Keçid linkləri

2026, 08 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:32

Azərbaycan xəbərləri

Neftdənkənar ixracat 30 milyon dollar azalıb

İxrac məhsulları (arxiv fotosu).
İxrac məhsulları (arxiv fotosu).

İlin birinci ayı neftdənkənar sektora uğur gətirməyib. Dekabr ayı ilə müqayisədə neftdənkənar sənaye sahələrində çalışan müəssisələrin ixracatdakı payı 30 milyon dollar azalıb.

Dövlət Gömrük Komitəsinin (DGK-nın) məlumatına görə, yanvarda qeyri-neft məhsullarının ixrac həcmi 92,3 milyon dollar olub. Bu, ötən ilin eyni ayı ilə müqayisədə 32,5 milyon dollarlıq artım deməkdir. Amma nəzərə alanda ki bu il xam neft, neft məhsulları və təbii qazın idxalından gəlir (712,3 milyon dollar) ötən ildəkindən 132,1 milyon dollar yüksək olub, həmin artım heç də ürəkaçan görünmür.

Buna da bax:​ Ötən il qeyri-neft ixracı azalıb

Ötən illə müqayisədə meyvə-tərəvəz, plastmas, alüminium və s. məhsulların da ixracı artıb.

Hökumət qeyri-neft məhsullarının ixracını stimullaşdırmaq məqsədilə ixracatçılara bir neçə aydır pul ödəməyə başlayıb. Kənd təsərrüfatı məhsulu, içki və digər mal ixrac etmiş sahibkarlara indiyədək toplam 600 min manat ödənilib.

Bütün xəbərləri izləyin

Kamal İsayevə 8 il 6 ay həbs cəzası verilib

Kamal İsayev
Kamal İsayev

Sentyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Kamal İsayevin işi üzrə sonuncu məhkəmə prosesi keçirilib.

Yaxınlarının yaydığı məluma görə, o, 8 il yarım müddətinə azadlıqdan məhrum edilib.

Azərbaycanda etnik azlıqlarla bağlı çıxışları ilə tanınan Rusiya vətəndaşı K.İsayevin ötən il İstanbulda saxlanıb Bakıya gətirildiyi bildirilmişdi. O, Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi), 281-1.2-ci (Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına yönələn atribut və simvolların qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yayılması) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə salınması) maddələri ilə ittiham olunub.

Yaxınlarının bildirməsinə görə, müdafiə tərəfi məhkəmədə ittihamlarla razılaşmayıb. Onlar K.İsayevin fəaliyyətinin yalnız talış dilinin və milli-mədəni irsin qorunmasına yönəldiyini vurğulayıblar. Qeyd olunub ki, ana dilinin inkişafı milli azlıqların öz mədəni kimliyini qoruması baxımından beynəlxalq standartlarla təmin edilən fundamental hüquqlardan biridir.

K.İsayev özü də çıxış edərək hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və heç vaxt milli ayrıseçkilik etmədiyini bildirib. O, ittihamların üzərindən götürülməsini və azadlığa buraxılmasını xahiş edib.

Dövlət ittihamçısı İsayevə 9 il 6 ay həbs cəzasının verilməsini istəyib.

Məhkəmə müşavirədən qayıtdıqdan sonra hökmü elan edib. Hökmə əsasən, o, 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

17.11.2025

Hökumətin etnik azlıqlarla bağlı tənqidçisinin tutulub Azərbaycana gətirildiyi deyilir

Azərbaycan hakimiyyətini etnik azlıqlara münasibətlə bağlı tənqid edən Rusiya vətəndaşı Kamal İsayevin İstanbulda saxlanılıb Bakıya gətirildiyi bildirilir. Bu barədə onun xanımı Aida İsayeva və başqa yaxınları məlumat yayıb.

Rusiyada yaşayan A.İsayeva deyir ki, K.İsayev ilə noyabrın 7-dən əlaqə saxlamaq mümkün olmayıb.

Onun sözlərinə görə, noyabrın 12-də vəkil K.İsayevin bacısına zəng edərək onun İstanbulda saxlanılıb Bakıya gətirildiyini və hazırda təcridxanada olduğunu söyləyib: "Vəkil deyir ki, guya Kamal həbsin ictimailəşməsini istəmir. Mən isə bunun yalan olduğunu bilirəm. Eyni hal İqbal Əbilovun da başına gəldi".

A.İsayeva "Facebook" hesabında Rusiya prezidenti Vladimir Putinə müraciət edərək ərinin azad olunmasına yardım göstərilməsini də xahiş edib.

Bu deyilənləri Azərbaycanın hüquq-mühafizə qurumlarından dəqiqləşdirmək mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə milli azlıqlara bütün lazımı imkan və hüquqlar verilib.

K.İsayevin "YouTube" platformasında "Jahid Kamal", "Arya Toloş" adlı kanalları olduğu və onun Azərbaycan hakimiyyətinin etnik azlıqlarla bağlı siyasətini tənqid etdiyi bildirilir.

Bundan əvvəl Belarusda yaşayan talış mədəniyyəti tədqiqatçısı İqbal Əbilov doğmalarının yaşadığı Azərbaycana səfəri zamanı - 2024-cü il iyulun 22-də saxlanılmışdı. Ona Lənkəran Ağır Cinayətlər Məhkəməsi 18 il həbs cəzası verib. İttihama görə, İ.Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda və milli zəmində nifrət yaratmaq cəhdində günahlandırılır.

Əbilovun Hüquqlarını Müdafiə Komitəsi isə bildirir ki, o, heç bir siyasi fəaliyyətlə məşğul olmayıb, "yeganə cinayəti" elmi obyektivlik və mədəni irsin qorunması olub.

Nazir: Subsidiyaların ayrılması zamanı süni intellektdən istifadə olunur

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov

2026-cı ildən etibarən subsidiyaların ayrılması zamanı əkin sahələrinin yoxlanılmasında da süni intellektdən istifadə olunur.

AZƏRTAC-ın xəbərinə görə, bunu sentyabrın 8-də Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində jurnalistlərə müsahibəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib.

"Peyk vasitəsilə çəkilən təsvirlər süni intellekt vasitəsilə avtomatik təhlil edilir, ərazinin koordinatları, əkinin mövcudluğu, onun inkişaf fazaları və ümumi vəziyyəti dəqiqləşdirildikdən sonra subsidiyaların ödənişi həyata keçirilir”, - o vurğulayıb.

Azərbaycanda aqrar sektorda subsidiyalarla bağlı bir sıra dəyişikliklər edilib. Sentyabrın 7-də açıqlanan dəyişiklikləri Aqrar Subsidiya Şurası yeni dövlət dəstəyi mexanizmi kimi təqdim edib. Bu qərara görə, həm bir sıra sahələr üzrə yeni subsidiyalar veriləcək, həm də bəzi hallarda onun miqdarı artırılacaq.

Amma bir sıra müstəqil iqtisadçılar hesab edir ki, bu dəyişikliklərdən əsasən "oliqarx məmurlar" faydalanacaq. Onların fikrincə, yeni qərarda qoyulan bəzi şərtlər bunu deməyə əsas verir. Həmin iqtisadçılar vurğulayır ki, xüsusən heyvandarlıqla bağlı yeni subsidiyalarda həm örüş yerlərinin sahəsi və həm də mal-qaranın sayı ilə bağlı göstərilən həddə sadə fermerlər çata bilməzlər.

Amma kənd təsərrüfatı naziri jurnalistlərə deyib ki, subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib.

Azərbaycanda aqrar subsidiyaların verilməsinə 2007-ci ildən — yanacağın qiymət artımı ilə paralel olaraq başlanılıb. Ötən illər ərzində subsidiyaların həcmi vaxtaşırı artırılıb.

Hesablama Palatası bu il Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) və Aqrar Subsidiya Şurasının son 3 illik fəaliyyəti ilə bağlı audit nəticəsində bir sıra pozuntu, uyğunsuzluq aşkar etdiyini açıqlamışdı. Orada bildirilirdi ki, hətta suvarılmayan sahələrə subsidiya verilib.

Bir il əvvəl isə Maliyyə Nazirliyi də əkin sahələri üçün ayrılan subsidiyaların məbləği ilə istehsal həcmi arasında uyğunsuzluğa diqqət çəkmişdi.

'Sahəni şişirdirlər' - Şumlanmayan torpaqlara 24 milyonluq subsidiya necə ayrılıb
Gözlə

No media source currently available

0:00 0:02:54 0:00


Mərkəzi Bank valyuta bazarına müdaxilə edib

Mərkəzi Bank
Mərkəzi Bank

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin avqust ayında valyuta bazarına alışyönümlü müdaxilə edib.

Qurumun məlumatına görə, tədiyə balansının cari əməliyyatlar hesabındakı profisit və maliyyə sektorundakı dedollarlaşma (əhalinin əmanətlərində xarici valyutanın payının azalması) prosesinin davam etməsi fonunda valyuta bazarında təklif tələbi üstələyib: "Yaranmış bu şəraitdə Mərkəzi Bank cari ilin avqust ayında valyuta bazarından 1.5 milyard ABŞ dolları məbləğində alış həyata keçirib. Nəticədə ilin ötən dövrü ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 3.8 milyard ABŞ dolları və ya 33 faiz artaraq tarixi maksimuma – 15.3 milyard dollara yüksəlib".

Müstəqil iqtisadçılar isə ölkədə dollara tələbatın azalmasını əsasən iqtisadi fəallığın zəifləməsi ilə izah edirlər. Hələlik iqtisadi artım 1 faiz civarında dəyişir. Müstəqil iqtisadçılar bunu inkişaf saymırlar.

Xatırlatma

Azərbaycanda 2017-ci ilin yazından ABŞ dollarının məzənnəsi dəyişmir. 1 dollar 1 manat 70 qəpiyə bərabərdir.

2015-ci ildə dalbadal baş verən devalvasiyalardan (manatın iki dəfə dəyər itirməsindən) sonra Mərkəzi Bank "üzən məzənnə" rejiminə keçildiyini bəyan etsə də, sonradan bu rejimdən faktiki imtina olunub.

Putin Əliyevə zəng vurub

V.Putin və İ.Əliyev
V.Putin və İ.Əliyev

Sentyabrın 7-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatına görə, telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.

İkitərəfli əlaqələrin müxtəlif səviyyələrdə intensivləşdirilməsi barədə razılıq əldə olunub.

4 il əvvəl, fevralın 22-də Moskvada Azərbaycan və Rusiya dövlət başçıları iki ölkə arasında "Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə" imzalayıblar. Sənəddə həm siyasi, həm iqtisadi, həm də ticari sahələrdə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyi əks edilib.

O vaxtdan iki ölkə arasında ticarət əlaqələrində inkişaf var. Amma, bununla belə, müəyyən gərginliklər də müşahidə edilib. Lakin sonradan tərəflər anlaşılmazlıqların aradan qaldırıldığını bəyan ediblər. Xüsusilə bu baxımdan 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan "Embraer 190" təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması və nəticədə 38 nəfərin həlak olması diqqət çəkmişdi. Azərbaycan rəsmiləri təyyarəyə Rusiya hava məkanında müdaxilə olunduğunu və onun kursdan çıxaraq Qazaxıstan istiqamətinə yönəldiyini vurğulayaraq hadisəyə görə Rusiyanın məsuliyyət daşıdığını bildirirdilər. Bakı rəsmi Moskvadan qəzaya görə məsuliyyəti etiraf etməyi, günahkarların cəzalandırılmasını və kompensasiya ödənilməsini tələb edirdi. Rusiya tərəfi ilkin mərhələdə üzrxahlıq etsə də, digər tələblər uzun müddət yerinə yetirilməmiş qalırdı. Amma bu ilin aprelində AZAL-ın təyyarəsinin qəzası ilə bağlı Azərbaycan və Rusiya arasında razılıq əldə olunduğu açıqlandı.

Bu arada həm Rusiyada Azərbaycan diasporunun təmsilçilərindən, həm də Bakıda Rusiya vətəndaşlarından müxtəlif ittihamlarla həbs edilənlər olmuşdu. Lakin liderlərin birbaşa təmaslarından sonra Azərbaycan tutulan Rusiya vətəndaşlarından "Sputnik-Azərbaycan"ın əməkdaşları sərbəst buraxmışdı.

AXCP: 'Zamin Salayevə 30 sutka həbs verilib'

Zamin Salayev
Zamin Salayev

Bir ay öncə həbsdən azadlığa buraxılan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Zamin Salayevin sentyabrın 4-də 30 sutka inzibati qaydada həbs edildiyi bildirilir.

AXCP-nin ayrı-ayrı fəallarının yaydığı məlumata görə, bununla bağlı qərar günün ikinci yarısı Salyan rayon Məhkəməsində verilib: "İlkin məlumata görə, o, İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq) və 535 (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə günahlandırılıb".

Bu məlumatı Salyan rayon Məhkəməsinin özündən dəqiqləşdirmək mümkün olmayıb.

Saatlar öncə AXCP fəalının yenidən saxlanıldığı bildirilirdi. Ailəsinin vurğulamasına görə, Salayevin harada olduğunu dəqiqləşdirə bilmirdilər.

7 avqust

Zamin Salayev azadlığa çıxıb

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) fəalı Zamin (Əlizamin) Salayev 3 il 6 aydan sonra azadlığa çıxıb. Bu barədə siyasi fəallar sosial şəbəkədə paylaşım ediblər.

Salayev 2023-cü il mayın 22-də Qaradağ rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, həmin il fevralın 7-də saxlanılıb və Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində əşya tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunub. AXCP fəalı ittihamı qəbul etmirdi.

Xatırlatma

AXCP-nin Salyan şöbəsinin sədri Salayev bundan əvvəl — 2020-ci ilin aprelində Salyan rayon Məhkəməsinin hökmü ilə 2 il 3 ay müddətinə həbs cəzası almışdı. Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə Salyan rayon Polis Şöbəsinin əməkdaşı Həmzə Əzizovla mübahisəsinin videosunu paylaşmışdı. Həmin videoda AXCP üzvü polis əməkdaşını rayonda yaşayan bir qadına təcavüzdə ittiham edirdi. Video yayımlandıqdan sonra polis əməkdaşı Salyan rayon Məhkəməsində xüsusi ittiham qaydasında iddia qaldıraraq onun həbsini tələb etmişdi.

Videoda adı çəkilən qadın isə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il həbs cəzasına məhkum edilib. O, polisin zorakı hərəkətlərindən müdafiə olunmaq üçün bu addımı atdığını bildirsə də, polis əməkdaşı onun dediklərinin həqiqəti əks etdirmədiyini söyləyib.

Salayev 2022-ci il yanvarın 19-da — Amnistiya Aktı ilə əlaqədar cəza müddətinin başa çatmasına bir neçə ay qalmış azadlığa buraxılmışdı.

İqtisadiyyat 1.4 faiz artıb, vergi yığımları 10 faizə yaxın

Bu ilin ilk maaşından cibdə nə qədər pul qaldı? - Vergi güzəştlərinin ləğvi başladı
Gözlə

No media source currently available

0:00 0:03:40 0:00

Vergi güzəştinin ləğvindən sonra Azərbaycanda büdcə gəlirləri 10 faizə yaxın artırıb.

Dövlət Vergi Xidmətinin sentyabrın 4-də yaydığı məlumata görə, 2026-cı ilin yanvar – avqust aylarında onların xətti ilə dövlət büdcəsinə 12 milyard 619.1 milyon manat vergi daxil olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9.2 faiz və ya 1 milyard 58 milyon manat çoxdur.

Qeyri-neft-qaz sektorundan vergi yığımları 12.3 faiz (1 milyard 34.1 milyon manat) artaraq 9 milyard 468.7 milyon manata çatıb. Nəticədə büdcəyə proqnozdan kənar 281.7 milyon manat əlavə vəsait ödənilib.

Bu il ölkə iqtisadiyyatında nəzərəçarpan artım qeydə alınmayıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin ilk yeddi ayında iqtisadi böyümə cəmi 1.4 faiz təşkil edib.

Əvəzində, bu il Azərbaycanda qeyri-dövlət sektoru üçün 7 illik güzəşt ləğv edilib.Onlar gəlir vergisinə cəlb edilib.

Bu il həmçinin ölkədə bir sıra sahələr üzrə cərimə və rüsumların məbləği artırılıb. O cümlədən vergi uçotuna durmadan qanunsuz sahibkarlıq fəaliyyətinə görə tətbiq olunan 40 manatlıq maliyyə sanksiyası 200 manata qaldırılıb.

Komitə: İrandan gələn soğanın altından marixuana çıxdı [Video]

Külli miqdarda qurudulmuş marixuana aşkar edilib
Külli miqdarda qurudulmuş marixuana aşkar edilib

İrandan Rusiyaya soğan daşıyan yük avtomobilində 25 kiloqram marixuana aşkarlanıb. Bu barədə Dövlət Gömrük Komitəsi (DGK) sentyabrın 4-də məlumat yayıb.

Məlumata görə, İrandan Rusiyaya soğan aparan yük maşını "Biləsuvar" gömrük postunda saxlanılıb. Azərbaycan üzərindən tranzit keçən bu avtomobil rentgen aparatından keçirilib və xüsusi təlim görmüş itlə ətraflı yoxlanılıb: "Yoxlama zamanı üzərinə soğan yığılan taxta paletlərin altında xüsusi düzəldilmiş gizli saxlanc yeri aşkarlanıb. Gömrük nəzarətindən gizlədilən həmin bölmədən 80 bağlamada ümumi çəkisi 25 kiloqram 570 qram olan qurudulmuş marixuana tapılıb".

Hələlik rəsmi açıqlamaya yük maşının sürücüsü və İranın cavabdeh qurumlarının münasibəti bəlli deyil.

DGK İrandan Azərbaycan vasitəsilə dünyanın müxtəlif ölkələrinə, xüsusilə də Rusiyaya narkotik daşınması cəhdləri barədə vaxtaşırı məlumatlar yayır.

Hətta bu ilin iyununda bildirilmişdi ki, İrandan Rusiyaya gül kələmi aparan yük avtomobilində 90 kiloqramdan çox marixuana tapılıb.

Üstəlik, İrandan narkotik daşıyan pilotsuz uçuş aparatlarının da aşkarlandığı açıqlanıb.

Ümumilikdə, ölkədə müsadirə edilən xarici mənşəli narkotiklərin böyük hissəsinin məhz İran vasitəsilə qaçaqmalçılıq yolu ilə gətirildiyi vurğulanır.

Tehran tərəfindən bu qəbildən olan rəsmi ittihamlar əksər hallarda cavabsız qalır. Amma İran rəsmilərinin bundan əvvəl ümumən qeyd etmələrinə görə, ölkələri, təəssüf ki, dünyanın əsas narkotik qaçaqmalçılığı marşrutları üzərində yerləşir. "Biz bu bəlanın qarşısını almaq üçün çox ciddi tədbirlər görürük", - deyə rəsmilər vurğulayıblar.

Dana əti 'ceyran belində'

Azərbaycanlı avropalıdan iki dəfə az ət yeyir, amma... 'Qiymət artımı qaçılmazdır'
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Son günlər Azərbaycanda yenidən dana ətinin bahalaşdığı bildirilir.

Bakı sakinlərinin sözlərinə görə, hazırda paytaxtın bir sıra pərakəndə satış məntəqələrində sümüklü dana əti 18 manat 50 qəpiyə, sümüksüz ət isə 23 manata təklif olunur.

Satıcılar baş verənləri tədarükçülərin qiymət artımı ilə izah edirlər.

Ötən ilin eyni dövründə Azərbaycanda dana ətinin kiloqramı 16, iki il əvvəl isə 13-14 manata satılırdı. Bu ilin əvvəlində də ölkədə dana ətinin 1 manat civarında bahalaşdığı açıqlanmışdı.

Hökumət rəsmiləri hələlik ətlə bağlı son qiymət artımını şərh etməyiblər. Müstəqil iqtisadçılar isə bunu əsasən ölkədə ətə olan tələbatın ödənilməməsi və ümumilikdə inflyasiya prosesi ilə izah edirlər.

Dövlət Statistika Komitəsinin son məlumatında bildirilirdi ki, bu ilin yanvar-iyul aylarında ötən ilin eyni dövrü ilə müqayisədə ət istehsalı 3.8 faiz artıb. Bu ilin 7 ayında ət istehsalının 248.2 min ton olduğu vurğulanıb. Lakin müstəqil iqtisadçılar bu artımı yetərli saymırlar. Üstəlik, onlardan bəziləri istehsalda artımın şişirdilməsindən şübhələnirlər.

Dövlət Gömrük Komitəsinin məlumatında isə bu ilin 7 ayında ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə ət idxalının artdığı bildirilir.

Müstəqil iqtisadçılar bahalaşmanın səbəblərini şərh edərkən son illər ölkədə həm mal-qaranın sayının azalmasını, həm də yem məhsullarının bahalaşmasını əsas gətirirlər. Onlar vurğulayırlar ki, son illər pambıq əkininin genişləndirilməsi səbəbindən ölkədə örüş yerlərində azalma var.

Azərbaycanda internat məktəbləri azalıb

Uşaq Evlərinin 29 ildir dəyişməyən qida rasionu
Gözlə

No media source currently available

0:00 0:07:23 0:00

Azərbaycanda son illər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsil müəssisələrinin sayında azalma var.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin "Azərbaycanda uşaqlar" adlı son statistik məcmuəsində öz əksini tapıb.

Məcmuədə bildirilir ki, 2005/2006 tədris ilində 21 olan belə müəssisələrin sayı 2025/2026-cı illərdə 16-ya enib. Həmin illər ərzində orada təhsil alan şagirdlərin sayı da 6 min 402-dən 4 min 312-ə düşüb.

Amma sağlamlıq imkanı məhdud uşaqların ümumi dəqiq statistikası açıqlanmayıb. Ona görə onların nə qədərinin təhsildən kənarda qaldığını müəyyən etmək çətindir.

Bununla belə, bu tip məktəblərin tərkibinə nəzər yetirəndə bəlli olur ki, bağlananlar əsasən internat məktəbləridir.

Son illər Azərbaycanda həm doğuşda, həm də ümumtəhsil müəssisələrin sayında azalma var.

Goranboyda sursat anbarında yanğın olub, insanlar təxliyə edilib

Goranboyda sursat anbarında partlayış
Goranboyda sursat anbarında partlayış

Sentyabrın 1-dən 2-nə keçən gecə Goranboy rayonunda yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.

Bununla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb.

Məlumatda deyilir ki, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi üçün aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlər görülür. Habelə bildirilir ki, vəziyyət nəzarətə alınıb.

Açıqlamaya görə, hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.

"Xəsarət alan olmayıb", - rəsmi məlumatda əlavə edilir.

Amma hadisənin miqyası və səbəbi açıqlanmır.

Xatırlatma

Azərbaycanda buna qədər bir neçə buna oxşar hadisə baş verib. Onlardan ən böyüyü 2017-ci il avqustun 27-də Xızı rayonunda yaşanıb. Onda sursat anbarında baş verənlər nəticəsində mərmi və qəlpələr ətraf yaşayış məntəqələrinə səpələnmişdi, sakinlər təxliyə edilmişdilər. Həmin hadisədə də ölən olmadığı, amma altı nəfərin qəlpə yarası aldığı bildirilirdi.

Sonradan yerli sakinlər dedilər ki, onların evlərinə dəyən ziyanın əvvəlcə ödəniləcəyi söylənsə də, bu, yerinə yetirilməyib. Lakin Xızı rayon İcra Hakimiyyətindən bildirdilər ki, partlayış nəticəsində zərər çəkmiş əmlaklar hadisə ilə bağlı yaradılmış komissiya tərəfindən siyahıya alınıb və gərəkən tədbirlər görülür.

İran prezidenti Azərbaycanla münasibətləri genişləndirməkdə maraqlı olduqlarını deyir

Azərbaycan və İran prezidentləri görüşür
Azərbaycan və İran prezidentləri görüşür

Avqustun 31-də Bişkekdə Azərbaycan prezidenti İlham Əliyevin İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianla görüşü olub.

AZƏRTAC-ın xəbərinə görə, Pezeşkian ölkəsinin üzləşdiyi çətin vəziyyətdə Əliyevin mövqeyinin, nümayiş etdirdiyi dəstəyin, həmçinin Azərbaycan tərəfindən göstərilən humanitar yardımın İran dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini vurğulayıb.

Əlaqələrin inkişaf etdirilməsi üçün çox yaxşı imkanların olduğunu deyən İran prezidenti Azərbaycanla bütün sahələrdə münasibətləri genişləndirməkdə maraqlı olduqlarını qeyd edib.

Əliyev də, öz növbəsində, İranın üzləşdiyi bu şəraitdə Azərbaycanın yardımının qardaşlıq nümunəsi olduğunu vurğulayıb. O deyib ki, ölkəsi İranla bağlı yaranmış vəziyyətin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarıdır.

Söhbət zamanı Azərbaycanla İran arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Əliyev və Pezeşkian Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak etmək üçün avqustun 31-də Qırğızıstana işgüzar səfərə gəliblər.

Xatırlatma

Azərbaycan-İran münasibətləri 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumdan sonra xeyli gərginləşib. Həmin hücumda bir nəfər həlak olmuşdu.

Sonrakı dövrdə əlaqələrdə müəyyən yumşalma yaranıb, tərəflər birgə hərbi təlimlər keçirib. Amma regional geosiyasi gərginlik fonunda yeni böhranlar yaşanıb. Xüsusilə 2026-cı ilin martında İsrail və ABŞ-nin İranla hərbi toqquşmaları zamanı Azərbaycanın Naxçıvan bölgəsinə dronların düşməsi münasibətləri yenidən sınağa çəkib. Prezident Əliyev bu hadisəni "terror aktı" kimi pisləyərək İrandan rəsmi üzrxahlıq tələb edib. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan edərək araşdırma aparılacağını bildirib. Gərginlik səbəbindən dayandırılan yük daşımaları iki ölkə liderinin telefon danışığından sonra bərpa edilib. Ardınca Azərbaycan İrana humanitar yardım göndərib.

Son vaxtlar ABŞ İrana qarşı illərlə davam edən sanksiyaları bir az da gücləndirib.ABŞ İranın nüvə proqramını dünyaya təhdid sayır.İran isə həmin proqramdan geri çəkildiyini açıqlamır.

Azərbaycanda istehlak kreditləri durmadan artır

Problemli kreditlər azalmır, artır
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Azərbaycan banklarında istehlak kreditlərinin həcmi 10 milyard manatı keçib. Bu il avqustun 1-nə olan rəsmi statistikaya əsasən, bu göstərici ümumi kredit portfelinin 31.3 faizinə bərabərdir. Portfelin 45 faizini biznes, yerdə qalan hissəsini isə ipoteka kreditləri təşkil edib.

Azərbaycanda son illər istehlak kreditləri durmadan artır. Elə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak kreditlərində təqribən 1 milyard manat artım var.

İstehlak kreditləri (ehtiyac krediti) banklardan və ya kredit təşkilatlarından şəxsi məqsədlər üçün alınan nağd kredit növüdür. İnsana məişət texnikası, ev təmiri, tibbi xərclər, səyahət və ya təhsil kimi xərclər üçün əlavə maliyyə dəstəyi sayılır.

3 il əvvəl - avqustun 1-nə olan göstəricilərə görə, portfeldə istehlak kreditləri cəmi 6.3 milyard təşkil etmişdi.

İqtisadçılar istehlak kreditlərində belə kəskin artımı çox mənfi hal kimi dəyərləndirirlər. Onların fikrincə, bu əhalinin güzəranın getdikcə pisləşməsinin göstəricisidir.

İqtisadçı rəyi

İqtisadçı Natiq Cəfərli də Facebook səhifəsində yazıb ki, belə kəskin artımın səbəbi bir tək vətəndaşın irrosional davranışı, kredit götürmək həvəsinin artması deyil, həm də, əhalinin real gəlirlərinin azalmasıdır: "Bundan başqa, məncə, son zamanlar istehlak, nağd kreditlərin artma səbəblərindən biri də kiçik sahibkarların boğulmasıdır – onlar məcbur qalıb nağd kredit götürüb vergi-rüsum-cərimələrini ödəyirlər".

Amma mövzu ilə bağlı fərqli düşünən iqtisadçılar da var. Onlardan bəziləri də hesab edirlər ki, kredit hər kəs üçün əlçatan olanda bir çox insanlar lazımsız yerə də kreditlər götürürlər.

Təkrar sertifikatlaşdırmanın müsahibə mərhələsi başlanır

Müəllimlərin sertifikatlaşdırma imtahanı
Müəllimlərin sertifikatlaşdırma imtahanı

Sentyabrın 3-də Azərbaycanda müəllimlərin təkrar sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə başlanılır.

Bu barədə AZƏRTAC-a Məktəbəqədər və Ümumi Təhsil üzrə dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, test imtahanında keçid balı toplayan, müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına 10 faiz, test imtahanında 51 və daha yüksək bal toplayan müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə tətbiq olunacaq.

Bu il iyunun 30-da elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən hesabat tədbirində demişdi ki, sertifikasiya imtahanlarının hər iki cəhdində uğursuz nəticə göstərən ümumilikdə 9 min 334 müəllimin əmək müqaviləsi ləğv edilib.

Nazirin sözlərinə görə, ümumilikdə 91 min 407 müəllim sertifikatlaşdırma prosesini uğurla başa vurub. İmtahan nəticələrinə əsasən, 60 min 818 müəllimin əməkhaqqına 10 faiz, daha yüksək göstərici əldə edən 30 min 590 müəllimin maaşına isə 35 faiz əlavə edilib.

Xatırlatma

Azərbaycanda müəllimlər üçün sertifikatlaşdırma prosesi 2022-ci ildə başlayıb və test, müsahibə olmaqla iki mərhələdən ibarətdir. Bu prosesi uğurla başa vuran müəllimlərin maaşlarına 10 faizdən 35 faizədək əlavə edilir.

Layihənin icrası dövründə narazılıqlar da qeydə alınıb. 2024-cü ildə sertifikatlaşdırmadan keçə bilməyən müəllimlər Bakıda aksiya keçirərək nazirlik qarşısına yığışmışdılar. Onlar imtahanlarda şəffaflığın olmadığını, texniki problemlərlə qarşılaşdıqlarını bildirir və təkrar işə qəbul olunmağı tələb edirdilər.

Bəzi deputatların fikrincə, müəllimin sertifikat imtahanından keçə bilməməsi o deməkdir ki, universitetlərdə təhsilin keyfiyyətinə diqqət artırılmalıdır.

Özbəkistan Azərbaycanla birgə yanacaq istehsalını müzakirə edir

Azərbaycan prezidenti İlham Əliyevlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin görüşü
Azərbaycan prezidenti İlham Əliyevlə Özbəkistan prezidenti Şavkat Mirziyoyevin görüşü

Daşkənd və Bakı Özbəkistan bazarı üçün avtomobil və aviasiya yanacağının birgə istehsalını müzakirə edirlər. Neft və neft məhsullarının uzunmüddətli tədarükü də danışıqlar mövzusudur. Xəbəri AzadlıqRadiosunun Orta Asiya üzrə rusdilli bölməsi olan “Azattyq Asia” yayıb.

Özbəkistanın energetika naziri Şerzod Xocayev bildirib ki, bir variant yanacağın həm Özbəkistanın, həm də Azərbaycanın neft emalı müəssisələrində istehsalıdır. Daşkənd Azərbaycana bu cür əməkdaşlıqla bağlı bir neçə variant təklif edib.

Energetika Nazirliyinin məlumatına görə, tərəflər neft və neft məhsullarının uzunmüddətli tədarükünü, karbohidrogen xammalının birgə emalını, texnologiya mübadiləsini və dayanıqlı logistika zəncirlərinin yaradılmasını da nəzərdən keçirirlər.

Sentyabrın ilk ongünlüyündə Xocayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılır. Azərbaycan Energetika Nazirliyi və SOCAR-la danışıqlar aparılacaq. Danışıqlarda Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda Daşkəndə səfəri, Özbəkistan prezidenti Şavkat Mirziyoyevlə əldə edilmiş razılaşmaların icrası müzakirə olunacaq.

Özbəkistan neft məhsullarının idxalından çox asılıdır. Əsas tədarükçülərdən biri Rusiyadır. Ukrayna dronlarının Rusiyadakı neft emalı zavodlarına zərbələri bu ölkədə də yanacaq çatışmazlığı yaradıb. Moskvanın yanacaq ixracına qadağa qoyması fonunda Özbəkistan, Orta Asiyada Rusiya tədarükündən asılı digər ölkələri alternativ mənbələr axtarışını gücləndiriblər.

Bundan əvvəl Gürcüstan və İraqdan aviasiya kerosininin tədarükünə başlanması barədə məlumat verilmişdi. “Özbəkneftqaz” Çin şirkətləri ilə Jet A-1 markalı aviasiya yanacağının uzunmüddətli tədarükünü də müzakirə edib.

Qardaşı Elmir Sadıqovun həbsdə səhhətinin pisləşdiyini deyir

Elmir Sadıqov
Elmir Sadıqov

Bloqer Tural Sadıqlının qanunsuz silah-sursat saxlama ittihamı ilə 2 il 6 ay həbs edilən əmisi Elmir Sadıqovun həm cərimə kamerasında saxlandığı, həm də səhhətində ciddi problemlər yarandığı bildirilir.

Bu barədə onun qardaşı Əlövsət Sadıqlı məlumat yayıb.

Onun vurğulamasına görə, qardaşının qara ciyərində problem yaranıb, bədənin aşağı nahiyələri də şişib:

“Avqustun 25-də öyrəndim ki, 16 saylı cəzaçəkmə müəssisəsində təyin edilmiş karser (cərimə kamerası) cəzasının müddəti köçürüldüyü Bakı İstintaq Təcridxanasında bitir. Ərzaq və dərman tədarükü edib, avqustun 26-da təcridxanaya – qardaşım Elmir Sadıqovla görüşə getdim, amma nə apardıqlarımı götürdülər, nə də görüş verdilər. Dedilər ki, yenidən “karser” cəzası verilib”.

Əlövsət Sadıqlının dediyinə görə, təcridxananın rəisi ilə görüşmək istəsə də bu cəhdi baş tutmayıb, nəticədə sovqatı belə çatdıra bilməyib.

Hələlik, bu açıqlamaya Bakı İstintaq Təcridxanasından və başqa cavabdeh qurumdan münasibət almaq mümkün olmayıb. Amma Penitensiar Xidmətdən bundan öncə oxşar şikayətlərlə bağlı bildirilib ki, məhkumlarla yalnız qanun çərçivəsində davranırlar.

Elmir Sadıqov ötən ilin aprelində həbs edilib. Onun avtomobilində qumbara tapıldığı bildirilib. Həmin il oktyabrın 1-də Sabunçu rayon Məhkəməsində ona 2 il yarım həbs cəzası verilib.

E.Sadıqovun yaxınları isə onun xaricdə olan qardaşı oğlu, bloqer Tural Sadıqlının tənqidi çıxışlarına görə şərləndiyini hesab edirlər. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.

İyulun sonunda vəkil Nazim Musayev 16 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlə üzləşdiyini, müəssisə əməkdaşlarının onu zorla bir otaqda saxladığını, sənədlərinin əlindən alındığını açıqlamışdı. Onun sözlərinə görə, bütün bunlar iyulun 28-də hüquqlarını müdafiə etdiyi Elmir Sadıqov ilə görüşdən sonra yaşanıb. Vəkil müvəkkilinin son bir ay ərzində davamlı cərimə kamerasında (kars) saxlanması ilə bağlı məlumatları araşdırmaqdan ötrü cəzaçəkmə müəssisəsinə getdiyini deyirdi.

Davamı

XS
SM
MD
LG