Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:39

'Azərbaycan hakimiyyəti dünyada öz yerini axtarırdı, indi tapdı'


Təhlükəsizlik Şurasının iclası
Təhlükəsizlik Şurasının iclası

Dövlət başçısı İlham Əliyevin xanımı Mehriban Əliyevanın birinci vitse-prezident təyin olunması, problemli kreditlər və regionların inkişafı ilə bağlı dövlət proqramlarının qəbul edilməsinə baxmayaraq, rayonlarda iqtisadi göstəricilərin aşağı düşməsi bu gün medianın aparıcı mövzusudur...

BİRİNCİ VİTSE-PREZİDENT

«Azərbaycan» qəzetində «Mehriban Əliyevanın vətənə, dövlətə və xalqa layiqli xidmət missiyası yeni mərhələyə qədəm qoyur» sərlövhəli məqalə dərc edilib.

Yazıda dövlət başçısı İlham Əliyevin xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi dəyərləndirilir.

Müəllif yazır ki, 2016-cı ilin sentyabrında konstitusiyaya dəyişikliklərlə bağlı referendumda dövlət idarəetmə sistemində yeni strukturun yaradılması nəzərdə tutulub. Bu, vitse-prezidentlik institutunun təsis edilməsidir: «Birmənalı şəkildə məmnunluq və rəğbətlə qarşılanan bu təyinat eyni zamanda sensasiya sayılmadı. Çünki, son 22 il ərzində respublikanın ictimai-siyasi həyatında xüsusi fəallığı ilə fərqlənən, ötən 14 il ərzində uğurlu fəaliyyətini ölkə hüdudlarından qlobal miqyasadək layiqincə genişləndirən Mehriban xanım yetərincə etimad qazanmış, xalqın inam ünvanına çevrilmişdir».

Müəllif M.Əliyevanın amnistiya aktlarının qəbulunda, Qərb dünyası ilə əlaqələrin möhkəmlənməsində, ölkədə beynəlxalq miqyaslı tədbirlərin keçirilməsində mühüm rola malik olduğunu xüsusi olaraq vurğulayır.

Müəllif hesab edir ki, bütün bu amillər M.Əliyevanın birinci vitse-prezident postuna gətirilməsinə səbəb olub.

Cəmil Həsənli
Cəmil Həsənli

«RESPUBLİKA DƏYƏRLƏRİ BİR AİLƏNİN GİROVUNA ÇEVRİLDİ»

Azadliq.info saytında isə «Bu təyinat dünya üçün gülməli, ölkə üçün ağlamalı bir hadisədir» sərlövhəli yazı oxumaq olar.

Bu yazıda «Azərbaycan» qəzetindən fərqli olaraq, dövlət başçısı İlham Əliyevin xanımı Mehriban Əliyevanı birinci vitse-prezident təyin etməsi mənfi hal kimi təhlil edilir.

Müəllif, Milli Şura sədri Cəmil Həsənli yazır ki, özünə hörmət edən bir ölkə başçısı bunu etməməli idi: «Mən hələ Milli Məclisin üzvü olanda, 2008-ci ildə həm çıxışımda və həm də müsahibəmdə demişdim ki, Azərbaycan Şimali Koreya modelinə doğru gedir. O zaman çoxları buna inanmırdı. Bu gün Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi bunu bir daha təsdiq etdi».

Tarixçi-professor daha sonra iki ölkə arasında paralellər aparır: «1994-cü ildə Kim İr Sen öləndə hakimiyyətə onun oğlu Kim Çen İr yiyələndi. Azərbaycanla eyni vaxtda, 2009-cu ildə Şimali Koreya Konstitusiyasında dəyişiklik edilərək dövlət başçısı Kim Çen İrin səlahiyyətləri artırıldı. 2011-ci ilin dekabrında o, öləndə isə «demokratik respublika» sayılan Şimali Koreyada hakimiyyət onun oğlu, Kim İr Senin nəvəsi Kim Çen Ina keçdi».

C.Həsənli vurğulayır ki, Şərqdə ilk demokratik respublika yaradan bir məmləkət dünyanın ən geridə qalmış ölkəsi ilə eyni səviyyəyə endirilir: «Respublika dəyərləri dekorasiyaya, bir ailənin girovuna çevrildi. Bəziləri əsaslandırmağa çalışır ki, qanun bunu qadağan etmir. Olsun. Amma qanun əxlaqi prinsiplərdən, mənəvi dəyərlərdən uzaq olan çox şeyi qadağan etmir. Azərbaycan hakimiyyəti dünyada öz yerini axtarırdı. İndi o, əminliklə bunu tapdı».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

KREDİT «KÖLƏLƏRİ»

«Exo» qəzetində «Azərbaycan vətəndaşları borc köləliyinə gedirlər» sərlövhəli məqalədə problemli kreditlər mövzusu ekspert Oqtay Haqverdiyevlə təhlil edilir.

Müəllif yazır ki, maliyyə böhranı Azərbaycanda çoxlarını borc köləliyinə məcbur edib.

Ekspert Oqtay Haqverdiyev qeyd edib ki, bu gün Azərbaycanda 2.5 milyon nəfərin borcu var: «Şübhəsiz ki, Azərbaycan əhalisinin maliyyə cəhətcən maarifləndirilməsinə ehtiyac var. Amma insan kredit üçün müraciət edəndə anlamalıdır ki, bunu qaytarmalıdır. Sonradan maliyyə köləliyinə düşməmək üçün elementar hesablamalar aparılmalı, faiz dərəcələri hesablanmalıdır».

O.Haqverdiyev deyib ki, indi Azərbaycan vətəndaşlarının bir çoxu yaxınlarından borc istəyə bilmir. Çünki çoxları borc verməyə cəsarət etmir: «Banklardan kredit almaq isə mürəkkəbləşib. Belə ki, vaxtıkeçmiş kreditlərin həcmi artır. Qeyri-bank kredit təşkilatları qalır ki, onlardan krediti daha asan almaq olar. Amma faizlər yüksəkdir. Əgər insan çıxılmaz duruma düşübsə və ona təcili pul lazımsa, bir qayda olaraq, bunu sonra necə qaytaracağını hesablamır».

Ekspert deyib ki, qeyri-bank təşkilatları, adətən, irihəcmli kreditlər vermirlər: «Təəssüf ki, Azərbaycanda sosial müdafiə yetərli səviyyədə deyil. Bəzən insanlar tibbi sığorta olmaması üzündən müalicələri üçün belə, banklardan kredit götürürlər. Odur ki, dövlət bu sahədə rolunu gücləndirməlidir».

Azərbaycanda vaxtıkeçmiş kreditlərin təqribən 1.5 milyard manat olduğu bildirilir.

Lənkəran
Lənkəran

REGİONLARDA GERİLƏMƏ «İNKİŞAFI»

«Novoye Vremya» qəzetində isə «Lənkəran nümunəsində regionların inkişafı» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif ölkənin regionlarında baş verən proseslərə aydınlıq gətirməyə çalışır.

Yazıda qeyd edilir ki, inkişafdan danışa bilməkdən ötrü göstəricilərin müqayisəsi olmalıdır. Müəllif 2016-cı və 2012-ci illərə aid göstəricilər arasında paralel aparır: «Bu həmin vaxtdır ki, regionların inkişafına dair ikinci dövlət proqramı başa çatıb, üçüncü proqrama start verilib. Biz bir təhlil ilə dövlət proqramının səmərəli olub-olmadığını da aydınlaşdıra bilərik».

Müəllif bildirir ki, Lənkəranda əkin sahələri genişləndiyinə görə ötən il 2015-ci ilə nisbətdə 3 dəfə çox çay yarpağı yığılıb. Amma bunun əvəzində əkin sahəsi azaldığına görə buğda istehsalı 6 faiz, bostan məhsulları 5 faiz, tərəvəz 16 faiz azalıb.

Yazıda vurğulanır ki, «Palmali» şirkətinin süd və süd məhsulları son 8 ildə regionun əsas sənaye istehsalı olub. 2012-ci ilin göstəricilərinə görə, şirkət regionda zərərlə işləyib. Amma 38.8 ton kərə yağı, 632 ton xama və pendir, 3 min 416 ton digər süd məhsulları istehsal edib.

2016-cı ildə isə regionda 6.6 ton kərə yağı, 285 ton pendir və xama, 2 min 416 ton da digər məhsullar istehsal olunub: «Başqa sözlə, 4 il ərzində süd məhsulları bir xeyli azalıb. Kərə yağı istehsalı 3, digər süd məhsulları istehsalı 2 dəfə düşüb».

Müəllif yazır ki, regionların inkişafı ilə bağlı üçüncü dövlət proqramı qəbul olmasına baxmayaraq, istehsal ildən-ilə azalır.

XS
SM
MD
LG