Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Fevral, Cümə axşamı, Bakı vaxtı 16:30

'Oğlum özünü öldürəcək qədər aciz deyildi...'


Tapdıq babaşovun anası Kifayət Süleymanova

Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləcəridəki hərbi hissəsində əsgər ölümü ilə bağlı məhkəmənin qərarı hər iki tərəfi narazı salıb. Söhbət evin yeganə oğlu, BDU-nun tarix fakültəsini qırmızı diplomla bitirmiş Tapdıq Babaşovun ölümündən gedir.

Babaşovun anası deyir ki, oğlu özünü öldürməyib, onu qətlə yetirib, sonra da intihar görüntüsü yaratmaq üçün hərbi hissənin üçüncü mərtəbəsində yerləşən tualetin pəncərəsindən atıblar.

Əsgərləri döyməkdə, intihar həddinə çatdırmaqda suçlanan üç nəfər isə Tapdıq Babaşovun ölümündə onların günahı olmadığını bildirir.

Buna da bax:​ Mərhum əsgərin anası: 'Həqiqəti söyləyin, özüm sizi oradan çıxarım'

Ona görə də hər iki tərəf Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti vermişdi.

Kamera görüntüləri niyə gizlədilir?

“Mən Tapdıq Babaşovun ölümündə özümü günahkar bilmirəm. Hadisə vaxtı yerimdə yatmışam. Əsgər gəlib xəbər verdi ki, Tapdıq Babaşov ölüb. Getdik sanitar qovşağına, Babaşovu artıq hospitala aparmışdılar”, – təqsirləndirilən Cəmil Ağayev belə deyir.

Başqa bir təqsirləndirilən Elməddin Babayev də özünü günahkar saymır: “Tapdıq Babaşovu mənə sinif yoldaşım tapşırıb, münasibətimiz yaxşı olub. Mən telefonumu ona vermişəm, əmisi və bibisi oğlanları ilə danışıb. Mən ona ancaq yaxşılıq eləmişəm. Onun ölümündə özümü təqsirli bilmirəm”.

Buna da bax:​ Əsgər ölümü işi yekunlaşdı: Narazılıq qaldı...

Hadisədən az öncə tualetdə Babaşovu təhqir etməkdə, döyməkdə ittiham olunan Ruslan Cavadov isə hərbi hissənin kameralarına baxış keçirilməsini tələb edir: “Biz də, vəkillərimiz də hərbi hissənin kameralarını tələb etdik ki, baxılsın, ancaq görüntülər bizə verilmədi. Hadisənin əsas şahidi olan Şöhrət Bayramovu Rusiyadan gətirmədilər. Mənim heç nədən xəbərim yoxdur. İşə düzgün baxılsın və araşdırılsın”.

“Belə bir insan da heç intihar edər?”

Vəkil Osman Kazımov isə məhkəmənin bu ölüm işində həqiqətin üzə çıxması üçün gərəkən addımlar atmamasından gileylənib: “Hadisə baş verən vaxt sanitar qovşaqda mülki şəxs olub. Niyə həmin mülki şəxsin kimliyi müəyyən olunmayıb? Biz vəsatətlər verdik ki, kamera görüntüləri gətirilsin, məhkəmə bizə kömək etməli idi, amma etmədi, vəsatətlərimiz təmin olunmadı. İş obyektiv araşdırılmadı”.

Buna da bax:​ Ölən əsgərin anası generalı tələb edir

Hərbi hissədən sorğuya cavabda yazılıb ki, kamera görüntüləri yaddaşda saxlanılmayıb.

Zərərçəkmişin vəkili Hüseyn Həsənov da deyir ki, Babaşov ön cəbhədə xidmət etmək istəyən əsgər olub, bunu hərbi hissədə də dəfələrlə deyib: “Belə bir insan da heç intihar edər? İttihamda yazılanlar uydurmadır, həqiqətə uyğun deyil”.

Amma bu çıxışların nəticəsi olmayıb. Bakı Apellyasiya Məhkəməsi də fevralın 28-də hərbi məhkəmənin hökmünü qüvvədə saxlayıb. Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən Ruslan Cavadova 10 il, o biri iki nəfərə isə 8 il 6 ay həbs cəzası verilib. Onlar CM-nin 125-ci (özünüöldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqiretmə, döymə və ya işgəncəvermə) və 332-ci (hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə suçlu bilinir.

Buna da bax: ‘Kaş əsgər öldürənlərin cəzasını əsgər anaları verəydi...’

“Həqiqətin üzə çıxması üçün mübarizə aparacam”

Zərərçəkmiş Kifayət Süleymanova AzadlıqRadiosu-na bildirib ki, oğlunun ölümü ilə bağlı həqiqət üzə çıxana qədər mübarizə aparıb, günahkarların cəzalandırılmasına çalışacaq:

“Mənim oğlum özünü öldürəcək oğul deyildi, aciz deyildi. Onu öldürüblər və qatillər də cəzasını almalıdır”.

Tapdıq Babaşov 2015-ci ilin aprelində hərbi xidmətə gedib, mayın 22-də isə dünyasını dəyişib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG