Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 08:31

Banan 30 faiz bahalaşıb


İlham Əliyev
İlham Əliyev

Azərbaycan iqtisadiyyatının durumu, manata inzibati dəstək, ölkəyə keyfiyyətsiz dərman idxalı və bəzi meyvələrin bahalaşması bu gün medianın aparıcı mövzusudur...

YENİ MƏRHƏLƏ

«Azərbaycan» qəzetində «Azərbaycanın inkişafında yeni mərhələ başlayıb» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, yeni əsrin ilk qlobal iqtisadi böhranı özünü 2008-2009-cu illərdə göstərib və bu, Azərbaycan iqtisadiyyatını da sınaqlarla üz-üzə qoyub: «O zaman ölkə prezidentinin tapşırığı ilə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində onun mənfi təsirləri ölkə iqtisadiyyatında praktiki olaraq hiss edilmədi. Ölkəmiz həmin şəraitdə nəinki iqtisadi tarazlığını qorudu, hətta qeyri-neft sektoru artım nümayiş etdirdi».

Müəllif hesab edir ki, hazırda davam edən böhran 3 il öncə başlayıb.

Yazıda qeyd edildiyinə görə, əksər ölkələrdə iqtisadi artım azalıb: «İqtisadi artıma mənfi təsir göstərən əsas amillər neft və neft məhsullarının qiymətlərinə də təsirsiz ötüşmədi. İqtisadi böhran səbəbindən təklifin tələbi xeyli üstələməsi neft və neft məhsullarının qiymətlərinin 2014-cü ilin ortalarından kəskin aşağı düşməsini şərtləndirdi».

Yazıda vurğulanır ki, bu vəziyyətdə Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət son illərdə ölkənin gəlirlərinin artmasına gətirib.

Müəllifə görə, öz iqtisadi inkişaf modeli ilə Azərbaycan ümumdünya iqtisadi böhranından az əziyyət çəkən ölkə oldu. 2016-cı ilin əvvəlindən başlayaraq qeyri-neft sektorunda genişmiqyaslı və sürətli islahatlar başlayıb.

Vahid Əhmədov
Vahid Əhmədov

MANATA İNZİBATİ DƏSTƏK

Azadliq.info saytı «Manatın məzənnəsi inzibati yolla sabit saxlanmamalıdır» sərlövhəli məqalədə milli valyutanın mövcud durumunu deputat Vahid Əhmədovla müzakirə edir.

Yazıda vurğulayır ki, manatın məzənnəsinin sabit saxlanması cəmiyyətin diqqət mərkəzindədir. Bir müddət öncə ABŞ dolları qarşısında manat ciddi dəyər itirsə də, hazırda vəziyyət əksinədir.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü V.Əhmədov milli valyutanın məzənnəsinin sabit saxlanmasından narahatlığını ifadə edib: «Bu durum manat qıtlığı və ajiotaja səbəb ola bilər. Odur ki, hazırda iki mühüm vəzifəni-manata etimadı, yəni əhalinin milli valyutaya inamını artırmaq, həmçinin, real sektoru inkişaf etdirmək vacibdir»,- deyə deputat qeyd edib.

V.Əhmədov hesab edir ki, manatın məzənnəsinin sabit saxlanması 3-4 ay müddətində effekt verə bilər.

Deputat manatın məzənnəsini uzun müddət inzibati yolla sabit saxlamağı yanlışlıq sayır: «Bu məsələ bazar münasibətləri çərçivəsində, tələb-təklif əsasında tənzimlənməlidir. Belə olmasa, müəyyən problemlər yarana bilər».

V.Əhmədov deyib ki, bazar tələb-təklifi nəticəsində manatın müəyyən səviyyədə dayanmasını təmin etmək lazımdır. Bundan sonra isə qeyri-neft sektorunu inkişaf etdirmək vacibdir.

Dərman
Dərman

KEYFİYYƏTSİZ DƏRMANLARA AÇILAN YOL

«Exo» qəzetində «Bakıda və ölkənin regionlarında fərqli dərman qiymətləri» sərlövhəli məqalə oxumaq olar. Yazıda ekspertlərin düşüncələrinə yer verilir.

Ekspertlərdən Nəriman Ağayev deyib ki, ölkədə dərmanların qiyməti ilə bağlı ictimai monitorinqlər keçirirlər: «Əsasən qiymətlər eyni olur. Bəzən isə sahibkarlar qiymətləri qaldırırlar, amma bu, kütləvi deyil».

N.Ağayev regionlarda fərqli duruma da toxunub. O vurğulayıb ki, nəqliyyat xərclərinə görə regionlarda qiymətlər bir qədər bahadır. Üstəlik, əyalətlərdə bəzi dərmanlar tapılmır.

Yazıda qeyd edilir ki, bəzi dərmanların baha olmasına görə sahibkarlar onları ölkəyə idxal etmək istəmirlər. Amma əhalinin buna ehtiyacı var: «Qiymət məsələsi həm də manatın məzənnəsinə bağlıdır. Manat bahalaşanda, dərmanın qiyməti düşür, manat ucuzlaşanda, qiymət bahalaşır»,- deyə ekspert qeyd edib.

Başqa ekspertlər isə qəzetə deyiblər ki, dərman ticarəti azad bazar tələblərinə cavab vermir. Üstəlik, bəzi dərmanların baha olması üzündən saxta dərman idxalına yol açılır.

Müəllif yazır ki, mövcud qiymət artımları dərman bazarının keyfiyyətsiz mallarla doldurulmasını sürətləndirə bilər.

Banan
Banan

BANAN BAHALAŞIB

«Bizim Yol» qəzetində «Bəzi məhsulların qiyməti sürətlə qalxdı» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, son həftələr əksər meyvə və tərəvəzlərin qiymətinin qalxdığı müşahidə olunur. Meyvələr arasında armud və bananın daha çox bahalaşdığı diqqəti çəkir: «Armud 3 manatdan 5-5.5 manata, banan isə Bakıda 2.5 - 2.6 manatdan 3-3.5 manata, rayonlarda isə 3 manatdan 4 manata yüksəlib».

Müəllif bazarlardakı satıcılara istinadən qeyd edir ki, bayramdan öncə çəkisi 18.5 kq olan bananın yeşiyi 50 manatdan 64 manata qalxıb. Bu, təxminən 30 faiz bahalaşma deməkdir.

Müəllif rəsmi statistikaya istinadən yazır ki, 2016-cı ildə Azərbaycana Kosta-Rika və Qvatemaladan bir il əvvəl ilə müqayisədə daha çox banan gətirilib.

XS
SM
MD
LG