Keçid linkləri

2017, 21 Avqust, Bazar ertəsi, Bakı vaxtı 16:13

Bu gün, martın 14-də Ali Məhkəmə həbsdəki gənc fəal Qiyas İbrahimovun kassasiya şikayətinə baxıb. Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi İmran Hacıqayıbovun sədrlik etdiyi məhkəmə heyəti şikayəti rədd edib.

Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə Bakı Ağır Cinayətlər Məhkəməsinin onları 10 il azadlıqdan məhrum edən hökmündən apellyasiya şikayəti vermişdilər. Həmin şikayət üzrə Bakı Apellyasiya Məhkəməsinin verdiyi ilkin qərardan Ali Məhkəməyə müraciət edilib.

Buna da bax:​ ABŞ-in insan haqları hesabatında Azərbaycanda 'butulka işgəncələri'ndən bəhs edilir

Ali Məhkəmədəki çıxışında gənclərin vəkili Elçin Sadıqov ilkin baxış iclasının qərarının qanunsuz olduğunu bildirib.

Vəkil qeyd edib ki, birinci məhkəmə instansiyasında icraat qanunsuz aparılmışdı, gərəkli məhkəmə istintaqı təmin edilməmişdi. Bakı Apellyasiya Məhkəməsi isə ilkin baxış iclası zamanı müdafiə tərəfinin ədalətli hökm verilməsindən ötrü vacib olan vəsatətlərini təmin etməyib.

“Bizim 20-dən artıq vəsatətimiz olmuşdu. Bu vəsatətlərin təmin olunması işin ədalətli araşdırılması baxımından çox vacib idi. Məhkəmə qərar verərkən vəsatətlərin heç birini təmin etmədi”, - deyən vəkil məhkəmədən ilkin baxış iclasının qərarının ləğv edilməsini istəyib.

Buna da bax: HRW: 'AB Azərbaycan hökumətinə təzyiq göstərsin'

Məhkəmə heyəti şikayəti rədd edib.

Xatırlatma

Qiyas İbrahimov digər gənc fəal Bayram Məmmədovla birgə 2016-cı il mayın 10-da saxlanıb. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2,904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Onunla birlikdə saxlanan Q.İbrahimovdan da 2,607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə 1 kiloqram 10 qram heroin tapıldığı bildirilib. Ancaq gənclər bu ittihamları qəbul etmir və keçmiş prezident Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» şüarı yazdıqlarına görə, həbs olunduqlarını bəyan ediblər.

Gənclərin hər ikisi Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi də hər iki fəal haqqında hökmləri qüvvədə saxlayıb.

Buna da bax:​ Qiyas İbrahimovun işindən Ali Məhkəməyə şikayət olunub

“Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı B.Məmmədov və Q.İbrahimovu “vicdan məhbusu” elan edib. Yerli və beynəlxalq insan haqları təşkilatları onlarla məhbusun siyasi motivli ittihamlarla cəza çəkdiyini bildirir. Amma hakimiyyət təmsilçiləri onların “siyasi məhbus” olmasını qəbul etmir, konkret cinayətlərə görə cəzalandırıldığını bəyan edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG