Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:23

'Bakıda sümüksüz mal əti 16 manata yüksəlib'


İ.Əliyev və H.Rouhani
İ.Əliyev və H.Rouhani

Dövlət başçısı İlham Əliyevin müsəlman ölkələrinə son səfərləri, jurnalist Fikrət Fərəməzoğlunun həbsi ilə bağlı düşüncələri, ətin qiymətinin bahalaşması və Bakının keçmiş «Sovetski» məhəlləsində yaşananlar bu gün medianın aparıcı mövzusudur...

BİR HƏFTƏDƏ 3 MÜSƏLMAN ÖLKƏSİNƏ SƏFƏR

«Azərbaycan» qəzetində «İslam Həmrəyliyi ilinin bir həftəsində 3 müsəlman ölkəsinə səfər» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, 2017-ci il Azərbaycanda «İslam Həmrəyliyi ili» elan edilib. Azərbaycanın islam ölkələri ilə əlaqələri ildən-ilə genişlənir.

Yazıda bu xüsusda dövlət başçısı İlham Əliyevin islam ölkələrinə səfərləri ön plana çəkilir: «Prezident İlham Əliyevin Qətər və Pakistan səfərlərinin ardınca bu günlərdə İrana yollanması da dövlətlərarası münasibətlərin inkişafında yeni mərhələ oldu».

Müəllif dövlət başçısı İlham Əliyevin bir həftədə 3 müsəlman ölkəsinə səfərlərini Azərbaycanın islam dünyasının müasirlik və əməkdaşlıq mərkəzi kimi uğurla təqdim edilməsi kimi dəyərləndirir: «Qlobal aləmdə siyasi və sosial kataklizmlərin yaşandığı bir şəraitdə, ən əsası isə islam dünyasının birliyinə nail olmağa ciddi ehtiyac duyulduğu bir vaxtda İslam həmrəyliyi təşəbbüsünün irəli sürülməsi dünyada sülhün, əmin-amanlığın bərqərar olunması üçün yeni yol xəritəsinin ortaya çıxmasına imkan yaradacaq».

Daha sonra yazıda dövlət başçısı İlham Əliyevin martın 5-də İran səfərindən ayrıca bəhs edilir.

Yazıda qeyd edilir ki, İrana rəsmi səfərin yekunları iki ölkə arasında münasibətlərin intensiv inkişafının təsdiqidir. Əməkdaşlıq sahəsində əldə edilən ciddi uğurlar dövlətlərarası münasibətlərin inkişafında öz sözünü deyir.

Fikrət Fərəməzoğlu
Fikrət Fərəməzoğlu

JURNALİSTİN EVİNDƏ VƏ MAŞININDA NƏ AXTARILIB?

Azadliq.info saytında «Fikrət Fərəməzoğlu həbsinin gerçək səbəbini açıqladı» sərlövhəli məqalə oxumaq olar. Yazıda jurnalist, Jam.az saytının rəhbəri Fikrət Fərəməzoğlunun öz həbsinin səbəbləri ilə bağlı düşüncələrinə yer verilib. Həmin düşüncələri onun xanımı Faiqə Nüsrəti çatdırıb.

F.Fərəməzoğlu deyib ki, əldə etdiyi məlumata görə, həbsinə səbəb ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin iş adamları və digər şəxslərlə bağlı şantaj xarakterli videolarının bir qisminin onda olmasını düşünmələri ilə bağlıdır: ««Bandotdel»in ( Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi-AR) əməliyyatçıları həm evimdə, həm də maşınımda hansısa görüntülərin olduğu flaşkart və CD-lər axtarıb. Hətta evimdə və maşınımda olan bütün CD-ləri özləri ilə götürüblər. Qəribədir ki, götürülən əşyaların heç biri haqqında istintaq materiallarında məlumat verilməyib».

F.Fərəməzoğlu deyib ki, həbsinin ilk günlərində həm əməliyyatçılar, həm də müstəntiq ondan hansısa görüntülər barədə israrla soruşub. Amma həmin vaxt onların nə axtardıqları və nə istədiklərini anlamayıb.

Jurnalist evindən və ya maşınından götürülən CD-lərdə şantaj xarakterli hər hansı görüntü aşkarlanmadığını bildirir.

F.Fərəməzoğlu iddia edir ki, onda şantaj xarakterli videoların olması haqda məlumatları polisə jurnalistikada bəzi qeyri-ciddi tanınan şəxslər ötürüb: ««Bandotdel»in axtardığı görüntülərin bir qismi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı yaxalanmış «reket» jurnalistlərin komputerlərindən və ofisindən çıxıb».

Jurnalist günahsız yerə tutulduğunu və şərləndiyini açıqlayır. O, rəsmən hədə yolu ilə rüşvət tələb etməkdə ittiham edilir.

Ət dükanı
Ət dükanı

ƏT KƏSKİN BAHALAŞIR

«Novoye Vremya» qəzetində «Ətin qiyməti sürətlə artır, Kənd Təsərrüfatı Nazirliyi yarmarkalara ümid edir» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif Azərbaycanda ətin bahalaşdığını bildirir. Qəzetə danışan qəssablar bunu kommunal xidmətlərin bahalaşması və ölkədə korrupsiya amili ilə izah ediblər.

Ekspert Oqtay Haqverdiyev isə hesab edir ki, çox şey inhisarlardan asılıdır: «Mənə elə gəlir ki, bazarlarda inhisarın varlığını unutmaq olmaz».

Yazıda qeyd edilir ki, artıq bəzi yerlərdə sümüksüz ət 16 manata satılır. Halbuki, fevralda bu, 11-12 manat arasında dəyişirdi: «Kənd yerlərində mal ətinin bir kiloqramı 9-10 manatdır. Bakıda sümüksüz ət 16 manata satılır. Hətta istehsalçı qaldırılan enerjiyə və xidmətlərə görə məsrəfləri bağlamaq istəsə belə, qiymətlər bu qədər yüksəlməməli idi».

Kənd Təsərrüfatı Nazirliyindən isə bildiriblər ki, yaxın günlərdə Bakıda bayramöncəsi yarmarkalar təşkil olunacaq. Bu yarmarkalarda ətin bir kiloqramı 8, 8 manat 50 qəpiyə satılacaq.

Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov isə ölkənin ət qıtlığı yaşadığını deyib. Onun fikrincə, yaxın zamanlarda ətin bir kiloqramı 20 manata kimi yüksələ bilər: «Bütünlükdə isə bütün ərzaq məhsullarının qiymətləri bu ilin sonuna qədər daha 50 faiz bahalaşa bilər. Bu, əsasən, ət və kolbasa məhsullarına aiddir. Bazarlarda isə qiymət artımı artıq dözülməz olub».

Ə.Hüseynovun fikrincə, hökumətin nə deməsindən asılı olmayaraq, ölkə idxaldan asılıdır. Bu da qiymət artımını qaçılmaz edir.

«Sovetski»də söküntü
«Sovetski»də söküntü

«SOVETSKİ»LİLƏRİN KOMPENSASİYA XƏYALLARI

Musavat.com-da «Söküntü, toz-torpaq, səs-küy və insanlar: «Sovetski»də həyat belə davam edir» sərlövhəli məqalədə paytaxtın mərkəzindəki söküntülərdən və insanların problemlərindən bəhs edilir.

Müəllif yazır ki, Bakının keçmiş «Sovetski» məhəlləsində söküntü işləri sürətlə davam edir. Hələ ki, məhəllədə, az da olsa, yaşayanlar var. Onlar da bu söküntülər zamanı kommunal xətlərin sıradan çıxmasından narazılıq edirlər.

Yazıda qeyd edilir ki, söküntü zamanı partlayan su boruları bəzi yerlərdə gölməçələr əmələ gətirib. Oradakı sakinlər isə su üzünə həsrət qalıblar.

Sakinlərdən biri qəzetə dərdlərini belə anladıb: «Bizim evin ön, arxa və sağ tərəfindəki evlər sökülüb. Hətta evə bitişik mənzil də söküntüyə düşüb, növbəsini gözləyir. Bizim evlə bağlı isə bir söz demirlər. Adam buna görə narahat qalır, evdə körpə uşaq var, səs-küydən yata bilmir. Hava külək, hər yanda da söküntü gedir. Toz-torpaq içində qalırıq».

Yazıda deyilir ki, bəzi sakinlər köçürülməyəcəklərindən narahatdırlar. Bəziləri isə, hələ də, verilən kompensasiyaların azlığından narazıdırlar. Onlar deyir ki, verilən pula mənzil almaq mümkün deyil: «Manat dəyərdən düşüb. Bizə hər kvadratmetrə görə 1500 manat təklif olunur. Hər şey bahalaşıb. Evlər baha, qida baha, kommunal baha... Hər şeyin qiymətinin artdığı bir zamanda bizə verilən kompensasiya niyə artmır? Buna görə də, mən şəxsən o pula yaxın durmuram, heç yerə də getmirəm».

Sakinlər söküntü işlərinə polislərin cəlb edilməsindən də gileyləniblər: «Söküntüyə 20-30 polislə gəlirlər. «Sovetski»də terrorçu var? Nədən qorxurlar? Əgər camaatı razı salırsansa, deməli, qorxacağın da olmamalıdır».

XS
SM
MD
LG