Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:48

'Ölkə imitasiya zolağından çıxa bilmir'


F.Hollande və İ.Əliyev
F.Hollande və İ.Əliyev

Azərbaycan-Fransa münasibətləri, prezidentin imzaladığı əfv fərmanı, ölkənin bank və tikinti sektorundakı durum bu gün medianın aparıcı mövzusudur…

AZƏRBAYCAN –FRANSA ƏLAQƏLƏRİ

«Azərbaycan» qəzetində «Azərbaycan Fransanın Cənubi Qafqazda əsas iqtisadi tərəfdaşıdır» sərlövhəli məqalə dərc edilib.

Müəllif dövlət başçısı İlham Əliyevin bu günlər Fransaya gerçəkləşən səfərini dəyərləndirir.

Müəllifə görə, dövlət başçısı İlham Əliyevin Fransaya son səfəri ilə iki ölkə arasında inkişafda olan siyasi dialoq yeni mərhələyə qədəm qoyub. Ən əsası isə hər iki tərəf bu dialoqun daha da inkişafında maraqlıdır.

Yazıda prezident İlham Əliyevin bu səfərdə səsləndirdiyi fikirlərdən sitat da gətirilir: «Əminəm ki, Fransa-Azərbaycan əlaqələri gələcəkdə daha da möhkəmlənəcək. Bu gün apardığımız danışıqlar belə deməyə əsas verir».

Müəllif vurğulayır ki, Azərbaycan Fransanın Cənubi Qafqazdakı əsas ticarət tərəfdaşıdır və hazırda iki ölkə arasında ticarət dövriyyəsi 2 milyard dollara yaxındır.

Ə.Kəırimli
Ə.Kəırimli

ƏFVİN İMİTASİYASI

Azadliq.info saytı prezidentin dünən, martın 16-da imzaladığı və ümumilikdə 423 şəxsə şamil edilən əfv fərmanı ilə bağlı AXCP sədri Əli Kərimlinin dəyərləndirməsinə yer verib.

«Əliyevin bu «əfv»i də imitasiya oldu» başlıqlı yazıda əvvəlcə əfv haqqında ümumi bilgi təqdim edilir.

Yazıda qeyd edilir ki, siyahıda siyasi məhbus sayılan şəxslərdən 4-5 nəfərin adı var. Həbsdən azad edilənlər içərisində AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullazadə, bloqqer Əbdül Əbilov, «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidin qohumları da var.

MeydanTV-nin rəhbəri Emin Millinin qayını Nazim Ağabəyov isə şərti azadlıqdan məhrumetmə cəzasından azad edilib.

Yazıda daha sonra isə Əli Kərimlinin dəyərləndirməsi yer alır: «Ölkə imitasiya zolağından çıxa bilmir. Seçki yoxdur, seçkinin imitasiyası var. Ədalətli məhkəmə yoxdur, məhkəmənin imitasiyası var. Humanizm yoxdur, humanizmin imitasiyası var. Vətənpərvərlik yoxdur, vətənpərvərliyin imitasiyası var (siyahını davam edə bilərsiniz). Əfv yoxdur, əfvin imitasiyası var. Bugünkü sərəncam da yalnız əfvin imitasiyası oldu».

E.Axundova
E.Axundova

ƏN BÖYÜK SƏRƏNCAM

Ancaq prezidentin əfv sərəncamını fərqli yöndən dəyərləndirənlər də var.

«Qafqazinfo» saytında «22 ilin ən böyük sərəncamı» başlığı altında deputat Elmira Axundovanın fikirlərinə yer verilib.

Əfv Məsələləri üzrə Komissiyanın üzvü E.Axundova bildirib ki, bu əfv sərəncamı 1995-ci ildən bu yana imzalanmış ən geniştərkibli sənəddir. Bu sərəncam 400-dən yuxarı şəxsə şamil oluna bilər: «Son 1 il ərzində Əfv Komissiyası toplaşmamışdı. Buna səbəb Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın ötən il mayın 28-də amnistiya aktı layihəsi təqdim etməsi idi. İşlər onun icrasına yönəlmişdi. Biz qərara gəldik ki, il ərzində yığılmış ərizələrə baxaq. Beləliklə, komissiyanın 8 iclası keçirildi və tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq prezidentə təqdim edildi».

«Fitch».
«Fitch».

BANK SEKTORUNA «2»

«Novoye Vremya» qəzetində ««Fitch» ölkənin bank sektoruna yenə də «iki» verdi» sərlövhəli məqalə oxumaq olar.

Müəllif hesab edir ki, ölkənin maliyyə sistemi hələ də kövrəkdir: «Agentlik hesab edir ki, valyutanın devalvasiyası hələ də Azərbaycan banklarını təzyiq altında saxlayır. Onlar aktivlərin aşağı keyfiyyəti və yüksək dollarlaşma üzündən kapital çatışmazlığı yaşayırlar».

Yazıda qeyd edilir ki, 2017-ci ildə də Azərbaycanın bank sektorunda inkişaf gözlənilmir.

Müəllif vurğulayır ki, vaxtıkeçmiş kreditlər də durmadan artır.

Yazıda xatırladılır ki, beynəlxalq agentlik bundan əvvəl də Azərbaycanın bank sektoru ilə bağlı bədbin proqnoz vermişdi. Bu, özünü doğrultdu. Ötən il ölkədə 10-dan çox bankın fəaliyyəti dayandırıldı: «Neft pulları xərclənib, iqtisadiyyat yox. İnkişafı necə təmin edəcəklərini, hələ ki, bilmirlər. Məqsədsiz xərclər yenə də davam edir».

Müəllifə görə, bütün bunlar əhalinin bank sektoruna inamını bir qədər də azaldacaq. Nəticədə bu sektorda vəziyyət bir qədər də ağırlaşacaq.

Yazıda bu durumdan çıxış yolu kimi təcili islahatlar göstərilir.

Tikinti.
Tikinti.

AZALAN TİKİNTİ, GEDƏN ŞİRKƏTLƏR

«Exo» qəzetində isə diqqəti «Bütün Azərbaycan boyu tikintinin həcmi azalır» sərlövhəli məqalə cəlb edir.

Müəllif tikinti sektorundakı durumu ekspertlərlə müzakirə edir.

Ekspertlərdən N.Ağayev qəzetə deyib ki, tikinti sektoru, hələ ki, durğunluqdan çıxmayıb: «İlin sonuna kimi tikinti sektorunun ayağa qalxa biləcəyinə ümidlər çox cüzidir. Odur ki, yaxın zamanda bu sahədə canlanma olacağı haqda danışmaq mənasızdır. Ora yönələn investisiyalar isə 2015-16-cı illərdə yarımçıq qalan layihələri tamamlamaq məqsədi güdür. Ona görə də İslam Həmrəylik Oyunları başlayana qədər bunları tamamlamaq istəyirlər».

Ekspertin deməsinə görə, ölkədə yarımçıq layihələrin tamamlanmasına 1 milyard manat lazımdır.

N.Ağayev deyib ki, daşınmaz əmlak bazarında qiymətlərin aşağı düşməsi mənzil tikintisinə də, dövlət sifarişlərinin həcminə də təsir edib. Ölkədə tikinti getsə də, artıq miqyas əvvəlki deyil.

Daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov isə qəzetə deyib ki, kommersiya şirkətləri bazarı tərk etməkdədir. Onun bildirməsinə görə, bu şirkətlər çoxsaylı tikintiləri yarımçıq saxlayaraq bazarı tərk ediblər. Ekspert bu vəziyyəti kreditləşmə və investisiya cəlb etmək problemləri ilə izah edib.

XS
SM
MD
LG