Türkiyədə Rusiya səfirinin qətliylə bağlı yenə bir şübhəli şəxs həbs edilib.
Türk mətbuatı şübhəlinin dünən—fevralın 15-də Ankarada tutulduğunu yazır. «Anadolu» agentliyinin məlumatına görə, polis tutulanın səfiri güllələyən şəxslə-- Mevlüt Mert Altıntaş-la telefonla danışdığını müəyyən edib. Bununla da qətllə bağlı həbsə atılanların sayı 4-ə çatıb.
Rusiya səfiri Andrei Karlov keçən ilin dekabrında Ankarada sərgidə qətlə yetirilib. Onu güllələyən 22 yaşlı polis əməkdaşı M.Altıntaş özü də hadisə yerində öldürülüb.