Keçid linkləri

2017, 17 Avqust, Cümə axşamı, Bakı vaxtı 11:42

Öldürməmək hüququ nədir? - Eynşteyndən Rotterdamlı Erazma qədər izah edirlər


Belarusiyada İkinci Dünya Müharibəsində öldürülümüş şəxslərə qoyulmuş abidə.

Əgər müharibə siyasətin davamdırsa, onda müdrüklük bu davamın yerinə sülhü istifadə etməyi buyurur. Oxu Zalı Tolstoy, Einstein, Hugo, Ghandi və başqa böyük dünya müdrüklərinin əsərlərində müharibə əleyhinə, pasifizm və öldürməmək hüququ ilə bağlı yer verdikləri fikirlərini təqdim edir.

Mahatma Gandhi

Mahatma Gahndi
Mahatma Gahndi

“Qeyri-zorakılığa inamım” kitabından

Sevgi qanunu, cazibə qüvvəsi haqqında qanun kimi işləyir, bizim onu qəbul edib etməməyimizdən asılı olmayaraq mövcuddur.

Alim təbiət qanununlarını müxtəlif cür tətbiq edərək möcüzələr yaratdığıtək, sevgi qanununu alim səliqəsilə tətbiq edəcək insan da daha böyük möcüzələr doğura bilər. Qeyri-zorakılıq qüvvəsi, hüdudsuz olmaqla bərabər təbiətin fiziki qüvvələrindən, məsələn, elektrik qüvvəsindən daha həssas və möcüzəlidir. Sevgi qanununu bizlər üçün kəşf etmiş insanlar istənilən müasir alimdən daha böyük alim olmuşlar. Yalnız, tədqiqatlarımız hələ kifayət deyil, buna görə də nailiyyətləri hər kəs görə bilmir. Hər halda, çalışmaqda mənə kömək edən xəyalım (əgər bu, xəyalsa) bunu göstərir. Bu qanun üzərində nə qədər çox işləyirəmsə, həyatda, kainatımızın quruluşunda bir o qədər çox fərəh hiss edirəm. Bu mənə əmin-amanlıq və təbiətin təsvir etməkdə gücsüz olduğum sirlərinin izahını gətirir.

Buna da bax: Osho, Krishnamurti, Əli Şəriəti... Bizə hansı yol göstərə bilər...

Bertrand Russel

Bertrand Russel.
Bertrand Russel.

“Avropa ziyalılarına çağırış” məqaləsindən

Avropa xalqları arasındakı bütün önəmsiz və mikroskopik fərqlər müharibənin əyri güzgüsündə iri ölçülərdə böyüyür və onların fövqəladə önəminə şübhə dövlətə xəyanət sayıla bilir.

Müharibə başlanana qədər hər bir təhsilli insan Avropa millətləri arasında eyniliklərin fərqlərdən ölçülməz dərəcədə çox olduğunu bilir və etiraf edirdi, hər bir savadlı şəxs etiraf etməsə də, bunu indi də başa düşür. Cürbəcür konqress, konfrans və beynəlxalq təşkilatlar sivilizasiyanın inkişafında ümumi hədəfin, ümumi vəzifələrin dərk olunduğunu göstərirdi. Günlərin bir günü bunların hamısı unuduldu. Əməkdaşlığın genişləndirilməsi üçün qurulmuş elmi müəssisələrin birdən-birə fəaliyyətini dayandırıb, adi bayağı nifrətə meydan verərək susdu.

Əzəmətinə baxmayaraq bu müharibə, bayağıydı. Tərəflər ortaya nə bir böyük prinsip, nə nəhəng ümuminsani məqsəd qoymamışdı. Uğrunda mübarizə aparıldığı deyilən ideallar isə boş əfsanələrdən başqa bir şey deyildi. Beləcə hər bir xalq müharibəni rəqibin başladığı iddiası üzərində israrla dayanmağa davam edərək sülhə kölgə salır.

Nəzərdə tutulan və uğrunda müharibə aparılan ideallar yalnız əfsanədir... Hər bir millət müharibəni rəqibin başladığı iddiası üzərində israrla durur və bu sülhü çətinləşdirir. Bu iddiaların üzərində hər iki tərəfin bərk-bərk dayanması, eyni əqidəni daşıması faktı onların şüura əsaslanmadığına, xurafatdan ilhamlandığına şahidlik edir... Bu müharibə bircə damla da şüurlu məqsəd xatirinə aparılmır. Millətlər vuruşmaq istədiyinə görə aparılır və onlar qətiyyətlə qələbəyə kökləniblər. Bütün qalanları boş söhbətdir, instiktiv hərəkətlər və ehtirasları izah etməyə süni cəhddir...

Lev Tolstoy

Lev Tolstoy
Lev Tolstoy

“Hərb və sülh” romanı, III cild.

Müharibə lütfkarlıq deyil, həyatda ən əclaf işdir, bunu başa düşmək və dava-dava oynamamaq gərəkdir. Bu dəhşətli zərurəti ciddi qəbul etmək lazımdır. Hər şey burasındadır: yalanı kənara atmaq lazımdır, müharibə müharibədir, oyuncaq deyil. Həmçinin, müharibə avara və yüngülməcaz adamların sevimli əyləncəsidir...

Hərbi təbəqə ən şərəfli zümrədir. Bəs müharibə nədir, hərbi işdə uğur üçün nə lazımdır, hərbi cəmiyyətin hansı xüsusiyyəti var? Müharibənin məqsədi - qətl, silahları - casusluq, xəyanət və onun təşviqidir, ordunun ərzağı üçün dinc sakinləri talan və qarət etmək, yaxud oğruluqdur; hərbi hiyləgərlik adlandırılan aldatma və yalandır; hərbi təbəqənin xüsusiyyətləri azadlığın olmaması, yəni intizam, avaralıq, nadanlıq, amansızlıq, əxlaqsızlıq, sərxoşluqdur. Buna baxmayaraq, bu hamının hörmət etdiyi ali təbəqədir. Çininkindən başqa, digər hökmdarların hamısı hərbi mundir geyinir və daha çox adam öldürənə daha artıq bəxşiş verirlər...

Müharibə tərəfləri günü sabahdan bir-birini öldürmək üçün yığışıb, on minlərlə insanı qıracaq, şikəst edəcək, sonra xeyli (dayanmadan ölüm sayları artır) insan qırdıqlarına görə Tanrıya minnətdarlıq duası edəcək və nə qədər çox adam qırılsa, xidmətin daha böyük olduğunu sanaraq, qələbəni elan edəcəklər. Görəsən, tanrı göylərdən onlara necə tamaşa edir, necə dinləyir!

Buna da bax: Söz yığını, cəfəngiyyat - Tolstoy "Hərb və sülh"ü belə görürdü

Victor Hugo

Victor Hugo.
Victor Hugo.

“Paris Sülh Konqresində nitqi”ndən

Sülh nəticədir. Sübhü dekretlə təşkil etmək mümkün olmadığı kimi, sülhü də dekretlə tətbiq etmək olmaz.

İnsanın vicdanı sosial gerçəkliklə tarazlıq halında olduğunu hiss edəndə; xalqların dağınıqlığı qitələrin birliyinə meydan verəndə; istila adlanan işğallar və kral hakimiyyəti adlanan qəsbetmələr yox olanda; heç kəs, istər ayrıca şəxs, istərsə də bütöv millət olsun, qonşuya ziyan vurmayanda; kasıb əməyin zərurətini, varlı isə zəhmətin əzəmətini dərk edəndə; insandakı maddi başlanğıc ruhaniyyətə tabe olanda; istəklər şüur tərəfindən cilovlara vurulanda; köhnə - almaq - qanununun yerinə yenisi – anlamaq qanunu gələndə; qəlblərin qardaşlığı kişi və qadın arasındakı harmoniyaya istinad edəndə; uşaq ataya hörmət, ata isə uşağa ehtiram göstərəndə; yaradanın hakimiyyətindən qeyri hakimiyyət olmayanda; heç bir insan başqasına: “Sən mənim heyvanımsan!” - deyə bilməyəndə; çoban yerini həkimə, qoyun arxacı (“arxac” demək - “qəssabxana” deməkdir) isə məktəbə verəndə; siyasi vicdanlılıqla sosial vicdanlılıq arasında bərabərlik olanda; aşağılarda Tropman mümkün olmadığı kimi, yuxarılarda da Bonapart mümkünsüz olanda; ruhani özünü hakim, hakim isə özünü ruhani hiss edəndə, yəni din doğruçu, qanunlar pulla satılmaz olanda; millətlər arasındakı sərhədlər silinəndə, xeyir və şər arasındakı sərhədlər isə bərpa olunanda; hər bir insan özlüyündə öz vicdanlılığından daxili vətən yaradanda sülh bərqərar olacaq.

Gün günəşin çıxması, sülh isə haqqın yüksəlməsi sayəsində bərqərar olur.

Martin Luther King

Martin Luther King
Martin Luther King

“Düşmənlərinizi sevin” nitqindən

Birincisi, bizlərdən hətta ən pislərində belə xeyrin, ən yaxşılarımızda isə şərin hissəcikləri vardır.

İkincisi, bunu dərk edəndə düşmənlərimizə nifrət etməyə daha az meylli oluruq. Problemin dərinliyinə baxanda, şərin ehtirası ilə edilənin səbəbini axtaranda yaxınımızdakı düşməndə xeyrin zərrələrini tapırıq və onun hərəkətlərinin, qüsurluluq və bədniyyətliliyinin bizə bu insan barəsində tam mənzərə vermədiyini anlayırıq. Onu yeni işıqda görməyə başlayırıq. Onun nifrətinin qorxu, qürur, bilgisizlik, yanlış yola düşmə və qarşılıqlı anlaşmanın olmamasının nəticəsi kimi dərk edirik, lakin, bütün bunlara baxmayaraq, hər bir insanın qəlbinin dərinliyində Tanrı möhürü olduğunu bilirik. Hələ tam korlanmadıqlarını və İlahimizin hər şeyi bağışlayan məhəbbətinin onlara da toxuna biləcəyini başa düşərək, düşmənlərimizi sevməyə başlayırıq.

Üçüncüsü, biz düşmənimizin məğlubiyyət və alçalmasına deyil, dostluğuna və qarşılıqlı anlaşmasına can atmalıyıq. Düşmənlərimizdən ən pisini aşağılamağa qadir olduğumuz zamanlar yetişir. Qaçılmaz olaraq, onun zəifliklərinin aşkara çıxdığı saat gəlib çatır və biz qələbə nizəsini ona sancmaq imkanını əldə edirik. Ancaq bunu etməməliyik. Hər bir deyilmiş söz və hər bir atılmış addım qarşılıqlı anlaşmanın özülündə kərpic olmalı, nifrətin keçilməz divarları arxasında gizlənmiş xeyrin nəhəng ehtiyatlarını azad etməlidir.

Buna da bax: Tolstoy: "Vətənpərvərlik ziyanlı hissdir, o, bütün vasitələrlə boğulmalı, məhv edilməlidir”

Erich Maria Remarque

Erich Maria Remarque
Erich Maria Remarque

“Qərb Cəbhəsində sakitlikdir” romanından

Mən gəncəm - iyirmi yaşım var, amma həyatda gördüklərimin hamısı ümidsizlik, ölüm, qorxu və ən axmaq sürünmənin hüdudsuz əzablarla qarışığıdır.

Kiminsə bir xalqı digərinə qısqırtmasına şahid oluram və adamlar nə etdiklərini bilməyərək, günahlarını dərk etməyərək, özgələrin ssenarilərini oynayaraq, çılğıncasına korlaşmaqla, bir-birini öldürür. Bəşəriyyətin ən yaxşı zəkalarının bu dəhşəti uzatmaqdan ötrü silah ixtira etdiklərini və müharibəyə bəraət qazandırmaqdan ötrü daha zərif sözlər tapdıqlarını görürəm. Mənimlə bərabər bunu, bizdə və onlarda, bütün dünyada mən yaşda olan bütün insanlar görür, bunu bütün nəslimiz yaşayır. Nə vaxtsa qəbirlərimizdən qalxanda, qarşılarında dayananda və hesab tələb edəndə atalarımız bizə nə cavab verəcək? Müharibənin olmayacağı günə kimi yaşasaq, onlar bizdən nə gözləsinlər? Uzun illər boyu öldürməklə məşğul olduq. Bu bizim vəzifəmiz idi, həyatımızda ilk vəzifəmiz. Həyat barəsində bildiklərimizin hamısı ölümdür. Sonra nə olacaq? Başımıza nə gələcək?

Albert Einstain

Albert Einstein
Albert Einstein

“Dünya mənim gördüyüm kimi” essesindən

Əmr olunmuş qəhramanlıq, mənasız zorakılıq və vətənpərvərlik uğruna baş verən bütün hərəkətlərin cəmi – mən onlara necə də ağrı ilə nifrət edirəm.

Müharibə mənə necə də mənfur, alçaq və iyrənc iş kimi görünür. Bu iyrənclikdə iştiraka razılaşmaqdansa, tikə-tikə parçalanmağa hazıram. Xalqların sağlam şüuru sistematik, azğın təbliğatla susdurulmasaydı, bu iyrənc kabusun çoxdan yox olacağına inanmaqdan ötrü insan irqi barədəki fikrim qədərincə yüksəkdir.

Bizim üçün təbiətin sirləri ən gözəl təəssüratların mənbəyidir. Bunlar həqiqi sənətin və əsl elmin beşiyi başında dayanan fundamental emosiyalardır. Bunu kim bilmirsə, təəcüblənmə və heyrətlənmə qabiliyyətini itirmiş ölüdür və onun gözləri sönükdür. Axı sirli hadissələrlə bağlı təəssüratlar (hətta əgər qorxu ilə qarışıbsa) dini doğurub. Dərketmə üçün, nə isə, keçilməz olanın bilinməsi, ağlımızın yalnız ən primitiv formada dərk etdiyi dərin səbəbləri və ən şüalı gözəlliyi qavramamız – məhz bu bilgi əsl dini yaradır. Bu, yalnız bu mənada mən dərin dindar insanam.

Yaratdıqlarını mükafatlandıran və cəzalandıran Tanrı barəsində düşünə bilmirəm. Öz fiziki ölümü haqda həyəcan keçirən fərd barədə fikirləşə bilmir və bunu istəmirəm də. Qoy zəif qəlblər qorxudan, ya da absurd eqoizmdən belə fikirlərlə təskinlik tapsınlar. Özünü təbiətdə aşkara çıxarmış Böyük Səbəbin qoy lap xırda hissəciyinin, yaranışın möcüzəli strukturunun dərkindəki işartıları mənə kifayətdir.

Buna da bax: Müharibə əleyhinə - Əli Əkbər yazır

Rotterdamlı Erazm

Rotterdamlı Erazm.
Rotterdamlı Erazm.

"Dünyanın şikayəti" əsərindən

Xristian dövlət başçılarının hansısa boş və ötəri səbəblər üzündən dünyanı müharibəyə düçar etmələrini xatırlayanda utanıb yerə girirəm.

Bir hökmdar, sanki hakimiyyət və krallığın idarəsi üçün olduqca vacib bir şey imiş kimi, elə bil, ölkənin bütün qazanc və rifahı bunda imiş təki, hansısa köhnə və biabırçı titulu axtarıb tapır, ya da mənimsəyir. Başqa hökmdar yüzlərlə titulun sadalanmasında hansısa xırdalığın (daha bilmirəm hansıdır) buraxıldığını üzə çıxarır. Üçüncü hökmdar heç bir əhəmiyyəti olmayan hansısa söz, yaxud mənasız bir ifadədən möhkəm incimiş arvadının yalandan ona ötürdüklərindən dolayı özünü şəxsən təhqir olunmuş kimi hiss edir.

Lakin ən cinayətkar və iyrənc olanı zalımların simasızlığıdır. Onlar yalnız xalqdakı həmrəyliyi dağıdaraq, öz qüdrətlərini bunda görür və hiss edirlər, bu həmrəylik pozulduqda isə hələ bütövlükdə qalanları ayırmaqdan ötrü, bədbəxt insanlara daha rahat və asan işgəncə vermək üçün xalqı müharibəyə çəkir, hərbə cəlb edirlər. Bir başqa qrup da var ki, daha artıq cinayətkardır – bunlar xalqın bədbəxtlikləri və iflası hesabına boynu yağlananlar, sülh vaxtı insan cəmiyyətində özünə iş tapa bilməyənlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG