Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 17:26

Kino camiəsi "Kinematoqrafiya haqqında yeni qanun"undan məyusdur [sorğu]


Azerbaijan -- Azerbaijanfilm studio, Baku

Ötən ilin noyabr ayında KİV, “kinematoqrafiya haqqında yeni qanun” layihəsinin Milli Məclisin Mədəniyyət komitəsində müzakirəyə çıxarıldığı barədə xəbər yayanda, az qala, bütün kino ictimaiyyəti sevinmişdi. Nəhayət ki, çoxdan gözlənilən bir hadisə baş vermişdi, çarx hərəkətə gəlmişdi. Qanun layihəsi haqqında xəbərlərdə iki bənd xüsusi vurğulanırdı: film komissiyaları yaradılacaq və milli filmlərin istehsalına müddətli xüsusi vergi və gömrük rejimi tətbiq olunacaq (kino texnikasının, kino texnoloji avadanlıqlarının və kino qurğularının idxalına görə 3 il müddətinə gömrük rüsumlarından azadolunma).

Əlbəttə, bunlar yaxşı xəbərdir, lakin nədənsə sorağı bir neçə ay əvvəl alınan qanun layihəsi hələ də əsas maraqlı tərəfin - kinematoqrafçıların açıq müzakirəsinə çıxarılmırdı.

Hərçənd ötən həftə bu tilsim qismən də olsa, sındırılıb və “kinematoqrafiya haqqında yeni qanun” layihəsi “Butafilm” şirkətində bir qrup rejissor və prodüserlərin iştirakı ilə qapalı çevrədə də olsa, oxunub və müzakirə edilib.

Hal-hazırda Milli Məclisin plenar iclasında oxunma növbəsini gözləyən yeni layihə, milli kinomuza hansı yeniliklər və dəyişikliklər vəd edir? Ümumiyyətlə, o, Azərbaycan kinematoqrafiyasının inkişafına necə təsir edəcək?

Oxu zalı məsələ ilə bağlı qanun layihəsi ilə artıq yaxından tanış olmuş kinematoqrafçıların fikirlərini öyrənib.

Buna da bax: Azərbaycan dünya ölkələrinin kino qanunlarından nə öyrənə bilər? [Araşdırma]

Hüseyn Mehdiyev.
Hüseyn Mehdiyev.

Layihəni ilk oxuyanlardan biri, Azərbaycan Professional Kinorejissorlar Gildiyasının sədri, rejissor Hüseyn Mehdiyev yeni qanunun hazırkı varinatda qəbulunu mümkünsüz hesab edir. Onun fikrincə, 1998-ci ildə qəbul olunmuş və hazırda tətbiq edilən qanunun dəyişdirilməsinə elə də ciddi ehtiyac yoxdur: “Bu qanunun hazırkı variantda qəbul olunması qeyri-məqbuldur. Hər qanun konkret bir məqsədlə qəbul olunur və cəmiyyət inkişaf elədikcə qanunlar da dəyişməlidi. Amma bu gün biz kinonun inkişafına müsbət təsir edəcək dəyişikliklər görmürük ki, vaxtilə qəbul olunmuş qanunun dəyişməsinə ehtiyac yaransın. İkincisi isə dövlət və məmurlar tərəfindən görülən heç bir işə, heç bir təşəbbüsə qanun əngəl törədə bilməz. Hazırda qüvvədə olan qanunun bizə hansısa işi görməyə imkan vermədiyini demək qeyri-ciddilikdi. Bu qanun çərçivəsində hər şey eləmək mümkündü. O ki qaldı özəl sektora və sahibkarlıq fəaliyyətinə... Bu, ümumiyyətlə, kino qanununa aid deyil, sahibkarlıq fəaliyyəti iqtisadi durumla bağlı inkişaf edir, kino qanununa, demək olar ki, heç bir dəxli yoxdu”.

Müzakirələr zamanı ən çox etiraz doğuran hallardan biri yeni layihədə kinorejissorların hüquqlarının nəinki qorunmadığı, hətta adının beləçəkilmədiyi idi. Qanunu hazırlayanlar isə müəlliflik hüququ haqqında qanuna istinad edərək kino qanununa bu barədə nəsə yazmağa ehtiyac qalmadığını, filmin sahibi olan prodüserlə müəllifi olan rejissor arasındakı münasibətlərin müqavilə əsasında tənzimlənə biləcəyini bildirirlər. H.Mehdiyevin sözlərinə görə, bu yanaşma kökündən yanlışdır: “Çünki müəllif hüquqları haqqında qanunda quruluşçu rejissor anlayışı ümumi şəkildə izah olunur, konkret film rejissorundan danışılmır. İkincisi, müəllif hüquqları haqqında qanun təkcə müəlliflərə aid deyil. O, həm də hüquq sahiblərinə- yəni birbaşa prodüserlərə və istehsalçılara aiddi. Onların hüquqları heç də müəlliflərin hüquqlarından az qorunmur həmin qanunla. Kino qanununda film rejissorunun adı mütləq olmalı idi. Zatən qanunu oxuyanda mənim də ilk iradım bununla bağlı olmuşdu ki, heç olmasa, terminlər hissəsində quruluşçu rejissor haqqında məlumat verilsin. “Prodüserlə rejissor arasındakı münasibət xüsusi müqavilə ilə tənzimlənməlidi” fikri də böyük səhvdi. Müəlliflər bir qıraqda qalıb, bütün dərdləri prodüser dərdidi. Ümumiyyətlə, məsələyə konseptual yanaşsaq, görərik ki, Azərbaycanda bəzi adamların beyninə əcaib bir fikir düşüb- prodüser kinosu anlayışı. Bu anlayış Rusiya kinosundan götürülüb. Amma orda tamamilə başqa situasiyadı. Vaxtilə indi bizdə olduğu kimi Rusiyada da prodüser məktəbi yox idi. Ancaq islahatlar başladı, rejissorların çoxu prodüserliyə keçdi və bu sistem formalaşıb inkişaf elədi. Ancaq ümumi götürəndə prodüser kinosu anlayışı bir az nonsensdi. Çünki bütün zamanlarda filmin əsas daşıyıcısı, məsləhətçisi, satıcısı, qurucusu prodüser olub və bunu qanunda xüsusi vurğulamağa ehtiyac yoxdur. Hətta sovet vaxtında da bütün studiyaların direktorları, dövlət elə prodüser qismində çıxış eləyirdi. Elə film yoxdu ki, onun prodüseri olmasın. Hətta müəllif filminin də arxasında prodüser dayanır, rejissorun öz ideyalarını reallaşdırmasına kömək eləyir. Vaxtilə Azərbaycanda Eldar Quliyev, Oqtay Mirqasımov, rəhmətlik Rasim Ocaqov öz müstəqil studiyalarını yaratmışdılar. Amma onların inkişafına imkan verilmədi. Prodüser məktəbi formalaşmamış qanun qəbul eləyib bütün yükü onun üzərinə atmaq çox böyük məsuliyyətsizlikdi. Bu yük iki adamın üzərində olmalıdı- rejissor və prodüserin. Ola bilsin ki, gələcəkdə bu məktəb formalaşar, güclənər, onda bu məsələyə də yenidən baxıla bilər. Bircə nəfər peşəkar kino təhsili almış prodüser göstərsinlər, sonra danışsınlar”.

Hüseyn Mehdiyev, özünün də qanun layihəsini hazırlayan işçi qrupunun tərkibində olduğu, qanunun bu şəkildə hazırlanmasına heç bir etiraz etmədiyi barədə fikrə də münasibət bildirib və bunun doğru olmadığını söyləyib: “Bu doğru deyil. Rəsmi olaraq işçi qrupu deyilən bir şey yoxdu. Məni də qeyri-rəsmi şəkildə qanunun müzakirəsinə dəvət eləmişdilər. Həmin müzakirələrdə biz çoxlu düzəlişlər və təkliflər vermişdik, amma onların heç biri nəzərə alınmayıb. Əsas təklifimiz də bu idi- Azərbaycanda prodüser kinosu yaratmaq, bu anlayışı ortalığa atmaq səhv fikirdi. Rusiyada bunun üçün bütün şərait yaradılmışdı. Putin studiyalara birdəfəlik dotasiyalar verirdi. Hətta bundan sonra da onların vəziyyəti yaxşı olmadı. Bizdə isə heç nə yoxdu, boş yerdə prodüser kinosu yaratmaq istəyirik. Bu çox qeyri-peşəkar bir münasibətdir”.

Buna da bax: Asif Rüstəmov: '"Azərbaycanfilm"dəki monopoliya konkret bir adamın adıyla bağlıdır'

Rejissor Əli İsa Cabbarov.
Rejissor Əli İsa Cabbarov.

Rejissor və prodüser Əli İsa Cabbarov yeni layihəni oxuyandan sonra 98-ci ildə qəbul edilmiş qanunu bir daha nəzərdən keçirdiyini söyləyir. Onun fikrincə, yeni layihə ilə müqayisədə hazırda qüvvədə olan qanun yaradıcı insanı yüksək tutan bir hüquq şedevridir:

“Yeni qanunun müzakirəsi zamanı hazırda qüvvədə olan qanunu bir də oxudum. O, yaradıcı şəxsi yüksək tutan, onu konfliktli situasiyalardan qoruyan bir hüquq şedevridir. Bu da təsadüfi deyil, o qanun qəbul ediləndə mədəniyyət komissiyasının sədri həm də kinorejissor olan, xalq yazıçısı Anar, “kino naziri” isə kinorejissor Oqtay Mirqasımov idi, ölkədə kino ilə məşğul olaniki əsas ictimai birlik isə hökumətlə məhsuldar əməkdaşlıq edirdi. Sadaladıqlarımın nəticəsi olaraq 1998-ci ildə Heydər Əliyev tərəfindən imzalanan və Milli Məclis tərəfindən qəbul edilən qanun 18 ildir ki, kinomuza xidmət edir və “2008-20018-ci illər kinonun inkişafına dair Dövlət proqramı” ilə yanaşı kinomuzun inkişafı üçün ideal yol xəritəsidir. Son beş ildə rast gəlinən rejissorların, yaradıcı insanların haqlarının tapdanması halları, məhz, bu iki yol xəritəsindən sapmalardan doğur. Bu yol xəritəsinə qayıdılmalı və hər iki sənəd icra edilməlidi. Təəssüf ki, qanun müəlliflərindən biri ilə keçirilmiş müzakirədə “niyə qüvvədə olan qanun redaktə olunmur, yenisi qəbul olunur” sualına əsaslı cavab verilmədi. Əminəm ki, mövcud qanuna əlavələr edilməlidir. Fəlsəfəsi yaradıcı insanları bazarın və bürokratların quluna çevirmək olan bu yeni layihəni qəbul etmək olmaz. Qanunun lobbiləri noyabr ayında Milli Məclisdəki iclasdan sonra mətbuatda yaydıqları relizlərdə “vergi və gömrük güzəştləri”, “film komissiyası” kimi açar sözlərdən istifadə edib hətta məndə də illüziya yarada bilmişdilər. Qanun layihəsini oxuyub analiz edəndən sonra aydın oldu ki, haqqında çox danışılan film komissiyaları yeni bürokratik maneədən başqa heç nə olmayacaq. Üstəlik belə bir komissiya var artıq: Kinorejissorlar Gildiyası tərəfindən təsis olunub, hər bir şəxs ondan faydalana bilər. Daha neçəsi də təsis oluna bilər, buna görə qanunu dəyişmək lazım deyil ki?! Bütün kinematorafçılar təsdiqləyə bilər ki, bölgələrdə icra hakimiyyətlərinin humanitar şöbələri, Səhiyyə, Daxili İşlər, Fövqəladə Hallar, hətta Müdafiə Nazirliklərinin əməkdaşları özəl və dövlət, yerli və xarici film layihəsi olmasından asılı olmayaraq həmişə kinematorafçıları təmənnasız dəstəkləyib və əlavə heç bir qurum - xüsusilədə, administrativ aparatın ixtisar olunduğu bir zamanda - qəti lazım deyil. Qanunu yazanlar film komissiyalarının yaradılmasını təklif etməklə Azərbaycan kinosunun spesifikası, uğurları, problemləri və mətbəxi haqda dəqiq təsəvvürləri olmadığını göstərirlər. Bu komissiyalar gələcəkdə kinematoqrafçılara əngəl yarada bilər. Kimsə özünə yenilənmiş kino reallığında vəzifə axtarırsa, buna görə yaradıcı insanlar niyə əziyyət çəkməlidirlər?”

Əli İsa Cabbarov deyir ki, yeni qanun layihəsi yaradıcı şəxslərin, xüsusilə də, rejissorların hüquqlarını qorumur, kinoya bir sənət növündən daha çox, kommersiya vasitəsi kimi münasibət sərgiləyir: “Ümumiyyətlə, layihədə bir çox təşəbbüs və təkliflərin (məs.film komissiyaları, milli film anlayışı) qanunda fəlsəfəsi və konsepti açılmır, realizasiyası isə aidiyyati icra orqanının boynuna qoyulur. Bu da, insan faktorunu nəzərə alsaq, problemli hallara gətirə bilər.

Konkretləşdirsək, qüvvədə olan qanundakı yaradıcı şəxslərin hüquqlarını qoruyan və onların film istehsalında strateji vacib statusunu təsbit edən maddələrin yeni layihədə çıxarılması xoş niyyətdən doğmur, əksinə mətnin müəllif və təşəbbüskarlarının kinonun spesifikasını bilməməsindən irəli gəlir. Yəqin, bunun səbəbi layihə müəlliflərindən birinin peşəkar film istehsalçısından çox film yayımı üzrə mütəxəssis olmasıdır. Xüsusilə, film kimi yaradıcı və spesifik bir məhsulun yaranmasında rejissorun və başqa müəlliflərin taleyüklü rolu olduğu halda layihədə onlara yer ayrılmaması, amma film distryubyutoru kimi anlayışa bütöv bir bənd ayrılması da, yəqin, məhz, bununla bağlıdır. Buna nə ehtiyac var? Distryubyutorlar var, uğurla işləyirlər, onların fəaliyyəti qüvvədə olan qanunlarla normal nizamlanır və indiyə qədər heç bir problem olmayıb. Bəyəm, kənd təsərrüfatı haqda qanunda kartofun bazardakı satıçısı haqda bənd olur?Distryubyutor işinin istənilən hazır məhsulun yayımı işindən fundamental fərqi yoxdur və layihədə belə bir bənd fərdi sifarişdən başqa heç nə deyil.

Buna da bax: "'Kinostudiyanın' monopoliyası milli kinonu məhv edir" - rejissorların etirazı

Kinomuzun bir nömrəli problemi, xilasedici dövlət maliyyələşməsi işində tender və şəffaflıq prinsipindəki sapıntılardı. Bu iki prinsip də artıq qüvvədə olan qanunlarda var, amma yeni layihəyə də daxil edilsəydi, mətn müəlliflərinin kinomuzun durumuna biganə olmadıqlarını göstərərdi. Təəssüf ki, belə olmadı. Qanunun əksər maddələri artıq qüvvədə olan Kino Qanununda, yuxarıda adı çəkilən “Kinonun inkişafına dair Dövlət Proqramı”nda, qeyd edilib, “Birgə kino istehsalı” haqqında Avropa konvensiyasına qoşulmaq barədə bənd də həmçinin. Yeni layihə isə təzə heç nə təklif etmir, sadəcə yaradıcı heyət və müəllifləri kommersant və bürokratların vassalına çevirir. Yuxarıda izah etdiyim səbəblərdən bu da təsadüfi deyil”.

Rejissorun fikrincə, layihəyə daxil edilmiş bəzi bəndlər kinematoqrafçıların yaradıcı azadlığının məhdudlaşdırılmasını leqallaşdıra bilər: “Bir neçə bənddən ibarət “qadağalar” maddəsi qüvvədə olan qanunlarda artıq qadağan olunmuş irqi, dini, milli ayrıseçkiliyin təbliğini bir daha təsbit edir, üstəlik həmin maddənin bəzi bəndləri yaradıcı fəaliyyətə stimul verməyəcək və kinomuzun inkişafına mane ola bilər. Hərçənd qanunda iki maddə var ki, bunlar yaxşı təşəbbüsdür və qüvvədə olan Kino Qanununa əlavə edilməsi yaxşı olar: Bu, “milli ekran vaxtı” və “kinematorafiya sahəsində qeyri-hökumət təşkilatları” maddələridir. Bu təşəbbüslər müsbət nəticə verər. Qanunda icra orqanlarının səlahiyyətlərinə aid olan vergi və gömrük güzəştləri kimi təkliflər də hazırda tətbiq edilən və müsbət nəticələr vermiş qanunun ləğvinə səbəb vermir, işci qaydada aidiyyatı olan dövlət orqanları tərəfindən və ya ölkə başçısı tərəfindən bu barədə qərar verilə bilər. Düşünürəm ki, kinematoqrafçılarımızın narahatlığını əks etdirən məktubla Milli Məclisin Mədəniyyət komitəsinin üzvlərinə müraciət edib təkliflərimizi verəcəyik.

Yekun olaraq deyim ki, “Bozbaş pikçers”in məhsullarına baxıram, əməkdaşlarına hörmət edirəm, yeni filmlərini də kinoteatrda izləyəcəm, amma onların məhsullarının şirinliyi ondadır ki, kinomuzda dramlar, melodramlar fəlsəfi filmlərlə yanaşı yer tutub, kino sahəsinin bir seqmentidir. Amma bu qanun qüvvəyə minsə, bütün kinomuz “bozbaş pikçers” olacaq”.

Rejissor Tahir Əliyev də həmkarlarının fikirlərilə razılaşır. O da hesab eləyir ki, yeni layihə rejissorların hüquqlarını daha da zəiflədir və fəaliyyətlərini məhdudlaşdırır: “İlk növbədə Fikrin bəyə (“Kinematoqrafiya haqqında qanun” layihəsinin müəlliflərindən biri, sözügedən müzakirədə layihəni təqdim edən və iştirakçıların suallarını cavablandıran hüquqşünas Fikrin Bektaşi-red) minnətdaram. Ona görə ki, bəzi məmurlardan fərqli olaraq bizi sayıb qanunu müzakirə etmək üçün gəldi. Düzdü, bu qanun bürokratik iş üçün çox əhəmiyyətlidir, amma və lakin yaradıcılıq üçün maneələri çoxdur. Düşünürəm ki, qanun layihəsinin hazırlanması prosesində rejissor iştirak etməyib. Baxmayaraq ki, mən son illər prodüser kimi fəaliyyət göstərirəm, ancaq qeyd etmək istəyirəm ki, bu qanunda rejissora konkret heç bir hüquq verilməyib. Əksinə, o, rejissorun hüquqlarını daha çox zəiflədir və fəaliyyətini məhdudlaşdırır. Bu baxımdan 1998-ci ildə qəbul olunan Kino qanunu daha mütərəqqi idi. Sadəcə oqanunu işlətmək lazım idi. Görünür kimlərəsə belə lazımdır”.

Rejissor Asif Rüstəmov.
Rejissor Asif Rüstəmov.

Rejissor Asif Rüstəmov da yeni qanun layihəsi ilə müqayisədə 98-ci ildə qəbul olunmuş qanuna üstünlük verdiyini söyləyir: “Lakonik olsaq, mövcud kino qanunu bütün çatışmazlıqlarına rəğmən məni yeni qanun layihəsindən daha çox qane edir. Əvvəla hər şeydən öndə məram gəlir! "İşçi qrupu"nu yeni qanunun qəbuluna sövq edən səbəblər tam aydın deyil və ya real problemləri əks eləmir. Yerli kino istehsalatın problemlərini və xüsusiyyətlərini nəzərə almadan, yenilik xatirinə hansısa hazır Avropa modelinin bir hissəsini Azərbaycana transfer eləmək cəhdi yalnız anlaşılmazlıqlar doğurur. Qanun müəllifinin dediyinə görə məram, bu yolla Azərbaycan filmlərini dünya bazarına çıxarıb, rəqabətli kommersiya məhsulu yaratmaq və beləliklə böyük gəlirlər əldə etməkdir. Azərbaycanda Hollivud, Bollivud və sairə yaratmaq kimi iddialı fikirlər əvvəllər də səsləndirilib. Ciddi kino adamları belə populist fikirləri yetərincə soyuq qarşılayırlar. Dünya kino bazarında bizim öz kiçik yerimiz var və bu, kommersiya filmləri yox, müəllif kinosudur. Reallıq bundan ibarətdir. Kosmik uğurlar ardınca qaçaraq, çətinliklə əldə etdiyimiz nəticələri məhv eləmək kimə və nəyə lazımdır?

İkincisi, təklif olunan qanun problemləri həll eləmək əvəzinə bir sıra yeni konflikt vəziyyətləri yaradır və həllini açıq buraxır. Buna el dilində "qaş düzəldən yerdə göz çıxarmaq" deyirlər. Düşünürəm ki, bu vəziyyətin yaranmasının “işçi qrupunda” real sektorun nümayəndələrinin - xüsusilə də heç bir rejissorun olmamasıdır. Ona görə də bu qanun layihəsi daha çox prodüserlərin, hətta distryubyuterlərin maraqlarını tərənnüm edir və istehsalatda yaradıcı mühit üçün gərək olan balansı pozur. İstehsalat prosesində rejissor-prodüser münasibətlərinin tənzimlənməsi isə tamamilə müəllif hüquqları haqda qanuna, daha doğrusu, o qanundakı boşluğa yönəldilir. Hələ heç mövcud olmayan virtual Film Komissiyası haqdakı bütöv bir bəndin hansı zərurətdən yazıldığı da təəccüb doğurur. Aydın olmayan və qapalı qalan məqamlar çoxdur. Qanunla bağlı məxfilik, mətbuatda elan olunan 40 bənddən ibarət qanun yerinə 42 bəndlik versiyanın müzakirəsi, işçi qrupun hələ də naməlum qalan tərkibi... Keçən ilin payızında mətbuata verilən informasiyaya görə bu qanunda kinonun bir-neçə illik vergilərdən azad ediləcəyi və sairə kimi imtiyazlara yol açacaq bəndlərindən də söz gedirdi. Məlum oldu ki, qanunda bu imtiyazlara yol açan və ümumən özəl sektorun maliyyələşməsinə yardımçı olan “güzəştli kreditlərin mümkünlüyündən” başqa heç bir bənd yoxdu və mətbuata ötürülənlər sırf ictimai dəstək qazanmaq üçün yayılan dezinformasiyadan başqa bir şey deyilmiş. Təbii ki, belə addımlar qanuna qarşı ictimai inamı ciddi sarsıdır. Amma bir neçə çox müsbət yenilik də var- bu da şəksizdir. Təbii ki, mövcud qanunda da boşluqlar varsa, doldurulmalıdır. Amma birbaşa kinoyla məşğul olan insanların müzakirələrdə iştirakdan kənarlaşdırılması nəticəsində, biz daha da natamam qanunlar silsiləsi əldə edirik. Əlavə qadağalar, boşluqlar və gələcək problemlər yığını. Mən köhnə qanuna əlavə və ixtisarların aparılması tərəfdarıyam, amma əgər yeni qanunun qəbul olunması bu qədər həyati zəruridirsə, çox şübhəsiz ki, layihə daha da işlənilməli, kino ictimaiyyətində daha açıq sürətdə müzakirə olunmalı, məsləhətləşmələr aparılmalıdır. Yeni qanun bütün kino işçilərinin maraqlarını tərənnüm etməlidir. Ümid edirəm ki, təklif etdiyimiz bir çox düzəlişlər və yeniliklər nəzərə alınacaq. Əks təqdirdə bu qanun kinonun inkişafına yox, yaradıcılığın, incəsənətin boğulub məhv olmasına gətirib çıxaracaq, 100 ildən çox tarixi olan kinomuzun geniş sərhədlərini bayağı məzhəkə çərçivəsinə salacaq.

Ümumən qanunun fəlsəfəsini ifadə etməyə çalışsaq, hələ ki, qısaca - İncəsənət əvəzinə kommersiya, rejissor əvəzinə prodüser, hüquqlar əvəzinə qadağalar təklif olunur”.

“Kinematoqrafiya haqqında qanun” layihəsindən narazı qalanlardan biri də rejissor Cavid Təvəkküldür. Onun fikrincə, yeni qanun qüvvəyə minsə, rejissorlar uzun müddət “yaşıl işığa” həsrət qala bilərlər: “Yeni qanun layihəsindənməmnun qalmadım. Mən hüquqşunas deyiləm, o üzdən ola bilər ki, nəyisə anlamıram, amma oxuduğum yeni qanundan və müzakirələrdən belə başa düşdüm ki, bu qanun qüvvəyə minsə, uzun müddət “yaşıl işıq” üzünə həsrət qala bilərik. Başa düşürəm, adamlar gecə-gündüz əziyyət çəkiblər, amma rejissorların, ümumiyyətlə, kinoda çalışan yaradıcı insanların heç bir hüququ qalmayıb, yaradıcılığa baryer olan qadağalar var yeni tərtib olunmuş qanunda. Kinoya ayrılan dövlət vəsaitinin bölünməsiylə bağlı tenderlər və şəffaflığın qorunması haqda bir kəlmə də yoxdur. Yaradıcı adamı qorumayan qanun kinonu məhvə aparır. Belə çıxır ki, ciddi kinoyla məşgul olmaq istəyən insanlar bundan sonra gedib özlərinə başqa iş tapmalıdırlar. Onu da deyim ki, yeni qanun hal-hazırda kino bazarında olan yeni filmlərin də, özəl sektorun da inkişafını əngəlləyir. O, kinoteatrlara yeni-yeni öyrəşən Azərbaycan vətəndaşlarını küsdürə bilər. Ehtiyatlı olmaq lazımdır. Rejissordan çox prodüseri önə çəkən bu qanun kinonun inkişafına xidmət edə bilərmi? Xeyr! Fikrimcə, elə köhnə qanunun üstündə müəyyən dəyişikliklər edib yaradıcılığa dayaq və sahib çıxa bilən yeni bir qanun tərtib etmək olardı”.

Yekun olaraq...

“Kinematoqrafiya haqqında qanun” layihəsinin müəlliflərinin dediklərinə görə, layihə hazırlanarkən müxtəlif ölkələrin bu sahədəki qanunvericilik təcrübələrindən yararlanıblar. Ancaq yaxın qonşumuz Gürcüstanın, eləcə də kinonun vətəni Fransanın və bir çox başqa ölkələrin qanunlarına nəzər salsaq, daha detallı və konret olduqlarını görmək mümkündü. Məsələn, Gürcüstanın kino qanununda milli film statusu, kinoya dövlət dəstəyi, güzəştlərin kriteriyaları ayrıca bəndlərdə geniş şəkildə izah olunur. Bizim yeni qanun layihəsi isə ümumi xarakter daşıyır və fərqli (zərərli) interpretasiyalara yol açır ki, bu da gələcəkdə kino sahəsində çalışan yaradıcı insanların özünüifadə azadlığını məhdudlaşdırmağa, həmçinin kinoda məmur hakimiyyətinin güclənməsinə şərait yarada bilər.

Kino bir industriya, kommersiya sahəsi olmazdan əvvəl sənətdir. “Butafilm” şirkətində baş tutan müzakirədə iştirak edənlərin rəylərindən də göründüyü kimi yeni layihə onu daha çox pul qazanmaq vasitəsi kimi təsbit edir. Bu isə Azərbaycan kinosunu nəinki inkişafdan saxlaya, onu cılızlaşdıra bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG