Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) hüquqi işlər və insan hüquqları komitəsinin Azərbaycan üzrə məruzəçisi Alain Destexhe-i qəbul edib.
AZƏRTAC-ın xəbərinə görə, Avropa Şurası ilə əlaqələrin 15 ildən çoxdur davam etdirildiyini bildirən prezident Azərbaycanın Avropa strukturları ilə yaxşı əməkdaşlıq həyata keçirdiyini vurğulayıb. O qeyd edib ki, bu günlərdə Avropa Birliyi ilə də mühüm və səmərəli görüşlər keçirilib .
Prezident həmçinin deyib ki, ölkədə demokratikləşmə istiqamətində mühüm addımlar atılır, islahatlar aparılır və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı tədbirlər görülür.
XATIRLATMA
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan demokratiya, insan hüquqları, azad seçkilər və başqa məsələlərlə bağlı üzərinə bir çox öhdəliklər götürüb. Azərbaycan, hələ də, Assambleyanın monitorinqi altında olan 9 Avropa Şurası (AŞ) ölkəsindən biridir. Bu prosedur hakimiyyətlə daimi dialoq, müntəzəm hesabatlar və AŞ qarşısında öhdəliklərin yerinə yetirilməsində irəliləyişlə bağlı vaxtaşırı debatları əhatə edir.