Keçid linkləri

2017, 24 May, çərşənbə, Bakı vaxtı 15:58

Seymur Baycan: 'Sovet insanı hind filmlərini niyə sevirdi?'


Sovet İttifaqında məşhur olan "Bobby" filmindən bir kadr (1973).

"Belə məlum oldu ki, hind filmlərinə Sovet vaxtı göstərilən marağın səbəbləri heç də düşündüyümüz qədər sadə, səthi deyil. Yəni cavablardan belə məlum olur ki, səbəblər düşündüyümüzdən daha ciddidir. Beləliklə, Sovet vaxtı insanlar niyə hind filmlərinə baxırdılar, hind filmləri niyə o qədər populyar idi?"

Seymur Baycan

Seymur Baycan
Seymur Baycan

Hind filmləri həftəsi

Ötən həftə yaddaşımı qıcıqlandırmaq naminə bir neçə köhnə hind filminə baxdım. Filmlərə baxdıqca müxtəlif kinoteatrları, sağ qalan ve o dünyaya köç etmiş adamları, evləri, televizor markalarını, toyları xatırlamaqla bərabər bir neçə suala da cavab axtarırdım.

Sənətkar üçün ən çətin məsələlərdən biri zaman problemini həll etməkdir. Bir adamı romanda, filmdə böyütmək, yedizdirib-içizdirmək, geyindirib-gecindirmək, vaxtı vaxtında əmizdirmək, yatızdırmaq, yuxudan oyatmaq, müxtəlif dövrlərə aid hisslərini, duyğularını, arzularını, qorxularını ifadə etmək asan məsələ deyil. Amma hind filmlərinə baxdıqda hind rejissorları üçün zaman adlı problemin olduğunu hiss etmirsən. Küçədə uşaqlar futbol oynayır. Topu bir ayaq saxlayır. Kamera yavaş-yavaş yuxarı qalxır. Budur, topu saxlayan ayağın sahibi artıq bığlı - saqqallı yekə bir kişidir. Halbuki bir neçə dəqiqə əvvəl bu kişi balaca bir uşaq idi. Bu qədər arxayınçılıq, bu qədər rahatlıq insanda, rejissorda hardandır? Bu arxayınçılığın mənbəyi nədir? Hər şeyin, hər bir mesajın tərbiyəsiz dərəcədə aydın olduğu bu səviyyəsiz, şit, duzsuz filmlərə adamlar niyə kütləvi şəkildə baxırdılar? Hind filmlərinin o vaxtlar qopardığı səs-küyü yaşı otuz beşi, qırxı keçmiş adamlar çox yaxşı xatırlayırlar. Bu günün reallığından o zamanlar hind filmlərinə olan marağı təsvir etmək xeyli çətin məsələdir. Demək olar ki, hər bir rayonda, hər bir qəsəbədə, hər bir kənddə hind filmlərindən birbaşa təsirlənmiş adama, təsirlənmiş yumşaq sözdür, hind filmlərinin dəli elədiyi adama rast gəlmək olurdu. Ədalət naminə qeyd edək ki, o vaxtlar hind filmlərinə, xüsusən filmlərdəki döyüş səhnələrinə lağ edən adamlar da az deyildi. Bununla belə fakt faktlığında qalır. Hind filmləri inanılmaz dərəcədə insanların davranışına, geyiminə, danışığına, sevgisinə öz təsirini göstərirdi. Niyə? Bəlkə Sovet dövrünün yeknəsəkliyi və bozluğu adamları kütləvi şəkildə hind filmlərinə baxmağa vadar edirdi? Bəlkə hər bir mesajın tərbiyəsiz dərəcədə aydın olmasına, adamları düşünmək əziyyətindən azad etməsinə görə hind filmləri sevilirdi? Əlbəttə, bəndənizin bu suallara öz cavabları var. Özümü kənara qoyub Sovet dövrünü görmüş müxtəlif yaş qruplarına mənsub adamlardan bu suallara cavab almağa çalışdım. Cavablardan belə məlum oldu ki, hind filmlərinə Sovet vaxtı göstərilən marağın səbəbləri heç də düşündüyümüz qədər sadə, səthi deyil. Yəni cavablardan belə məlum olur ki, səbəblər düşündüyümüzdən daha ciddidir. Beləliklə, Sovet vaxtı insanlar niyə hind filmlərinə baxırdılar, hind filmləri niyə o qədər populyar idi, burda hər hansı bir siyasət vardımı, bu filmlər bizə necə təsir göstərdi, suallarına aldığım cavabları təqdim edirəm:

Politoloq Zərdüşt Əlizadə.
Politoloq Zərdüşt Əlizadə.

Politoloq Zərdüşt Əlizadə: "Uşaq idim, gördüyüm ilk hind filmi "Avara" (Brodyaqa) oldu. Hindistan təzəcə müstəqil olmuşdu. Birinci baş nazir Cəvahirləl Nehru ilk dəfə SSRİ-yə səfər etmişdi. Bakıya da gəlmişdi, şəhər əhli küçələrə düzülüb onu səmimi alqışlamışdı. Çox yaraşıqlı, cazibədar, ağıllı və samballı bir kişi idi. Hətta öz görkəmi ilə xalqını sevdirə bilirdi. Bundan sonra sovet-hind dostluğunun əsası qoyuldu. SSRİ bu dostluğun təməlində duran tacir Afanasiy Nikitinin Hindistana səfəri haqqında "Üç dəniz arxasına səyahət" filmini çəkdi. Sonra Rac Kapurun "Avara"sını göstərdilər.

Sovet xalqı dəlicəsinə Rac Kapura və Nərgisə vuruldu. Filmə beş dəfə, on dəfə, on beş dəfə baxanlar yenə doymurdular. Filmin mahnılarını xalq həm bilmədikləri hind dilində, həm də ruscaya tərcümədə əzbər oxuyurdu. Xalam oğlu Kamran (Allah ona rəhmət eləsin), xüsuzi bəlağətlə "Avaramu-u, avaramu-u, ya plaçu-poyu, sam sebya ne uznayu..." oxuyanda, bizim ailə və qohum-əqrəba hail-mail olurdu.

Hind aktyoru Raj Kapoor-un Bakıya səfərinin əks olunduğu sənədli çarx.

Sonra "Cənab 420" göstərildi. Sonra "Qanqa i Camna". Sonra hind filmləri axınla gəldi və gəlib mənim üçün "Zita və Gita" ilə qurtardı. Dəxi bundan sonra hind filmlərinə baxmadım. Baxammadım. Yeganə istisna 50-ci illərin əvvəlində Venesiyada birinci mükafatı almış və SSRİ-də gec nümayiş etdirilmiş Satyatcid Reyin ağ-qara "Çəkməsilən" filmi oldu.

Bollivud heç də bütün hind kinosunu əhatə etmir. Bir milyarddan çox insanın yaşadığı subkontinentdə, məsələn, sayı 100 milyonu keçən tamil "milli azlığ"ı yaşayır. Mədəniyyət sarıdan hədsiz zəngin və rəngarəng bir ölkədir.

Nə üçün sovet xalqı, o cümlədən azərilər hind kinosuna vuruldu?

Məncə, izah çox sadədir. Və izahı təsnif etmək olar.

Vaxtilə Azərbaycanda çox məşhur olan"Avara" filmində aktyor Raj Kapoor.
Vaxtilə Azərbaycanda çox məşhur olan"Avara" filmində aktyor Raj Kapoor.

1. "Avara"dan başlasaq. Bu sənət əsəri çox istedadla yaradılıb. Süjet, rejissura, operator işi, aktyor sənərkarlığı misilsiz bacarıq sərgiləyir.

2. Əsas qayə Xeyirlə Şərin mübarizəsi, insanın qəzavü-qədərə müqavimət tarixçəsidir.

3. Filmdə ülvi məhəbbətin, eşqə sədaqətin tərənnümü əsas xətdir.

4. Qan qohumluğu, sədaqət və xəyanət, qəddarlıq və cəngavərlik - bütün bu əbədi-əzəli mövzular qatılaşdırılmış və saflaşmış çəkildə məsum insan qəlbinə tökülüb onu sarsıdır.

5. Ədalətin labüd zəfərinə inam aşılanmış sovet xalqnın qəlbinə belə bədii əsərlər məlhəm idi.

Rus ədibi sırf real həyatı və zəngin təxəyyülün məhsulu olan iki əsəri müqayisə edərkən deyir: "...над вымыслом слезами обольюсь.."

Xəyalın doğurduğu əfsanəvi-əsatiri əhvalatlar çox zaman həyati əhvalatlardan daha cazibədar olur. Belə əhvalatlar (hind filmləri), insanlara acı və kədərli gerçəkliyi unutdurub bu gerçəkliyi bayrama çevirmək uğrunda ağır mübarizənin məşəqqətlərindən yayınmağa kömək edir. Nəyə lazımdır təhlükəli və ağrılı mübarizəyə atılmaq? Odey, axşam kinoya gedib baxırsan, görürsən ki, Xeyir Şərə qalib gəldi..."

Buna da bax: SSRİ kinodan milyardları necə qazanırdı...

Rasim Qaraca
Rasim Qaraca

Şair Rasim Qaraca: "Hind filmləri bütün sovet məkanında kütləvi baxılırdı, bunun səbəbi məncə ölkənin qapalı olmasında idi, həm de hakim ideologiya bu filmləri ziyansız hesab edirdi. Eyni zamanda hind musiqisi də populyar idi, bunun səbəbi məncə bizim iran-hind mədəniyyət ailəsinə yaxın olmağımızla bağlıdır. Sovet insanı hind musiqisini eşidəndə rəsmən əriyirdi. Musiqinin insana bu qədər təsir göstərəcəyi ağılasığmazdır. Deyilənə görə, Salyanda o dövrdə iki sevgili varmış, şəhərin parklarında hind mahnısı oxuya-oxuya filmləri imitasiya edirmişlər. Bobbi filminə ard-arda 18-20 dəfə baxanları xatırlayıram. Şirvan şəhərinə bir qadın əri onu "Sanqam" filminə baxmağa aparmadığına görə özünü yandırmışdı. Bir sözlə, hind filmləri sovet insanının həyatının ayrılmaz parçasıydı. Bunun səbəbi sovet həyatının boz olmasındaydı. O dövr insanının sevgi, dostluq hisslərini hind filmləri formalaşdırırdı. Məsələn, 90-cı illərdə nikbin hind filmlərinin yerini türklərin ağlaşma filmləri tutmuşdu, bu, artıq prinsipial fərq idi..."

Azar Gündüz
Azar Gündüz

Tərcüməçi Araz Gunduz: "Avropalılar Hindistana ən qısa yolu axtaranda Yeni Dünya dedikləri Amerikanı kəşf etdilər. Hindistan uzun müddət özünün çox cazibəli təbiəti, nəhəng ideyaları, gözəl memarlığı, musiqisi və ümumiyyətlə incəsənəti ilə maraqlı və möcüzəli bir ölkə olaraq tanınıb. Ancaq Avropalılar Hindistana gedən qısa yolu, heç də, onun böyük mədəniyyəti və ya gözəl təbiəti ilə tanış olmaq üçün deyil, o çağlar Avropada çox qazanclı bir ticarət olan hind ədviyyatını gətirmək üçün axtarırdılar.

Oktyabr sosialist inqilabına qədər də, dünyada qütbləşmə vardı, dünya dövlətləri və onlarla birgə xalqlar da, - sivil və qeyri-sivil, güclü və zəif, hakim və məhkum, əzən və əzilənlər olaraq qütbləşmişdilər və burada birincilər qüdrətli, ikincilər iqtidarsız bir vəziyyətdə idi. Ancaq SSRİ-nin yaranması bu qütbləşməni özünün "təbii vəziyyətindən" çıxarıb süniləşdirmişdi. Bu dəfə, əzilənlərin, məhkumların, zəiflərin "qüdrətli" olduğu iddia edilən bir qütb yaranmışdı. Bu iki qütb arasındakı ixtilaflardan yaranan qanlı müharibələr, amansız siyasi və iqtisadi çəkişmələr öz yerində, ancaq bunlardan başqa bir də, ideoloji sahədə barışmaz və kəskin bir mübarizə qızışmışdı. Bu hadisələrin gedişində, hər iki tərəf özü üçün xammal olan üçüncü dünya dövlətlərinin “ovuna çıxmışdı”. Əslində Hind kinosunun tarixinə baxsaq, sovet adamına tanıdılan hind filmlərinin bu böyük sərvətin ən keyfiyyətsiz hissəsi olduğu aydınlaşır. Sovet dönəmində “şirpoterb” deyilən məişət əşyaları vardı: bunlar hamının əli çatan, qiyməti ucuz, ancaq keyfiyyəti çox aşağı olan satlıq mallar idi. Əslində sovet adamına tanıdılan hind kinosu da, necəsə, bu “şirpotreb” mallar sayağı bir şey idi. Əlimdə dəqiq statistika olmasa da, inanmıram ki, SSRİ-də çox böyük populyarlıq qazanmış bu filmlər Pribaltika respublikalarında bəyəniləydi. Bu baxımdan, sovet cəmiyyətində təbliğ olunan hind kinolarının primitiv kütlə psixologiyasına hesablandığı və həmçinin, bu psixologiyanı inkişafdan saxlamaq üçün istifadə olunduğu da bəllidir.

Hindistanın baş naziri Jawaharlal Nehru və Sovet lideri Nikita Khrushchev.
Hindistanın baş naziri Jawaharlal Nehru və Sovet lideri Nikita Khrushchev.

Hind kinolarının SSRİ-də belə populyarlıq qazanmasının səbəbini müqayisəli şəkildə aydınlaşdırmaq üçün biraz mövzudan qırağa çıxıb demək istərdim ki, insanlarının sosial və mədəni təlabatları yetərincə təmin olunmuş bir ölkədə, başqa sözlə desək, insanların rifah içində yaşadıqları heç bir cəmiyyətdə, Məhərrəmlik təziyəsi kimi, tarixin faciələşdirilməsi ənənəyə çevrilib bunca uzun müddətdə yaşaya bilməzdi.

Hind kinolarını tamaşıçılar üçün cazibəli edən nə idi? Burada doğrudan da, istənilən insan üçün maraqlı olan elementlər də var idi. Bir az öncə dediyim kimi, Hindistanın insanların nəzərində əfsənələşən gözəl təbiəti, dünyanı maraqlanıran böyük ideyaları və gözəl incəsənət örnəkləri ( filmlərdə bunu musiqi təmsil edir), onu ekzotik, möcüzəli, xəyalların can atdığı bir ölkəyə çevirmişdi. Bir sözlə, Hindistandan uzaqda yaşayan hər bir insanın Hindistanı “yenidən kəşf etmək” kimi alovlu bir arzusu vardı. SSRİ kinotetrlarında göstərilən hind kinolarındakı ekzotika, dəmir pərdə arxasında yaşayan xalq üçün, sözsüz, çox maraqlı idi, üstəlik, gözəl ahəngi ilə könülləri oxşayan musiqi də, hadisələr üçün fon yarada bilir, ssenarinin primitivliyini, süjetin inandırıcı olmamasını “unutdura” bilirdi. Ancaq mahiyyət etibarı ilə SSRİ-də göstərilən hind filmlərinin, Hindistanın və Sovet ittifaqının büdcələrinə əhəmiyyətli dərəcədə pul qazandırmaqdan başqa heç bir faydası yox idi. Bu filmlər, miflərə alışdırılmış kütlə üçün bir neçə saat davam edən hipnoz seansları idi. Bu baxımdan, sovet adamının öz şüurunu ideoloji təbliğata necə uduzdurduğunu göstərən bir yaxşı örnək vardır. SSRİ-nin kinoteatrlarında göstərilən “Kuban kazakları” melodramasına baxan və Kubandan çox-çox uzaqlarda yaşayan minlərlə sovet adamı, o vaxt, Mərkəzi hakimiyyətə məktublar yazaraq, bu filmdə təsvir olunan sovet kəndlərində yaşamaq istədiklərini və bu yerlərə köçmək üçün icazə verilməsini xahiş etmişdilər. Bunun kimi də, hind filmləri, sovet adamını mif-əfsanə mistikasına daldırmaqla, onu öz arzularına çatacağına inandırırdı.

Beləliklə də, Hind kinolarının SSRİ-yə ayaq açması bir yandan, o vaxt Sovet ittifaqı ilə yaxın dostluq münasibətlərində olan, “kommunist partiyasının liderliyi olmadan sosializm qurmağa çalışan” bir ölkə kimi tanıdılan Hindistanla yaxın əlaqələr yaratmaq baxımından bir ideoloji təbliğat vasitəsi idisə, başqa bir yandan da, sovet adamının kütləvi şüurunu uyuşdurucu ilə təmin etib, onu saxta həzzlərlə ovundurmaq cəhdi idi".

Buna da bax: Hindistanda oxumuş Samirə, kinomuzdakı qadın qıtlığından danışır

Viktoriya Lomasko
Viktoriya Lomasko

Rəssam Viktoriya Lomosko: "Yəqin ki, Rusiyada da hind filmlərinə baxırdılar. Amma bizim ailədə hind filminə baxan olmurdu. Yadıma gəlmir. Bizim üçün yaxşı fransız filmlərinə baxmaq əlamətdar hadisə idi. Ona görə də bilmirəm hind filmlərindən nə yazım".

Jurnalist Irakli Chikladze: "Hind filmlərinə kütləvi şəkildə baxılmasının əsas səbəbi Sovet dövründə seçimin, azad mühitin olmaması idi. Bozluqdan boğulan camaat kinoteatrlarda nə göstərirdilərsə, ona da baxırdı. SSRİ dostluq etdiyi Hindistandan sovet vətəndaşları üçün siyasi cəhətdən zərərsiz filmlər alırdı. Hind filmlərində oynayırdılar, oxuyurdular, sevirdilər, axırda da xoşniyyətli cəngavərlər şər qüvvələrə qalib gəlirdi. Bütün filmlər xoş sonluqla bitirdi. Sovetin dağılmasından əvvəl adamlar kütləvi şəkildə Latın Amerikası seriallarına baxmağa başladı".

Elmir Mirzoyev.
Elmir Mirzoyev.

Bəstəkar Elmir Mirzoyev: "Böyük mövzudur, lap qısa cavablasam, düşünürəm ki, sovet dövrü insanların həyatı o qədər boz və bayağı idi ki, onlar hər hansı bir mövcüzə, fentezi axtarışında idilər. Qadağanlar çərçivəsində (sovetdəki dəmir səddlər və sərt qanunlar indi unudulub) material görməmişə çevrilmiş kütlə üçün mənəvi boşluq nə iləsə doldurulmalı, daha doğrusu əvəz edilməli idi. Dünyaya tamamilə bağlı bir cəmiyyətdə hind filmləri bu bir növ ekzotik hallüsinogen effekti verirdi".

Zamin Hacı.
Zamin Hacı.

Jurnalist Zamin Hacı: "Hindistan dünya kino bazarında ciddi oyunçulardan biridir, il ərzində Bollivud 800-900 film buraxır. Bunu ucuz satırdılar, SSRİ kimi ölkələr də alıb göstərirdi. Alternativ üçün çox pul ödəməliydin. Üstəlik, SSRİ və Hindistan İndira QandininBrejnevin vaxtında bir növ qardaş olmuşdular.

Hindistan baş naziri Indira Gandhi və sovet lideri Leonid Brezhnev.
Hindistan baş naziri Indira Gandhi və sovet lideri Leonid Brezhnev.

İkincisi, senzura baxımından da hind filmləri sovet dövlət mərkəzləşmiş film prokatı sistemi üçün sərfəli idi. Bu filmləri heç içinə baxmadan alıb ucqar kəndlərə qədər hər yerdə göstərə bilərdin. Çünki filmlərdə arxaik-feodal Asiya mühiti təsvir edilirdi, hansısa inkişaf etmiş Qərb məişəti yox. Nəinki siyasi-ictimai, elə erotika baxımından da hind filmləri sovet partiya əxlaqına ("Bizdə seks yoxdur" - SSRİ mədəniyyət naziri Yekaterina Furseva-nın sözləridir) tam uyğun gəlirdi. Burda seks səhnəsi uzağı sıxılan və boşalan əl barmaqları ilə təsvir edilirdi.

Üçüncüsü, hind filmləri dinlər və kommunistlər kimi xoşbəxt sonluğu, axırda toy-bayram və yaxşı yeyib-içməyi, cənnət həzzini vəd edirdilər. Qəhrəmanlar zülüm çəkir, qırğınlardan keçirdilər, amma axırda hamı oxuyub-oynayırdı. Bu da insanlarda eyforiya yaradırdı".

Nərmin Kamal
Nərmin Kamal

Yazar Nərmin Kamal: "Sovet vaxtı "Vətənə sevgi" təbliğ olunurdu. Hind filmləri isə alternativ sevgi, - kişi-qadın sevgisi haqqında idi. İnsanlar o filmlərə baxanda Sovetin rasional "rodina" sevgisi trendindən azad, səmimi hisslər görürdülər, odur ki, bu filmləri sevirdilər. Həm də insanlar o filmlərə baxaraq sərt reallığı unudurdular bir neçə saatlıq, bu da ola bilər. Bəs o filmlər ümumiyyətlə, Sovet dövlətinə necə gəlib çıxmışdı? SSRİ o ölkə idi ki, "Yağma, yağış" mahnısını senzuradan buraxmırdı, deyirdi ki, Sovet tarlalarında məhsuldarlıq məsələsinə neqativ yanaşmaq olmaz.

Bunun siyasi səbəbləri var.

Birincisi, Sovet vaxtı kino mədəniyyətin əsas, aparıcı janrı idi. Sovet xalqı yerli filmlərə baxırdı. Ancaq xarici filmlər də gərək idi. Xarici film qismində Sovet dövləti Qərb burjua filmlərini göstərə bilməzdi. 1950-60-70-ci illər Qərbdə "The Beatles" qrupu, azad hippi hərəkatı vaxtı idi, onların sorağı Sovetə də gəlirdi, Sovet ideologiyasına bunlar sərf etmirdi, onların səsini batırmaq üçün hind filmləri alternativ xarici mədəniyyət idi.

İkincisi, bunun arxasında Hindistanla Sovet İttifaqının siyasi münasibətləri dayanır. Hindistan ingilis əsarətindən 1947-ci ildə müstəqillik qazanıb. Yəni təzəlikcə müstəqillik qazanmış bir dövlət kimi Hindistana xarici ölkələrlə münasibətlərə başlamaq lazım idi. SSRİ də böyük müharibədən təzə çıxmışdı. Hindistanın birinci baş naziri Cavahirləl Nehru ilə SSRİ-nin münasibəti yaxşı idi. Sovet ölkəsində hind filmləri 1950-ci illərdə peyda oldu. Kino Hindistanla Sovet arasında mədəni diplomatiya idi.

Hind filmlərində həm də sosial ədalətsizlik, yoxsulluq, kastalar kimi məsələlər qabarıq görünürdü, Sovetin iddiası vardı ki, o problemləri həll edib, insanlara bərabərlik gətirib, sinifsiz cəmiyyət qurub. Hindistan isə sinifli cəmiyyətdir. Sovet öz vətəndaşlarına bu filmləri göstərəndə həm də başqalarının necə pis vəziyyətdə olduğunu, "Baxın, görün başqaları necə yaşayır" demək istəyirdi. İnsanlar "Avara"dakı məsum oğlana, romantik məhəbbətə, Nərgizə, Rac Kapura, "Bobbi"dəki qızın məhəəbbətinə baxırdılar, amma sosial problemləri də görürdülər, özlərini məmnun hiss edirdilər, onlara yazıqları gəlirdi.

Kapitalist ölkəsinin keçmiş müstəmləkəsi kimi Hindistan bizim Sovet ölkəsinin maraq dairəsində idi. Hətta Sovetin son illərində belə. 1989-cu ildə mənim birinci sinif Əlifba kitabımda bir hekayə var idi. Balaca hindli qız heç vaxt qar görməyib, çünki onun ölkəsinə qar yağmır, gəlir Sovet İttifaqına, ilk dəfə qar görür. Onun hiss-həyəcanı, qarı görəndə yaşadığı xoşbəxtlik hekayədə təsvir olunmuşdu. Hindistan söhbəti Sovetin son illərinə qədər gəlib çıxmışdı. Mənim də valideynlərim kinoteatrlarda hind filmlərinə baxıb göz yaşı tökmüşdülər. SSRİ dağılan kimi Amerikanın döyüş filmləri yayıldı. Nəsillərarası uçurum yarandı. 1995-ci ildə artıq bu uçurumu hiss etmək olardı. Həmin il anamın şagirdi var idi, gürcüstanlı Təhmin, 6-7 yaşlı uşaq idi. Bu uşaq anama deyirdi ki, müəllimə, dünən Brus Linin kinosunu göstərdilər... Bu, "Avara"da Nərgizi görəndə ağlayan bir müəllimə üçün anlaşılmaz biri yeni nəsil idi ki, gəlirdi".

Buna da baxaq: Günel Mövlud. İntellektual gopçular​

Fehruz Şamiyev
Fehruz Şamiyev

Rejissor Fehruz Şamiyev: "Sovet dönəmində azərbaycanlıların Hind filmlərinə olan marağı daha çox idi. Yadımdadır, Universitetdə oxuyanda müəllimlərdən biri demişdi ki, Azərbaycan kinosu hind kinosuyla İtaliyan kinosunun birləşməsidir. Mənə belə gəlir ki, bizim hind filmlərini sevməyimizin arxasında milli kimliyimiz dayanır. Biz xalq olaraq musiqili xalqıq. Elə hindistanlılar da. Biz musiqini çox sevirik. Sözsüz ki burada akademik musiqiden söhbət getmir. Hindistanlılarla aramızda bir musiqi bağlılığı var. Onların filmlərindəki musiqilər bizim yaddaşımıza uşaqlıqdan həkk olunub. Hind filmlərinə baxan Azərbaycan tamaşaçısı filmin süjetindən başqa musiqiləri də yadda saxlayaraq həmişə zümzümə edib.

"Zita və Gita" filmindən bir kadr.
"Zita və Gita" filmindən bir kadr.

Məsələnin ikinci bir tərəfi isə hind filmlərinin xoşbəxt sonluğudur. Hind filmlərinin 99 faizi Happy end-lə bitir. Bu həppi endlər birinci növbədə hindistan tamaşaçısı üçün nəzərdə tutulub. Bollivud dövlət siyasətini həyata keçirərərək filmlərdə həmişə haqq - ədalətin, kasıbın qalib gəldiyini göstərməyə çalışıb. Yüz minlərlə adamın küçədə doğulub, küçədə böyüyüb, küçədə öldüyü Hindistanda hökumət bütün xalqı dolandırmaqda əziyyət çəkib. Dövlətin gücü çatmır ki, bütün əhalinin yaşayış səviyyəsini qaldıra bilsin. Bu baxımdan da hökümət hər bir kasıb hindliyə kino vasitəsi ilə bütün həyatı boyu xoş sürprizi gözləməyi təbliğ edir. Bu filmlərin nəticəsi olaraq, əhali hər dəqiqə onu xoşbəxt edəcək təsadüfi gözləməkdədir.

Azərbaycanlılar haqqında belə bir fikir var ki, biz şair xalqıq. Şairlik məsələyə təkcə qafiyələrlə, sözlə yanaşma deyil, şairlik həm də bir növ xəyalpərəstlik deməkdir. Bu baxımdan da biz də hindistanlıların gözlədiyi “həyatımızı dəyişən xoşbəxt an”ı gözləyənlərdənik. Hindistanlılarla oxşarlığımız çoxdur. İçimizdə bir lotoreya sevgisi, anidən xoşbəxt olmaq arzusu daşımaqdayıq.

Bildiyim qədəriylə Sovet dönəmində Azərbaycanda kinoprokat idarəsi regionlara Azərbycan filmlərinin əvəzinə çox vaxt hind filmlərini göndərirdilər. Çünki xalq o filmlərə daha çox baxırdı və daha çox vəsait əldə olunurdu. Hind filmlərində hər hansı fəlsəfi yükün olmaması, sadə süjet xətti filmi daha tez qavramağa imkan verirdi. 60-70-ci illərdə Avropada intellektual kino hökmranlıq edirdi. Hətta o filmlərin bir çoxunda kapitalizm tənqid olunsa belə, yenə Sovet Azərbaycanının geniş tamaşaçı kütləsi onları izləmirdi, yaxına buraxmırdı".

Firudin Allahverdi.
Firudin Allahverdi.

Bəstəkar Firudin Allahverdi: “Sovet müxtəlif ölkələrdən filmlər alırdı, camaata göstərib pul qazanırdı . Əsas prinsip o idi ki, ideoloji məsələdə xaricden alınan filmlər sovet ideologiyasına zidd olmasın. Alman, ingilis, fransız, italyan, hətta amerikan…

Sadəcə sovet müsəlmanlarını düşündürən sualların cavabı daha çox hind kinolarında idi. Sovet müsəlmanlarının dünyagörüşünü hind məişətindəki söhbətlər tam tətmin edirdi. Hind filmlərinin bizə təsiri o oldu ki, şərqdən uzaqlaşırıq deyərkən, bu kinolar bizə mane oldu, kütlənin kino/musiqi zövqü spesifikləşdi və s.

Aygün Aslanlı.
Aygün Aslanlı.

Kinoşünas Aygün Aslanlı: "Hind kinosu SSRİ-ə kütləvi şəkildə keçən əsrin 50-ci illərində idxal olunmağa başlanmışdı və bir anda çox populyar olmuşdu. Yəqin ki, Sovet İttifaqını Asiya ölkələrindən sonra hind kinosunun ikinci ən böyük idxalçısı adlandırmaq olar.

Bədii keyfiyyət, kino dili, dramaturgiya baxımından zəif olan, yalnız tamaşaçıya emosional təsir üzərində qurulan bu filmlərin SSRİ ərazisində böyük uğur qazanmasının səbəbi nə idi?

50-ci illərin SSRİ-si ağır müharibədən təzə çıxmış, muharibənin fəsadlarını aradan qaldıra bilməyən qapalı ölkə idi. Belə ölkələrdə isə əhalini buxovda saxlaya bilmək üçün ən yaxşı vasitələrdən biri çörək və tamaşa siyasətidi. SSRİ-nin özü əhaliyə bu tamaşanı verə bilmirdi. Həm güclü ideoloji senzura, həm uzun illər həyata keçirilən repressiyalar nətcəsində incəsənət adamlarında yaranan güclü avtosenzura bunu demək olar ki, mümkünsüz etmişdi. Qərb incəsənətinin yaydığı ideyalar da – azadlıq, özünüdərkə canatma, sosial problemlərin araşdırılması - hakimiyyətini qorxu üzərində qurmuş Mərkəzi komitəyə, təbii ki, sərf etmirdi.

Hind kinosu belə bir şəraitdə SSRİ-ə ayaq açdı və kutlelere verilmek ucun opiuma çevrildi.

Bu filmlər sırf kommersiya məqsədilə çəkilirdi və kütləyə hesablanmışdı. İqtisadi böhran yaşayan, həmçinin totalitar rejimin hökm sürdüyü ölkələrdə isə əyləncənin həmişə ön plana çəkildiyi artıq çoxdan sübut olunub.

Ancaq hind kinosunun SSRİ-də populyarlığının psixoloji aspektləri də var.

Qərb mədəniyyətindən fərqli olaraq Hind kinosunun aid olduğu Şərq mədəniyyəti təslimçiliyi, itaəti təbliğ eləyirdi.

Məsələn, hindli jurnalist Arjun Şrey yazır ki, “Bollivud və digər hind kinostudiyalarının Asiyada uğurunun səbəbi bu kinonun həmin ölkələrə Hollivud filmlərindən daha yaxın olmasıydı. Mədəniyyət və adət-ənənələr öz rolunu oynayırdı. Məsələn, qərb kinosunda sevgililər valideynlərini atıb dünyanın o biri başına qaça bilərdilər. Hind kinosunda isə mütləq geri qayıdıb valideynlərin xeyir-duasını istəyirlər. Bir qayda olaraq, Bollivud ənənəvi nöqteyi-nəzərdən doğru olan ailə, davranış qaydalarını göstərir. Qəhrəmanları tamaşaçıya tanış olan dekorasiyalara və sosial şəraitə yerləşdirir”.

Kino həm də nağıl, illüziyadı. Tamaşaçı hind filmlərinə baxırdı və hər şeyin Allahın köməyi ilə yaxşı olacağı nağılına inanırdı. Sovet hakimiyyətinə də elə bu lazım idi. Hətta sovet prokatına dair məumatlarda belə bir fakt vurğulanır ki, ölkəyə gələn intellektual qərb filmlərini daha çox Azərbaycan, Tacikistan, Qazaxıstan kimi respublikalara göndərirmişlər, hind filmlərini Latviya, Litvaya. Çünki bilirdilər ki, Azərbaycanda Felliniyə baxıb anlayan tək-tük adam olacaq. Üsyankar latviyalıya isə Fellini göstərmək təhlükəlidi, ona hind filmi göstərmək lazımdı. Yəni hind filmləri bir növ keyləşdirici rolunu oynayırdı".

Müəllifin yekunsayağı kiçik bir əlavəsi

Əlbəttə hind kinosu zitalardan, gitalardan, şakalardan, cimilərdən ibarət deyil. Hindistanin çox ciddi rejissorları var. Məsələn, Satyacid Ray. Maraqlıdır, görəsən Satyacid Rayın filmleri sovet respublikalarında, konkret Azərbaycanda göstərilsəydi (bəlkə də göstərilib, araşdırmağa həvəsim olmadı) adamlar “Zita ve Gita”, “Samrat”, “Andlar ve Vedler” filmlərinə maraqla, həvəslə, həyacanla baxdıqları kimi Satyacid Rayın da filmlərinə həvəslə, maraqla, həyacanla baxacaqdılarmı?

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

Günün bütün mövzuları

XS
SM
MD
LG