Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:04

Əsgərin meyitinin verilməməsi işi Avropa Məhkəməsində


Çingiz Qurbanov

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan vətəndaşı Salman Qurbanovun Ermənistan əleyhinə şikayətini araşdırır.

Bu haqda məhkəmənin saytı xəbər verir.

Ərizəçi S.Qurbanov Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı ilin sonunda itkin düşmüş əsgəri Çingiz Qurbanovun atasıdır.

Əsgər Azərbaycan və Ermənistan hərbçilərinin Tovuz rayonu ərazisindəki təmas xəttində itkin düşmüşdü. Sonradan onun həlak olduğu açıqlanmışdı.

Ancaq Ermənistan tərəfi uzun müddət əsgərin meyitini Azərbaycana verməkdən imtina etmişdi. Atası elə buna görə Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmuşdu.

Məhkəməyə göndərilən şikayətdə iddia edilir ki, meyitin geri verilməməsi Konvensiyanın 3-cü (Qeyri-insani rəftar), meyitin adət-ənənəyə uyğun dəfn edilməməsi Konvensiyanın 8-ci (Özəl həyata müdaxilə) maddələrini pozur.

Şikayətdə həmçinin, həlak olmuş əsgərə münasibətdə Konvensiyanın 13-cü (Effektiv müdafiə vasitələri) və 14-cü (Ayrı-seçkilik) maddələrinin pozulduğu iddia olunur.

Avropa İnsan Hüquqları Məhkəməsi şikayətlə bağlı Ermənistan hökumətinə 7 sual göndərib.

XATIRLATMA

Ç.Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmada həlak olmuşdu. Ancaq onun meyiti bir müddət Ermənistan tərəfində qalmışdı.

Meyitin geri verilməsindən ötrü ATƏT, Avropa Şurası rəsmiləri də işə qarışmışdı.

Ç.Qurbanovun nəşi 2017-ci il fevralın 5-də alınmış, fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilmişdi.

Fevralın 7-də isə İ.Əliyev Ç.Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi barədə sərəncam imzalamışdı. Ölkə başçısı Ç.Qurbanovun ailə üzvləri ilə də görüşmüşdü.

Günün bütün mövzuları

XS
SM
MD
LG