Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Aprel, çərşənbə, Bakı vaxtı 08:45

Milli Qəhrəman ulduzu Çingiz Qurbanovun ailəsinə verilib


Görüş

Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşüb.

Prezident deyib ki, Çingiz Qurbanov ötən ilin dekabrın 29-u doğma vətənini müdafiə edərkən qəhrəmancasına həlak olub. Çingiz Qurbanov böyük qəhrəmanlıq, igidlik göstərib: «O, qeyri-bərabər döyüşdə bir daha göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir. O, geri çəkilmədi, qorxmadı. Baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı…Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. Bu, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, əsgəri heç vaxt bugünkü vəziyyətlə barışmayacaq».

İlham Əliyev Çingiz Qurbanovun meyitinin uzun müddət geri verilməməsini də qınayıb: «Azərbaycan dövləti çox böyük səylər göstərdi. Eyni zamanda, bizim beynəlxalq təşkilatlara müraciətlərimiz də cavabsız qalmadı. Biz birgə səylərlə Çingizin nəşinin vətənə qaytarılmasına nail olduq. Bakıda təntənəli vida mərasimi keçirildi».

Çingiz Qurbanov
Çingiz Qurbanov

«BİZİM DAXİLİ İŞİMİZDİR»

Prezident deyib ki, Azərbaycanın Ermənistanın torpağına iddiası yoxdur: «Baxmayaraq, hamımız yaxşı bilirik ki, bugünkü Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik. Ona görə, aprel döyüşləri və təmas xəttində yaşanan gərginlik və toqquşma bizim daxili işimizdir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya Dağlıq Qarabağı məhz belə tanıyır və bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər».

Prezident vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün Azərbaycan cəmiyyəti birdir: «Bu, bizim ümumi məsələmizdir və biz haqlıyıq. Çünki həm tarix, həm beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Eyni zamanda, bu gün Azərbaycan Ermənistan ilə müqayisədə qat-qat güclü ölkədir. Özü də təkcə iqtisadi və hərbi potensialına görə yox. Bax, Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərir. Onun üz-üzə qaldığı diversantların sayı 10-dan çox idi. Yəqin Çingiz bilirdi ki, o, ölümə gedir. Yəqin bilirdi ki, o, qeyri-bərabər döyüşdən salamat çıxmayacaq. Ancaq buna baxmayaraq, o, vətən torpağını müdafiə etmək üçün ölümə getdi…».

Prezident Çingiz Qurbanovun Milli Qəhrəman qızıl ulduzunu onun atası Salman Qurbanova təqdim edib.

Salman Qurbanov da deyib ki, bu ali mükafat təkcə Çingiz Qurbanova deyil, Azərbaycan torpaqları uğrunda canından keçən bütün oğullara verilən qiymətdir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG