Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 06:28

Fariz Bayramov. Bu romanlar hər birimizin uşaqlığından keçib


Fariz Bayramov.
Fariz Bayramov.

"Bir neçə gündü ki ağlımda uşaqlıqda oxuduğum romanlar var. Nədəndir bilmirəm, bəlkə darıxmışam o günlər üçün, ona görədi. Ancaq onu bilirəm ki, bir neçə gündü beynimdə dolaşan xatirələri sizlərlə bölüşmək istərdim".

Fariz Bayramov

Bu romanlar hər birimizin uşaqlığından keçib

Uşaqlığım 90-cı illərə düşüb. Həm də Saatlının ucqar kəndlərindən birində keçib. Sovet dönəmi yazıçılarımız demişkən, zaman o zaman idi ki, ölkədə qıtlıq idi. Müharibə başlamış və bitmiş, kasıblıq və yoxsulluq hökm sürməyə başlamışdı.

Bütün bu sosial çətinliklər zamanında kitab haqqında düşünməyin özü belə insanda bir cəsarət, həvəs, istək tələb edirdi.

Düzdür, müharibədən öncə kitab oxuyan insanların sayı xeyli çox idi. Mən gözümü açandan bəri atamın, böyük qardaşımın, bacımın, nənəmin, bibilərimin əlində kitab görmüşdüm və yəqin ki mütaliə həvəsim də ordan qaynaqlanıb. Bəlkə də genimizdə var bu, nə bilim?… Babam 1948-ci ildə Ermənistandan köçürülmüş məcbur köçkünlərdən idi. Bircə bundan götürün ki, o qaçqınlıq zamanı Ermənistandakı kəndlərində nə kitabları vardısa, hamısını gətirmişdi. Əliağa Vahidin 30-cu illərdə köhnə latın əlifbası ilə nəşr edilmiş qəzəllər kitabı indiki kimi yadımdadı. Bəlkə də indi babamın kənddəki evini yaxşı axtaran olsa, həmən kitab tapılar. Qaçqınlıq dövründə kitablarını kəndlərində buraxmayıb aranın ilan mələyən rayonuna kimi gətirən insanın kitab sevgisini özünüz düşünün artıq…

Buna da bax: "Kitabsevərlər" qrupu ilə həvəskar oxucudan peşəkara necə çevrilmək olar...

Bir neçə gündü ki ağlımda uşaqlıqda oxuduğum romanlar var. Nədəndir bilmirəm, bəlkə darıxmışam o günlər üçün, ona görədi. Ancaq onu bilirəm ki, bir neçə gündü beynimdə dolaşan xatirələri sizlərlə bölüşmək, həm öz içimi boşaltmaq, həm öz yaşıdlarım olan kitabsevərləri keçmişlərinə səyahət etdirmək, indiki uşaqlar üçün faydalı ola biləcək romanları həm uşaqlar, həm valideynlər üçün sadalamaq, ən əsası isə aidiyyatı qurumlara; nəşriyyatlara, təhsillə məşğul olan idarələrə, uşaq ədəbiyyatının inkişafına cavabdeh olan kəslərə bəzi mesajları verməkdi.

Fariz Bayramov.
Fariz Bayramov.

Neçə yaşımdan oxuduğumu həqiqətən xatırlamıram. Həmişə də deyirəm, ilk oxuduğum kitab yəqin ki hansısa nağıl kitabı və ya hansısa dastan olub. Amma indi yadıma gələn uşaqlıq kitablarımı bir- bir xatırlamaq istəyirəm.

Neçə yaşımda olduğum yadıma gəlmir, amma kitab yadımdadı: cildi cırlımış bir kitab idi, içində isə, cürbəcür macəralara atılan bir neçə uşaqdan bəhs edirdi. Əyyaş atasının hərəkətlərindən bezən, özü də sərgərdan bir həyat yaşayan Hek adlı bir yeniyetmədən danışılırdı. Bir neçə ildən sonra biləcəkdim ki, bu kitab Mark Tvenin “ Heklberri Finnin macəraları “ romanı imiş.

Sonra babamın kitabxanasından qalın bir kitab tapmışdım. İlahi, necə yeni bir dünya açılmışdı mənim gözlərim qarşısında. Bir dünya səyahəti, atalarını axtaran iki yeniyetmə gənc bacı – qardaş, onlara kömək edən vicdanlı ər- arvad, kiçik səyahət gəmisi olan “Dunkan“, huşsuz coğrafiya alimi Paqanel, soyuqqanlı mayor Mak – Nabs və s. Coğrafiyadan həmişə əla qiymət alan və coğrafiya dəlisi olan mən, bu əsəri acgözlüklə və həyatım boyunca indiyədək ən azı 10 dəfə oxudum. Cənubi Amerikaya və Avstraliyaya olan səyahətlər mənim üçün əsl məlumat mənbəyi idi və mən indinin özündə də bu romana - Jül Vernin “Kapitan Qrantın uşaqları“ romanına - bu məlumatlara görə minnətdaram.

Robinzon Kruzo ilə tanış oldum bir gün. Onunla bir adaya düşdük, çətinliklərdən keçdik, dualar etdik, ac qaldıq, susuz qaldıq, özümüzə ev tikdik. Yaşamağı öyrəndik…

Uşaq vaxtı çox da xəstələnən deyildim. Arabir xəstələnərdim, onda da yaman bərk xəstələnərdim. Əksər hallarda bu xəstəlik qızdırma ilə müşaiyət olunurdu. Yadımdadı, hardasa 6-cı sinifdə oxuyardım, belə günlərin biri idi, neynirdimsə yata bimirdim. Hər zamankı kimi, xəstə olanda başımızın üstündən çəkilməyən anam, yata bilmədiyimi görüb yaman narahat idi. İşıqlar da həmişəki kimi sönmüşdü. Axır bu yuxusuzluğun boşa getməməsi üçün, anamdan neft lampasını yandırmasını və dünəndən dayımgildən tapıb gətirdiyim göy üzlü kitabı mənə gətirməsini xahiş etdim. Anam istəyimə təbii ki tez əməl etdi, lampanı yandırıb “Tom Soyyerin macəraları“ adlı kitabı gətirdi. Kitabı açdım və köhnə dostlarımla rastlaşdım: aman Allah, Heklberri Finnin nə işi var idi burda?! Bir macəra, bir maraq, bir axıcılıq… O uşaqlar hamısı elə lap mənim kimi düşünürdülər və mən buna heyrət edirdim. Özümü kitaba necə qapdırdımsa…Yəqin inanmayacaqsız, amma mən 38 dərəcə qızdırmada, səhər günəş doğanadək o kitabı oxuyub bitirdim.

Buna da bax: Yalançı “kitabsevər”lərə açıq məktub

Bir dəfə nənəmgilin evinin “krışasında“ olan köhnə jurnallar, dəftərlər, kitablar arasında narıncı üzlü bir kitab tapdım. Adı cəlbedici idi: “Gödək qılınc “ . Atamın əlində arabir gördüyüm, amma oxuyarkən heç nə anlamadığm “Arbat övladları“ romanının yazıçısı bu kitabın da müəllifi idi deyəsən. Hər iki kitabı Anatoli Rıbakov yazmışdı. Uşaq ağlımla əvvəlcə fikirləşdim ki yəqin bu kitabdan da nəsə anlamayacam. Amma elə ilk səhifələrdən kitab məni çəkdi apardı. Balaca uşaqların bütün çətinliklərə rəğmən gənc inqilabçıya kömək etməkləri məni əməlli- başlı riqqətə gətirmişdi.

Astrid Lindgrenin azərbaycanca çıxan kitabının üz qabığı.
Astrid Lindgrenin azərbaycanca çıxan kitabının üz qabığı.

Babamın kitabxanasında rast gəldiyim qalın cildli, amma özü nazik olan bir kitab da diqqətimi çəkmişdi. Astrid Lindqrenlə ilk tanışlığım da məhz bu “Biz Slatkrok adasındayıq“ əsəri ilə oldu. Əsərdəki həm uşaqlar, həm yeniyetmələr, həm də böyüklər haqda olan hadisələrin gedişatı kitabı bitirmədən ayağa durmamağıma səbəb oldu. “Balaca və damda yaşayan Karlson”un üstündə bu yazıçının imzasını görən kimi kitabxanadan götürərək iki günə bitirib geri qaytardım. Hələ də ən sevimli romanlarım sırasındadı.

“Bülbülü öldürmək“ haqda danışmayım, çünki bəlkə də ölkədə mən qədər bu roman haqda danışan, yazan, təbliğ edən və sevən ikinci bir kəs yoxdur. Nənəmin təkidlə oxumamı istədiyi və 9-cu sinifdə ilk dəfə oxuduğum bu kitab bu yaşımda belə ən sevdiyim, 1 nömrəli roman olaraq qalmaqdadır.

Fantastik romanlara meylimin təməli yəqin ki Ladıginin “Qoca Xəttabıç“ romanı ilə qoyulmuşdu. Janr olaraq fantastik sayılmasa da, nağılvari cərəyan edən hadisələr mənim üçün əsl fantastika idi. Klassik şərq nağıllarında olduğu kimi, dənizdən tapılmış butılkanın içindən çıxan Ömər ibn Xəttab adlı cinlə, Moskva sakini bir pioner olan Volka Kostılkovun başına gələnlərdən bəhs edirdi. Varın siz təsəvvür edin olacaqları.

Əsl fantastika, həm də elmi- fantastika sevgim “ Professor Douellin başı “ əsəri ilə başladı. Ardıyca “Amfibiya adam”, sonra isə “Dumanlı Andromeda“, “Mühəndis Qarinin hiperbeloidi “ əsərlərini oxudum.

“Qulliverin səyahəti”ni bir nağıl kimi oxumuşdum. Hələ illər sonra bu kitabı yenidən oxuyanda əsl məğzini anlayacaqdım. “Don Kixot“un da ixtisarla olan nəşrini həzmi-rabedən keçirdərkən əsl mənasını tuta bilməmişdim. Amma şüuraltıma yerləşmişdi bir şeylər.

Buna da bax: Yeddi il öncə yaranmış "Kitabsevərlər qrupu" İctimai Birliyə çevrilir

Kuperin “Sonuncu mogikan“ı , Stivensonun “Dəfinələr adası”, Lüi Büssenarın “Kapitan Dəlibaş”ı , Mayn Ridin “Başsız atlı”sı, Şarl de Kosterin “Ulenşpigel əfsanəsi“, Arkadi Qaydarın “Timur və onun komandası“, Haqverdiyevin “ Xortdanın cəhənnəm məktubları“, Mirzə Cəlilin hekayələri, “Danabaş kəndinin əhvalatları“, Yanuş Pşimanovskinin “Dörd tankçı” kitabı… Saymaqla bitməyən uşaqlıq xatirələrimdi bu kitablar.

Bütün bu saydıqlarım heç də tam siyahı deyil. Hamısını xatırlayıb yazmağa vaxt gərəkdir. Ayrıca, bir yazıya hamısını da yerləşdirmək mükün deyil.

Bu kitablarla daha doğru-düzgün bir gənclik yetişdirmək mümkündür, əgər belə bir gənclik arzulayırıqsa, gərək bu kitabları təbliğ edək. Mütaliəli bir gənclik istəyiriksə, qolları çırmalamaq vaxtıdı!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG