Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Avqust, çərşənbə, Bakı vaxtı 03:26

Rohani: “Ortaq mövqeyimiz var”


“Xəzərin hüquqi statusu ilə bağlı razılaşma əldə olunmalıdır”

"Son üç il ərzində Azərbaycan-İran əlaqələri yüksək səviyyədə inkişaf edib. Bu əlaqələr istər siyasi, ikitərəfli, regional və beynəlxalq məsələləri əhatə edib, istərsə də iqtisadi və mədəni sahədə genişlənib". Bunu martın 5-də İran prezidenti Hassan Rohani azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdən sonra deyib.

Prezidentlərin birgə bəyanatı zamanı çıxışında Rohani bildirib ki, Xəzər dənizi ilə bağlı iki vacib məsələ də var, onlardan biri sahilyanı 5 ölkə arasında dənizin hüquqi statusu ilə bağlı razılaşmanın əldə olunmasıdır. Onun sözlərinə görə, bu məsələdə Azərbaycanla İran arasında fikir birliyi və qarşılıqlı tərəfdaşlıq önəmlidir. Rohani görüşdə Xəzər dənizindəki neft mənbələrinin istifadəsinə dair əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldığını, “hər iki ölkənin neft nazirlərinin bu məsələni uğurla nəticələnənə qədər diqqət mərkəzində saxlayacağını" vurğulayıb.

ÜÇTƏRƏFLİ ƏMƏKDAŞLIQ FORMATI

İran prezidenti bugünkü danışıqların mövzularından birinin üçtərəfli əməkdaşlıq formatı olduğunu deyib. Bildirib ki, üçtərəfli əməkdaşlıq formatı – Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-İran-Gürcüstan gündəlikdədir:

"Azərbaycan-İran-Rusiya üçtərəfli formatı çərçivəsində önəmli addımlar atılıb. Üç ölkənin dövlət başçıları səviyyəsində bu məsələ ilə bağlı toplantı da keçirilib. Azərbaycan-İran-Türkiyə üçtərəfli formatı çərçivəsində də bu günə qədər əhəmiyyətli işlər görülüb və bu sahədə işlər davam etdirilməlidir. Bugünkü görüşümüzdə isə Azərbaycan-İran-Gürcüstan üçtərəfli formatı ilə bağlı müzakirələr apardıq və belə qərara gəldik ki, bu məsələni diqqət mərkəzində saxlayaq".

ORTAQ MÖVQE

Hassan Rohani azərbaycanlı həmkarı ilə görüşdə regional məsələlərlə bağlı müzakirələr apardığını da söyləyib: "Suriya və İraq məsələləri ilə bağlı ortaq mövqelərimiz var. Bugünkü görüşlərimizdə ümid etdiyimizi bildirdik ki, üç ölkənin - Rusiya, İran və Türkiyənin səyləri Suriya məsələsində nəticə versin. Astanada başlanan yol nəticədə uğurla başa çatsın və Suriya məsələsi danışıqlar yolu ilə həllini tapsın".

Prezident İlham Əliyev bildirib ki, son üç ildə İrana üçüncü səfərini edir və bu müddət ərzində prezident Rohani ilə 8 dəfə görüşüb:

"Bir il bundan əvvəl bu salonda mən qeyd etmişdim ki, 2016-cı ildə Azərbaycan öz dəmir yolunu Azərbaycan-İran sərhədinə qədər çəkəcək və biz buna nail olduq, bu, artıq reallıqdır. Hətta Astaraçay üzərində dəmir yolu körpüsü də tikilib istifadəyə verilib. Bu günlərdə birinci qatar artıq sərhədi yeni tikilmiş körpü vasitəsilə keçib. Birgə icra etdiyimiz Şimal-Cənub nəqliyyat dəhlizi tarixi hadisədir. Bu layihə, eyni zamanda, regional əməkdaşlıq məsələlərinə mühüm töhfə verir".

İlham Əliyev çıxışının sonunda Hassan Rohani-ni Azərbaycana rəsmi səfərə dəvət edib.

Martın 5-də prezident İlham Əliyev İrana rəsmi səfərə gedib.

Bu səfərlə bağlı əlavə informasiyalar və şərhlər birazdan AzadlıqRadiosunun saytında olacaq. Saytımızı izləyin.

Günün bütün mövzuları

XS
SM
MD
LG