Keçid linkləri

Təcili xəbərlər
2018, 19 Fevral, Bazar ertəsi, Bakı vaxtı 10:12

Bəzi köçkün ailələrinə ev verilməyəcək


Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllə.

Nazirlər Kabineti fevralın 24-də məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydasını təsdiqləyib.

Sənəddə qeyd edilir ki, fondun yaşayış sahələri məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların müvəqqəti istifadəsinə verilir.

Bu, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir.

Sənəddə yazılır ki, proses mərhələli və şəffaf şəkildə aparılır.

Təsdiq edilən qaydaya görə, müvəqqəti yaşayış sahələri ilk növbədə köçürülməyə daha çox ehtiyac olan obyektlərdə yaşayan məcburi köçkünlərə verilməlidir.

Söhbət köçürülmə obyektində daimi yaşayan və həmin yer üzrə kommunal xidmətlərdən istifadə edən məcburi köçkün ailələrindən gedir.

Üstəlik, məcburi köçkünlərin müvəqqəti istifadəsinə ayrılmış yaşayış sahələri onlara kirayə müqavilələri əsasında verilir.

Sənəddə o da qeyd edilir ki, məcburi köçkün ailələrinin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahələrinə köçürülməsi Komitənin vəsaiti hesabına həyata keçirilir.

HANSI KÖÇKÜN AİLƏLƏRƏ YENİ YAŞAYIŞ SAHƏSİ DÜŞMÜR

Köçürülmə zamanı bəzi hallarda məcburi köçkünlərə yeni yaşayış sahəsi verilmir.

Bu hallara müvəqqəti yaşayış sahəsinin verilməsi zamanı köçürülmə obyektində qeydiyyatda olub, lakin orada faktiki yaşamayan məcburi köçkünlər aid edilir.

Habelə, məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə, onların ailə üzvlərinə yeni yaşayış sahəsi verilmir.

Üstəlik, məcburi köçkün ailəsi köçürülmə yerində 3 ildən çox yaşamalıdır. Bundan başqa, artıq yaşayış sahəsi əldə etmək niyyəti ilə köçürülmə ərəfəsində saxta nikaha girən və ya nikahı pozulan ailələrə də yeni yaşayış sahələrin verilməyəcəyi bəyan edilir.

Əvvəllər həmin köçürülmə obyektində, sonradan isə başqa yerdə yaşayan şəxslə nikaha daxil olan və boşanaraq geri qayıdan məcburi köçkünlərə də ayrıca yaşayış sahəsi verilməyəcəyi qeyd edilir.

ƏLAVƏ ŞƏRTLƏR

Məcburi köçkün 5 (beş) gün ərzində ona ayrılmış müvəqqəti yaşayış sahəsinə köçməkdən imtina etdikdə, həmin yaşayış sahəsi başqa məcburi köçkün ailəsinə verilir.

Bundan başqa, kirayə müqaviləsini pozmaq da köçkün ailəsinə baha başa gələ bilər.

Məcburi köçkünlərin onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsini satmaq, bağışlamaq, kirayəyə vermək, özbaşına dəyişmək, girov qoymaq və digər vasitələrlə evləri özgəninkiləşdirmək hüququ yoxdur.

Bundan başqa, məcburi köçkünlər onların müvəqqəti istifadəsinə verilmiş yaşayış sahəsinə qayğı ilə yanaşmalıdır. Həmin evdən yalnız yaşayış məqsədilə istifadə etməlidir. Layihədə nəzərdə tutulmayan heç bir tikinti işlərinə yol verməməli və ümumi birgəyaşayış qaydalarına əməl etməlidir.

Məcburi köçkünlər həmin yerdən kommersiya məqsədilə də istifadə edə bilməz. Həmin yeri boş saxlayıb başqa yerdə yaşamağa da heç bir icazə verilmir.

HANSI AİLƏYƏ NƏ QƏDƏR OTAQ DÜŞÜR

Yaşayış sahəsi məcburi köçkünlərin ailə tərkibinə uyğun olaraq aşağıdakı kimi müəyyənləşdirilir:

1. Ailə tərkibi 1 nəfərdən ibarət olanlara -1 otaq;

2. Ailə tərkibi 2-3 nəfərdən ibarət olanlara -2 otaq;

3. Ailə tərkibi 4-5 nəfərdən ibarət olanlara -3 otaq;

4. Ailə tərkibi 6 nəfər və 6 nəfərdən çox olanlara -4 otaq.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG