Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 06:59

Azərbaycanlı müxalifətçinin oturumu ləğv edilib


Keçmiş fəal Daşqın Ağalarlı.

Bu gün, martın 21-də Tbilisi Apellyasiya Məhkəməsi azərbaycanlı keçmiş fəal Daşqın Ağalarlının oturumunu ləğv edib. D.Ağalarlıya bu hüququ Tbilisi şəhər Məhkəməsi vermişdi. Apellyasiya Məhkəməsi həmin qərarı ləğv edib.

Bu haqda Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı bilgi verib.

Onun bildirdiyinə görə, məhkəmədə qarşı tərəf qərarın ləğv edilməsindən ötrü yetərli hüquqi dəlillər göstərə bilməyib.

Məhkəmə qərarına əsasən, D.Ağalarlı bundan sonra Gürcüstan ərazisində 1 ay qala bilər. Ardınca ölkəni tərk etməlidir. Əks halda o, deportasiya olunacaq.

Buna da bax:​ FPC azərbaycanlı fəalların xaricdə də təqib edildiyini yazır

Ə.Muxtrlının bildirdiyinə görə, bu müddət ərzində BMT-nin qaçqınlarla işləyən qurumları məsələni diqqətdə saxlamalıdır. Çox güman ki, D.Ağalarlı başqa bir ölkəyə ötürüləcək.

Müxalif fəal D.Ağalarlı 2014-cü il martın 3-də Türkiyədən Gürcüstana keçərkən Batumidə İnterpol xətti ilə saxlanmışdı. Gürcü tərəfi onu əvvəlcə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil vermək istəyirdi.

Azərbaycanın hüquq mühafizə qurumları müxalifətçinin 4500 avro vergi borcunun olmasını əsas göstərərək onu İnterpol xəttilə axtarışa vermişdi. D.Ağalarlı 6 ay Tbilisi təcridxanasında saxlanmışdı. Ancaq Tbilisi şəhər Məhkəməsi Azərbaycan tərəfinin rəsmi ittihamlarını təsdiqləmədiyindən, o, azadlığa buraxılmışdı.

Buna da bax: Tbilisi azərbaycanlı müxalifət fəalı Daşqın Ağalarlını Bakıya vermək istəyir

Daşqın Ağalarlının 48 yaşı var, iki övlad atasıdır. O, milli azadlıq hərəkatının fəallarından biri kimi tanınıb. O, 1992-ci ildə Əbülfəz Elçibəyin hakimiyyəti dövrü Yanacaq Komitəsi sədrinin birinci müavini təyin olunub. 1993-cü ildə Əbülfəz Elçibəy hakimiyyəti devriləndən sonra vəzifədən gedib, qısa müddətə saxlanaraq, sərbəst buraxılıb. Sonrakı illərdə də Müsavat partiyasının üzvü kimi fəaliyyət göstərib.

Britaniyada yerləşən Foreign Policy Center – Xarici Siyasət Mərkəzi adlı müstəqil beyin mərkəzinin 2016-cı ildə açıqlanmış hesabatında da D.Ağalarlının başına gələnlərə yer verilmişdi. Təşkilatın hesabatında müxalifətçinin siyasi baxışlarından dolayı təqib edildiyi bildirilirdi.

Azərbaycan rəsmiləri D.Ağalarlı ilə bağlı hər hansı rəsmi açıqlama verməyiblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG