Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 22:41

'İqtisadiyyat neft asılılığından azad olmadı'


Qaz kəmərinin tikintisi
Qaz kəmərinin tikintisi

Avropanın qaz təminatında Azərbaycanın rolu, MSŞT-da fəaliyyətin dayandırılması, iqtisadi tənəzzüldən çıxış yolları bu gün medianın aparıcı mövzusudur...

ETİBARLI ENERJİ TƏCHİZATÇISI - AZƏRBAYCAN

«Azərbaycan» qəzetində «Etibarlı enerji təchizatçısı kimi Azərbaycanın beynəlxalq aləmdə rolu artır» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, Azərbaycan qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilib və ölkənin mövqeləri güclənməkdə davam edir: «Enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın öncül mövqeyə çıxması danılmaz reallıq kimi diqqəti çəkir».

Yazıda qeyd edilir ki, Azərbaycanın enerji siyasəti ölkəyə, xalqa və bütün regiona böyük fayda verir. Neft-qaz resursları bir tərəfdən ölkə iqtisadiyyatını, digər tərəfdən isə beynəlxalq mövqeyi möhkəmləndirir.

Müəllifin fikrincə, prezident İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsində Azərbaycanın nəinki enerji müstəqilliyi təmin olundu, hətta ölkə Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi.

Yazıda vurğulanır ki, neft strategiyasının uğurları bu gün artıq hər bir vətəndaşın həyatında qabarıq hiss edilir və Azərbaycanın davamlı yüksəlişinə imkanlar açır: «Azərbaycanı zəngin və qüdrətli dövlətə çevirməyi qarşısına məqsəd qoyan prezident İlham Əliyev iqtisadi sahədə böyük uğurların qazanılmasını təmin etməklə, verdiyi hər bir vədini əməli işi ilə doğruldur».

İlham Əliyev və Heydər Əliyev
İlham Əliyev və Heydər Əliyev

ŞƏFFAFLIQ SƏRF ETMƏYƏNDƏ

Azadliq.info saytında ««Qeyri-şəffaf»ın «şəffaflıq»da nə işi vardı ki…» sərlövhəli məqalə oxumaq olar.

Yazıda müəllif Azərbaycanın Mədən Sənayesində Şəffaflıq Təşəbbüsündə (MSŞT- EITI) fəaliyyətinin dayandırılması və bunun ardınca da bu qurumdan çıxması dəyərləndirilir.

Müəllif bu baş verənləri ölkənin son vaxtlar ən səs-küylü məsələsi adlandırır: «Belə ki, martın 8-9-da MSŞT Beynəlxalq İdarə Heyətinin Kolumbiyanın paytaxtı Boqota şəhərində keçirilən 36-cı toplantısında Azərbaycanın məsələsi müzakirə olunurdu və uzun müzakirələrdən sonra ölkənin bu beynəlxalq qurumda fəaliyyəti dayandırıldı».

Yazıda qeyd edilir ki, bu qərarın verməsinə başlıca səbəb kimi Azərbaycan hökumətinin islahatlar həyata keçirmədiyi göstərilir.

Qərarı ədalətsiz hesab edən Azərbaycan hökuməti isə buna etiraz olaraq ümumiyyətlə, MSŞT-dən çıxdığı barədə bəyanat yayıb.

Müəllif hesab edir ki, bu addım hökumətin müalicəyə müsbət reaksiya verməməsi, şıltaqlıqlarından əl çəkməməsi, əvəzində isə «gedin müalicənizi başqa yerdə davam etdirin» cavabı almasıdır: «MSŞT səbir etdi, dözdü, ümidlə yaşadı ki, islahatlar olar. Amma sonunda Azərbaycan hökuməti «biz islah olmayacağıq» cavabını verdi».

Müəllifə görə, bu baş verənlər bir daha sübut etdi ki, Azərbaycan hakimiyyəti islahatlar istəmir: «Avtoritar rejimlər arasında nüfuz sahibi olan bir komanda gərək əvvəldən bu «tələ»yə düşməyəydi. Adında «şəffaflıq» sözü olan koalisiyada bizim hökumət öz potensialını nümayiş etdirə bilməz», -deyə müəllif zarafatla yazır.

Böhran. Foto illüstrasiya
Böhran. Foto illüstrasiya

«NƏ ETMƏLİ?»

«Novoye Vremya» qəzetində «İqtisadiyyatda vəziyyət pisləşir, nə etməli?» sualına cavab axtarılır.

Müəllif hesab edir ki, bank sisteminin səmərəsizliyi, böhran hallarına uyğunlaşmaması ölkə iqtisadiyyatına ölümcül zərbə vurub: «Bununla birgə korrupsiya, talançılıq, bəzi banklarda milyardlara vəsaitin dağıdılması bu və ya digər şəkildə dövlətin qızıl-valyuta ehtiyatlarına zərbə olub. Bu isə Azərbaycanın xarici borcunun yaranmasına gətirib çıxarıb».

Yazıda qeyd edilir ki, indi ölkənin xarici borcu Ümumi Daxili Məhsulun 20 faizinə bərabərdir.

Müəllif vurğulayır ki, 2017-ci ilin fevralında ümumilikdə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 16 milyard manat təşkil edib: «Yanvar ayı ilə müqayisədə bu, təqribən 280 milyon manat və ya təqribən 2 faiz çoxdur. İllik müqayisədə ölkə iqtisadiyyatına kredit qoyuluşu 353 milyon manat azalıb».

Yazıda deyilir ki, iqtisadiyyata kredit qoyuluşunun azalması bankların durumu ilə bağlıdır. Müəllif bildirir ki, ölkədə problemli kreditlərin də həcimi durmadan artmaqdadır: «Aydındır ki, iqtisadiyyatda böhran dərinləşdikcə, vətəndaşların sosial durumu pisləşdikcə, problemli kreditlərin həcmi də artacaq».

Yazıda qeyd edilir ki, bu vəziyyətə baxmayaraq, banklar kreditlər üzrə faizləri azaltmaq barədə düşünmürlər. Ölkə banklarındakı durğunluq isə iqtisadiyyatın inkişafına maneədir: «Ən ağrılısı budur ki, bu halda yaxın perspektivdə durumun yaxşılaşacağı da görünmür. Ona görə ki, iqtisadiyyat hələ də neft asılılığından azad ola bilmir. Korrupsiya, inhisar qalmaqda davam edir».

XS
SM
MD
LG