRLƏRİ

«Exo» qəzetində «Azərbaycan əhalisinin real maaşları və gəlirləri 20 faiz azalıb» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda əhalinin gəlirlərinin azalması ekspert Nəriman Ağayevlə araşdırılır: «Azərbaycanda əhalinin real maaşları və gəlirləri 20 faiz azalıb. Dövlət Statistika Komitəsinin göstəriciləri real gerçəkliyi əks etdirmir, şişirdilmiş olur»,- deyə o qeyd edir.

Ekspert deyib ki, komitənin rəqəmlər üzərində oyun qurması əhalini çaşdırır. Onun fikrincə, 2015-ci ildən başlayan maliyyə böhranı hələ də davam edir və bu, özünü əhalinin gəlirlərində göstərir: «Çoxları işlərini itirib, ixtisara düşüb. Ərzaq və qeyri-ərzaq mallarının qiymətləri qalxıb. İnflyasiya artır və bütün bunlar keçən il ilə müqayisədə bu il gəlirlərin 20 faiz azalmasına səbəb olub».

Müəllif daha sonra MDB-nin ayrı-ayrı dövlətlərində də gəlirlərin azalmasına toxunur. Yazıda vurğulanır ki, bu, əsasən, neft-qaz istehsal edən ölkələrdə özünü göstərir.

Müəllif bildirir ki, orta aylıq maaşın həcminə görə Azərbaycan Cənubi Qafqazın autsayderi durumuna düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG