SOCAR-ın yenidən Yunanıstanın qaz nəhəngi DESFA-nın səhmlərini əldə etməyə iddia etdiyi bildirilir.
Bu haqda Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsoungas açıqlama verib. Səfir APA-ya açıqlamasında DESFA-nın yenidən tenderə çıxarılacağını xəbər verib.
«DESFA ilə bağlı yeni tender elan ediləcək. Bildiyimə görə, SOCAR yeni tenderdə iştirak etmək üçün öz marağını nümayiş etdirib», - səfir bildirib.
Yunan səfir SOCAR-la sövdələşmənin ilk tender zamanı əldə edilməməsinə təəssüfləndiklərini ifadə edib.
«Yunanıstan hökuməti indi də SOCAR-ı etibarlı tərəfdaş kimi görür. Tərəflər dostsayağı, yaxşı mühitdə danışıqlar aparıb. Ötən il noyabrın 13-də danışıqlar təəssüf ki, müsbət yekunlaşmadı. Hər iki tərəf arasında dostsayağı mühit var və heç bir problem yoxdur. Tender rəsmi olaraq elan edilməyib, amma artıq 5-6 şirkət rəsmi şəkildə tenderə maraq göstərdiyini açıqlayıb», - yunan səfir deyib.
SOCAR yunan səfirin açıqlamasını şərh etməyib.
XATIRLATMA
DESFA-nın alınması məsələsi 2013-cü ildən SOCAR-ın gündəmində idi. Həmin ilin iyulunda Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu şirkətin 66 faizlik səhm paketini SOCAR-ın 400 milyon avroya almasına dair sövdələşməni bəyənmişdi.
Ancaq o zaman Avropa Komissiyası inhisarçılıq əsası ilə sövdələşməyə müdaxilə etmişdi.
Ötən ilin sonunda isə SOCAR-ın DESFA şirkətinin səhmlərinin 66 faizini alması məsələsinin artıq öz aktuallığını itirdiyi açıqlanmışdı. Səbəbin şərtlərdə anlaşılmazlıq olduğu bildirilirdi.