Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:13

'Bəzi iş yerlərində aylarla maaşlar ödənilmir'


Bakıda Novruz şənliyi
Bakıda Novruz şənliyi

Mədəni irisin qorunması, işsizlərin sayının artması, işsizliyin cinayətkarlığa yol açması və paytaxtda qəzalı mənzillər bu gün medianın aparıcı mövzusudur …

DÜNYANIN TANIDIĞI BAYRAM

«Azərbaycan» qəzetində «BMT-də rəsmiləşən bayram» sərlövhəli məqalə dərc edilib.

Yazıda deyilir ki, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Novruz bayramı 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

Müəllif Novruz bayramının tarixi, adətləri və SSRİ vaxtı onun yasaq olunması haqqında ətraflı bilgi verir.

Yazıda bu bayramın UNESCO-nun Qeyri-maddi irs siyahısına salınması böyük uğur kimi dəyərləndirilir: «Böyük zəhmət hesabına UNESCO-nun Qeyri-maddi irs siyahısına salınan arxeologiya, mədəniyyət, mənəviyyat nümunələrimiz dünyada Azərbaycanın eşidilən səsidir. Bu təşkilat bəşəri dəyərlərin dünyada qorunması, onların gələcək nəsillərə çatdırılması istiqamətində ardıcıl iş aparır. Azərbaycanın da qeyri-maddi mədəniyyət nümunələri bu təşkilatın diqqətini çəkib. Milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, aşıq və xalça sənətinin bu təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə reprezentativ siyahısına daxil edilməsi böyük hadisə sayılmalıdır».

Yazıda qeyd edilir ki, BMT martın 21-ni Beynəlxalq Novruz günü elan edilib.

«Qul bazarı»
«Qul bazarı»

BIÇAQLA İŞ AXTARMAQ…

Musavat.com saytında ««Qul bazarı»nda fəhlələrin qanlı davası...» sərlövhəli məqalə oxumaq olar. Yazı iş üstündə fəhlələrin bir-biri ilə dalaşmasıyla bağlı məhkəmə prosesindən bəhs edir.

Müəllif yazır ki, həmin hadisə metronun «Xalqlar Dostluğu» stansiyasının yaxınlığındakı «Qul bazarı» deyilən ərazidə baş verib. Gündəlik iş axtarışına çıxan iki fəhlədən biri iş tapıb, amma onu digəri ilə bölüşməkdən imtina edib. Bu imtina da davaya səbəb olub. Fəhlələrdən biri Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinərək həbs edilib.

Müəllif yazır ki, Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesdə 12 bıçaq zərbəsi alan zərərçəkən də iştirak edib. O, məhkəmədə başına gələnləri belə anladıb: «Biz «Qul bazarı»nda gündəlik iş axtaran adamlarıq. Söküntü, dağıntı işlərinə gedirdik. Noyabrın 9-da bir iş düşdü və mən də getdim. Sonra Fərman mənə zəng elədi ki, «mənim aparatımla iş görməyə gedirsən. Mənə niyə xəbər eləmirsən? Adam kişi olar». Amma həmin gün Fərman bazarda olmadığına görə mən tək getmişdim. 3 gün sonra, noyabrın 12-də Fərmanla bazarda görüşdük. Eyni söhbət üstündə mübahisə etməyə başladıq…».

Bankomat. Karikatura
Bankomat. Karikatura

ALINMAYAN MAAŞ, ÖDƏNİLMƏYƏN BORC...

Azadliq.info-da «Vətəndaş maaş almır, amma kommunal borcları ödəməlidir» sərlövhəli məqalədə müəllif ölkə vətəndaşlarının gündəlik məişət qayğılarını gündəmə daşıyır.

Müəllif yazır ki, Azərbaycandakı mövcud ağır sosial və iqtisadi vəziyyət əksər vətəndaşların həyatına təsirsiz ötüşməyib: «Ötən illərdəki həyat şəraitinə (O qədər də ürəkaçan deyildi və yalnız indiki vəziyyətlə müqayisədə nisbətən daha yaxşı idi) nəzər saldıqda, son vaxtlar sosial çətinliklərin daha da artdığı, gündəlik yaşamın çətinləşdiyi açıq-aşkar müşahidə olunur».

Müəllif qeyd edir ki, durmadan kəskinləşən işsizlik artıq köklü və həllolunmaz bir problemə çevrilib.

Yazıda deyilir ki, bir çox müəssisələrdə ya işçilər kütləvi ixtisar edilir, ya da öz hesablarına müddətsiz məzuniyyətə göndərilirlər: «İşləməyən vətəndaşın öz hesabına məzuniyyətə getməsinin hansı sosial və humanitar məntiqə uyğun olduğunu anlamaq çətindir».

Müəllif yazır ki, Azərbaycanda artıq işləyən insanlar da bir çox problemlərlə rastlaşırlar. Elə iş yerləri var ki orada aylarla əmək haqları ödənilmir.

Yazıda vurğulanır ki, vətəndaş maaş almasa da, kommunal borcları ödəmək zorundadır: «Bunlar azmış kimi, ölkədəki korrupsiya, monopoliya, milli valyutanın kəskin dəyər itirməsi ilə başlayan kütləvi və nəzarətsiz qiymət artımı, siyasi fəalların həbsi hamını narahat edir».

Köhnə bina.
Köhnə bina.

NƏ QƏDƏR QƏZALI MƏNZİL VAR?

«Exo» qəzetində isə «Bakının qəzalı binalarından köçürülməyə 1 milyard manat lazımdır» sərlövhəli məqalə diqqət çəkir. Ekspert Nəriman Ağayev mövzu ilə bağlı qəzetə bunları deyib: «Bakıda qəzalı binalar var ki, vətəndaşlar qorxu və risk altında olsa da, orada yaşayırlar. Bu binalardan köçürülmə 1 milyard manat tələb edir. Bakıda qəzalı evlərin sayı regionlardan çoxdur. Bu evlərin istismar müddəti çoxdan keçib. Hətta əsaslı təmir belə onların ömrünü uzada bilməz».

Ekspert hesab edir ki, yaxın vaxtlarda hökumət dövlət büdcəsindən belə bir məbləği ayıra bilməyəcək.

N.Ağayevin fikrincə, hökumət yalnız sakinlərin həyatına son dərəcə təhlükə olan evləri qəzalı sayır: «Belə binaların sayını dəqiq demək çətindir. Bu binalar əsasən Xəzər, Xətai, Sabunçu, Suraxanı rayonlarında cəmləşib. Bunlar əsasən neft mədənlərində tikilmiş evlərdir ki, istismar müddəti artıq çoxdan bitib və onlar ilk növbədə sökülməlidir».

N.Ağayev deyir ki, sökülməsi lazım gələn ikinci qrup binalar SSRİ-nin birinci beşilliyində (1928-1932-ci illər) tikilənlərdir. Üçüncü qrup sökülməli olan binalar isə «xruşşovka»lardır (1960-cı illərdə tikilib). Onların da sökülmə vaxtı çatıb.

XS
SM
MD
LG