Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:24

Cəmil Həsənli: 'Necə olub ki, MTN rüşvətin içində üzüb, amma...'


İlham Əliyev
İlham Əliyev

Prezident İlham Əliyevin 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirakı, «Azadlıq» qəzetinin əməkdaşlarının Baş Prokurorluqda sorğu-sual edilməsi, ölkədə aztəminatlıların durumu və hökumətin parlamentdə gözlənilən hesabatı bu gün medianın aparıcı mövzusudur...

REGİONUN LİDERİ

«Azərbaycan» qəzetində «Regionun lider dövləti» sərlövhəli məqalə dərc edilib. Yazıda dövlət başçısı İlham Əliyevin bu günlərdə keçirilən 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirakı fonunda Azərbaycanın beynəlxalq düzəndə yeri və rolu dəyərləndirilir.

Müəllif hesab edir ki, dünya enerji təhlükəsizliyində Azərbaycan mühüm rola sahibdir: «Tikilib istifadəyə verilən boru kəmərləri Azərbaycan neftini dünya bazarına çıxarır. Azərbaycan qlobal qaz ixracatçısına çevrilib».

Müəllifə görə, enerji ehtiyatları Azərbaycanın həm dünyadakı rolunu, həm də iqtisadi qüdrətini möhkəmləndirir: «Son 13 ildə uğurla gerçəkləşdirilən yeni neft strategiyası nəticəsində Azərbaycan bölgədə hansısa asılılığı olmayan, tələbatını daxili imkanlar hesabına ödəməyə qadir olan yeganə respublika kimi çıxış edir».

Yazıda qeyd edilir ki, Münhen konfransında dövlət başçısı İlham Əliyev Azərbaycanın həm də multikultural məkan olmasına diqqət çəkib: «Azərbaycan əsrlər boyu sivilizasiyaların qovuşduğu bir məkan olub və bu gün də tarixi irsimizi qoruyub saxlayırıq. Biz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilməyimizdən qürur duyuruq».

Müəllif yazır ki, bu konfransda Azərbaycan Cənubi Qafqaz regionunun ən qüdrətli dövləti kimi qəbul edilib.

Cəmil Həsənli
Cəmil Həsənli

«QARA KASSA»LARI GÖRMƏYİB, «BAŞSAĞLIĞI»LARINDA KORRUPSİYA AXTARANLAR...

Azadliq.info saytında «Cəmil Həsənli «Azadlıq»a qarşı cinayət təqibindən yazdı» sərlövhəli məqalə oxumaq olar.

Milli Şura sədri Cəmil Həsənli yazır ki, «Azadlıq» qəzetinin əməkdaşları Baş Prokurorluğa çağrılıb dindirilir, onlardan qəzetin maliyyə məsələləri ilə bağlı suallar soruşulur: «Qəribədir ki, korrupsiya və rüşvətin səviyyəsinə görə Muqabe Zimbabvesindən də 8 pillə geridə olan Azərbaycanın Baş Prokurorluğu uzun müddət nisyə çıxmış bir qəzetin redaksiyasında maliyyə pozuntuları, korrupsiya izləri axtarır».

C.Həsənli qeyd edir ki, istintaq orqanları hətta vəfat etmiş şəxslərlə bağlı qəzetdə müxtəlif vaxtlarda başsağlığı vermiş insanlardan belə ifadələr alırlar: «Bu məsələ ölkənin maliyyə-iqtisadi həyatına son dərəcə «ciddi təsir göstərdiyindən» Baş Prokurorluq Şeyx Nəsrullah axtarır ki, rəhmətlikləri diriltsin. Onlardan soruşsun ki, ey əhli qubur, sən bu dünyadan köçəndə filan dostun, qohumun və onların dostları sənin üçün pul ödəyib, ya məccani başsağlığı veriblər?».

Milli Şura sədri rüşvətin, korrupsiyanın, büdcə talançılığının ayaq açıb yeridiyi bir məmləkətdə ölülərə verilən elanlarda cinayət izləri axtarmağı son dərəcə abırsızlıq sayır.

C.Həsənli qeyd edir ki, ölü elanlarında yeyinti izləri axtaran Baş Prokurorluğa Milli Şura ilyarım öncə Panama ofşor şirkətlərində vəzifəli şəxslərə və hakim ailə üzvlərinə məxsus aşkarlanmış gizli bank hesabları ilə bağlı araşdırma aparılması barədə müraciət edib. Amma indiyə qədər bundan heç bir səs-səmir çıxmayıb: «Bəs necə olub ki, MTN rüşvətin içində üzüb, amma ona nəzarət funksiyasını həyata keçirən bir orqanın bundan xəbəri olmayıb? Uzun illər nazir kimi yüksək bir vəzifədə işləmiş şəxs özü yazılı şəkildə etiraf edir ki, nazirliyin korrupsiya pulları hesabına formalaşan «qara kassasından» hər ay iri məbləğdə paket alıb və bir o qədər vəsaitin də hər ay başqa bir nazirə rüşvət olaraq göndərilməsinə göstəriş verib...».

C.Həsənli Baş Prokurorluğa sual edir: «Paket əməliyyatı» haqqında hansı tədbirləri görülüb?

Pensioner.
Pensioner.

YOXSULLARA KARTOÇKA...

«Exo» qəzetində «Azərbaycanda yoxsullara ərzaq kartoçkaları və ərzaq bazarı kömək etməz» sərlövhəli məqalə diqqət çəkir. Yazıda ölkədə yoxsul təbəqənin dururmu ekspertlərlə müzakirə edilir.

Müəllif yazır ki, Azərbaycanda 2015-ci ildən başlayan maliyyə böhranı hələ də davam edir, aztəminatlı ailələrin sayı da çoxalır.

Yazıda qeyd edilir ki, dünyanın bir çox ölkələrində hökumətlər, bəzilərində isə varlı iş adamları yoxsullardan ötrü müxtəlif səpgili xeyriyyə tədbirləri keçirirlər. Müəllif vurğulayır ki, Rusiyada bu il yoxsullardan ötrü ərzaq kartoçkaları hazırlanacaq.

Yazıda xatırladır ki, Azərbaycanda aztəminatlı ailələrdən ötrü xüsusi ərzaq bazarının tikiləcəyi vədi verilib. Amma, hələ ki, bu söz olaraq qalır:

«Hazırda Azərbaycanda aylıq gəliri 116 manatdan az olan şəxs yoxsul sayılır. Hesab edirəm ki, nə ərzaq kartoçkaları, nə də xüsusi ərzaq bazarı yoxsulların durumuna müsbət təsir edə bilər. Sadəcə ünvanlı sosial yardım sistemini təkmilləşdirmək lazımdır ki, onu kartla da vermək mümkün olsun»,- deyə ekspert Nəriman Ağayev durumu qəzetə belə şərh edib.

Yazıda qeyd edilir ki, rəsmi statistikaya görə, ölkədə 5 faiz yoxsul var. Ancaq ekspertlər reallıqda bunun daha çox olduğunu düşünürlər.

Artur Rasizadə
Artur Rasizadə

HÖKUMƏTİN 10 DƏQİQƏLİK HESABATI

«Novoye Vremya» qəzetində «Nazirlər Kabinetinin hesabat verməsinin mənası varmı?» sualına cavab axtarılır.

Yazıda qeyd edilir ki, martın 17-də baş nazir Artur Rasizadə parlamentdə hökumətin illik hesabatını verməlidir.

Müəllifə görə, indiki durum hökumətdən iqtisadiyyata xüsusi yanaşma tələb edir. Odur ki, heç olmasa, iqtisadiyyatın böhrandan çıxmasından ötrü ümumi cizgilər göstərilməlidir.

Müəllif hesab edir ki, indiki vəziyyət növbəti 10 dəqiqəlik çıxışla yekunlaşa bilməz: «Nə qədər deyilməlidir ki, hesabatlarda 80 yaşlı baş nazir bir neçə dəqiqə ərzində kimin hazırladığı məlum olmayan bir mətni oxuyur. Cəmiyyət təkcə hökumətin keçən ilə aid hesabatını gözləmir. yaxın perspektivə fəaliyyət planını, ən yaxşısı isə ölkədə iqtisadi islahatların başlanmasının elan olunmasını gözləyir».

Müəllif deputatların da məsuliyyətini xatırladır. Yazıda deyilir ki, deputatlar nazirlərin qarşısında cəmiyyəti narahat edən suallar qaldırmalıdırlar: «Heç kəsə sirr deyil ki, deputatlar yuxarıdan göstəriş olmayınca, nə nazirlərə, nə də baş nazirə «əlverişli» olmayan sual verirlər».

XS
SM
MD
LG