Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 06:04

'Lapshin-i yox, Laçını gözləyirdik'


Alexander Lapshin-in Bakıya ekstradisiyası.

Bloqqer Alexander Lapshin-in Azərbaycana ekstradisiyası ilə bağlı fərqli yozumlar, manat-dollar ajiotajı və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi bu gün medianın aparıcı mövzusudur...

MİLLİ TƏHLÜKƏSİZLİYİN UĞURU

«Azərbaycan» qəzetində dərc edilən «Müstəqil siyasətin uğur formulu» sərlövhəli məqalədə bloqqer Alexander Lapshin-in Azərbaycana ekstradisiyası dəyərləndirilir.

Müəllif yazır ki, dünyada təhlükəsizliklə bağlı risklər artıb, Azərbaycan milli mənafeyini lazımi şəkildə qorumaqdan ötrü müstəqil siyasət yürüdür: «Prezident İlham Əliyev bəyan edib ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək, bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmaqdır».

Yazıda vurğulanır ki, Azərbaycan dövlətinin öz siyasi dəsti-xətti, dövlətçilik prinsipləri, inkişaf yolu var. Burada istiqamət mülki cəmiyyətin qurulmasına və milli təhlükəsizlik problemlərinin həllinə yönəlib.

Yazıda deyilir ki, hakimiyyətin xalqın dəstəyinə arxalanması, milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.

Müəllif yazır ki, ölkənin sərhəd qanunlarını pozan Alexander Lapshin-in Belarusda saxlanılaraq Azərbaycana ekstradisiyası da ölkənin milli təhlükəsizliyi baxımından dəyərləndirilməlidir: «Antiazərbaycançı qüvvələr başa düşməlidir ki, Azərbaycan dövlətinə hansısa formada təzyiq göstərmək mümkün deyil. Ölkəmizə qarşı çirkin kampaniya aparanlar isə gec-tez öz layiqli cəzalarını alacaqlar».

Vladimir Zhirinovsky
Vladimir Zhirinovsky

«İŞĞALÇINI HİMAYƏ EDƏNƏ «DOST» DEYİB...»

Azadliq.info saytındakı «Siyasi iradənin «Lapşin uğuru»» sərlövhəli məqalədə bu hadisə fərqli bucaqdan dəyərləndirilir.

Müəllif yazır ki, ölkədə hüquqsuzluq, saxtakarlıq, səfalət, korrupsiya və inhisar hökm sürür. Həyat beləcə öz axarı ilə davam edir.

Müəllifin fikrincə, hökumət bu axara arabir «sürprizlər» əlavə edir: ««Uğur diplomatiyası»nın nəticəsi kimi Cocuq Mərcanlı kəndini ortaya çıxarıblar. Yəni, 1994-cü ildə azad edilən kəndin «prezentasiya»sını 2017-ci ildə həyata keçirirlər».

Müəllifə görə, bu hökumətin xalqa «aza qane olun» mesajıdır.

Yazıda bloqqer Lapshin-in tutulub Azərbaycana gətirilməsinə də diqqət çəkilir.

Müəllif yazır ki, Lapshin-in Bakıya gətirilməsini rəsmi Bakının uğuru kimi təqdim etməyə ehtiyac yoxdur. Çünki 7 rayonun, hələ də, işğalda qalması unudulmayıb: «Siyasi iradə Zhirinovsky-nin hədyanlarına niyə susur, niyə Lavrov-un şilləsinə yumruqla cavab vermir? Ümumiyyətlə, işğalçını himayə edənə «dost» deyib, işğal olunmuş əraziyə gedəni «düşmən» kimi təqdim etmək absurd deyilmi? Demək istəyirəm ki, biz «Lazım»ı Lapshin-i gətirməsi üçün yox, Laçını gətirməsi üçün gözləyirdik».

Əkrəm Həsənov
Əkrəm Həsənov

«KÖHNƏ OYUN»

«Exo» qəzetində «Vətəndaşlara tövsiyə edirik ki, son manatlarına dollar almasınlar» sərlövhəli məqalə oxumaq olar.

Yazıda son həftələr manatın dollar qarşısında dəyər qazanması ekspert Əkrəm Həsənovla dəyərləndirilir: «Mərkəzi Bank Dövlət Neft Fondunun valyutası hesabına manatın növbəti devalvasiyasını nə qədər yubatmaq istəsə də, bundan, hələ ki, heç nə alınmır. Hələ ilin əvvəlində dollar 1.77 manat həddində idi. 4 faizlik marjanın ləğvindən sonra dollar 1.92 manat həddinə yüksəldi. Son günlərdə isə manat 15 qəpiyə kimi güclənib. Kommersiya bankları isə dolları 1.97-1.98 manata satırdılar. Hələ o zaman aydın idi ki, manatın məzənnəsi artacaq. Amma bu uzun müddət davam etməyəcək», - deyə ekspert qəzetə bildirib.

Ə.Həsənov bunu Mərkəzi Bankın «köhnə oyunu» adlandırır: «Odur ki, vətəndaşlara tövsiyə edirəm ki, son manatlarına dollar almasınlar. Çünki əhaliyə manat lazım olanda, bazar oyunçuları manatı baha satacaqlar. Bu valyuta oyunlarıdır ki, arada fiziki və hüquqi şəxslər iri həcmdə pullar itirirlər».

Ekspert vurğulayıb ki, ölkəyə daxil olan dollar kütləsi artmır. Odur ki, manatın möhkəmlənməsindən söhbət belə gedə bilməz. Mərkəzi Bank Neft Fondunun valyutası hesabına dolların qiymətini süni şəkildə aşağı salır: «Əhaliyə ümumi tövsiyəmiz budur ki, uzun müddətli ehtiyatlarını dollarla saxlasınlar. Elə bu il manata nisbətdə dollar bahalaşacaq. Qısa müddətə hansısa enmələr-qalxmalar ola bilər, amma bu, uzunmüddətli deyil».

Ekspertin sözlərinə görə, yaxın aylarda dollar 2 manat həddini keçəcək.

Binə Ticarət Mərkəzi
Binə Ticarət Mərkəzi

ALVER YOX, İCARƏ HAQLARI BAHA

Musavat.com saytında isə «Binə Ticarət Mərkəzi çökür» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, Bakının iri ticarət yerlərindən biri sayılan Binə Ticarət Mərkəzində alver «ölüb». Mərkəzdə mağazaların yarıdan çoxu boşalıb. Alıcı çox az hallarda gözə dəyir.

Yazıda bildirilir ki, alver zəifləsə də, icarə haqları dəyişməyib: «Ticarət mərkəzinin müştərisiz qalması elə buranın girişindən də hiss olunur. İlk sıralarda demək olar ki, bütün mağazalar boş qalıb. Səbəb budur ki, alverə görə icarə haqları bahadır. Nəticədə bazarpulu, icarəhaqqı və s. xərcləri ödəyə bilməyən satıcılar işləməkdən imtina ediblər».

Satıcılar də qəzetə eyni şikayəti dilə gətiriblər: «Özünüz gördüyünüz kimi, iş getmir. Dolların bahalaşması isə bizi lap pis vəziyyətə salıb. Bu boyda ticarət mərkəzində alver, az da olsa, orta sıralarda gedir. Burada gün ərzində heç 50 manat xeyrimiz olmur. Buna baxmayaraq, icarəhaqqı, bazarpulu dəyişmədən qalıb. Əksinə, rəhbərlik icarəhaqqını artırıb».

Satıcılar deyiblər ki, əhalinin alıcılıq vəziyyəti aşağı olmasa, hər çətinliyin öhdəsindən gələrlər. Ancaq əhali kasıblaşdığından onların işi də getmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG