Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:18

'Lapshin-in məhkəməsi sakit keçməyəcək'


Alexander Lapshin

“Alexander Lapshin-in Bakıda mühakimə olunması o deməkdir ki, Azərbaycan məhkəmə sistemini çox ciddi bir proses gözləyir. Bu proses asan başa gəlməyəcək. Siyasi ittihamlar aydındır. Ancaq hüquqi ittihamları əsaslandırmaq çətin olacaq”. Humanitar Tədqiqatlar İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Əvəz Həsənov belə deyir. Buna görə də məhkəmə prosesinin uzanacağını istisna etmir.

Onun məhkəmədən gözləntiləri haqda az sonra. İndisə fevralın 7-də Azərbaycana ekstradisiya edilən bloqqerin həbsi haqda deputat Rasim Musabəyov və Əvəz Həsənovun AzadlıqRadiosuna dediklərini çatdıraq.

'Lapshin yekəxanalıq edirdi, dövləti ələ salırdı'

“Alexander Lapshin yekəxanalıq edirdi. O, Azərbaycan dövlətini ələ salır, lağa qoyurdu. O, bir qələt edib Dağlıq Qarabağa gəlmişdi, bununla kifayətlənməyib Ukrayna pasportu ilə ikinci dəfə Bakıya da səfər etmişdi. Baxmayaraq ki, onun Azərbaycana səfəri qanunla yasaqlanmışdı”. Deputat Rasim Musabəyov belə söyləyir.

'Alexander Lapshin yekəxanalıq edirdi. O, Azərbaycan dövlətini ələ salır, lağa qoyurdu'

Buna görə də hesab edir ki, bloqqer qanun qarşısında cavab verməlidir, əks halda, “çox uzağa gedər”. Deputat Belarusun “prinsipial mövqe” sərgiləyərək bloqqeri Azərbaycana təhvil verməsini də alqışlayır.

Rasim Musabəyovun qənaətincə, bu, digərlərinə də ibrət olacaq: “Söhbət onun burda nə qədər ağır cəzalandıırlmasından getmir. Ancaq o birilərə də bir örnək olacaq ki, dövləti ələ salmaq, lağ etmək, oyun oynamaq düz deyil”.

Əvəz Həsənov
Əvəz Həsənov

'Məntiqlə, Azərbaycan hakimiyyətinin onu mühakimə etmək istəyi anlaşılandır'

Əvəz Həsənov Alexander Lapshin-in Azərbaycan qanunlarına əhəmiyyət vermədən sərhədləri pozduğunu qeyd edir:

“Azərbaycan qanunlarına görə, Dağlıq Qarabağa səfər edənlər mütləq Azərbaycan səfirliyinə və ya Xarici İşlər Nazirliyinə məlumat verməlidirlər. Eyni zamanda, həmin şəxsin Dağlıq Qarabağa səfər zamanı Azərbaycan vizası ilə hərəkət etməli olduğu bildirilir. Ancaq Lapshin üçüncü dəfə Dağlıq Qarabağa səfər edib və hər səfərində də yazdığı məqalələrdə Azərbaycan hökumətini və qanunvericiliyini alçaldacaq ifadələrdən istifadə edib. Yəni “baxmayaraq ki, Dağlıq Qarabağda səfərdə oldum, daha sonra Bakıya getdim, yenə də gedəcəm və mənə heç nə edə bilməyəcəklər” deyirdi. Məntiqlə, Azərbaycan hakimiyyətinin onu mühakimə etmək istəyi anlaşılandır. Azərbaycan tərəf bununla da Dağlıq Qarabağa səfər edənlərə birdəfəlik nümayiş etdirmək istəyir ki, işğal edilmiş ərazilərə gediş-gəliş onunla koordinasiya edilməlidir”.

Rasim Musabəyov
Rasim Musabəyov

“O, İsrailə gərək da deyil”

Bloqqerin İsrailə və ya Rusiyaya verilməsi mümkündürmü? Həsənov onun İsrailə veriləcəyini güman edir. Rasim Musabəyovun qənaətincə, Lapshin-in əlində İsrail pasportu olsa da, bu ölkəyə heç bir aidiyyatı yoxdur:

'İsrail hökuməti prinsipial mövqe nümayiş etdirir, onun pasportunu daşıyan hər kəsi qoruyur. Ancaq cəzasını çəkəndən sonra Rusiyaya, ya İsrailə getmək istəyəcək, öz işidir'

“O, həmişə Rusiyada yaşayıb. İsrail pasportu ona qorunmaq üçün lazımdır. O, İsrailə gərək da deyil. İsrail hökuməti prinsipial mövqe nümayiş etdirir, onun pasportunu daşıyan hər kəsi qoruyur. Ancaq cəzasını çəkəndən sonra Rusiyaya, ya İsrailə getmək istəyəcək, öz işidir. Bir də o, Azərbaycana, qanunsuz olaraq, Ukrayna pasportu ilə girmişdi. Oyun oynayırdı, buyursun, cəzasını çəksin. Burda Rusiyalıq nə məsələ var?”

Lapshin-in məhkəməsindən gözləntilər

İndi də məhkəmə haqda. Əvəz Həsənovun sözlərinə görə, Alexander Lapshin-in məhkəməsi Azərbaycan üçün “maraqlı məhkəmə” olacaq.

“Biz ilk dəfə Azərbaycan məhkəmə sistemini yaxşı təşkil edilmiş vəkillərlə üz-üzə görəcəyik. İnanmıram ki, onun məhkəməsi sakit keçsin. Bu məhkəmə prosesi isə çox maraqlı bir şou və tendensiyanı üzə çıxaracaq”, – Əvəz Həsənov belə qənaətdədir.

'Bizdə Gürcüstandakı kimi işğal edilmiş ərazilərlə bağlı qanun olsaydı, Lapshin-i məhkəməyə verib ittiham etmək çox asan olardı. Ancaq bizdə belə qanun yoxdur'

O, məhkəmə prosesinin “çox uzun çəkəcəyini” istisna etmir. Səbəbini belə izah edir: “Bu məhkəmədə yeni standartlar üzə çıxacaq. Təbii ki, ona bəraət qazandırmağa xeyli cəhdlər olacaq. Bizdə Gürcüstandakı kimi işğal edilmiş ərazilərlə bağlı qanun olsaydı, Lapshin-i məhkəməyə verib ittiham etmək çox asan olardı. Ancaq bizdə belə qanun yoxdur. Bizdə, sadəcə, hökumətin qara siyahısı var və o da, bir növ, qanunu əvəz edir, Dağlıq Qarabağa getmək istəyənlər bu siyahıya düşməkdən qorxurdular. Məhkəmə bu yerdə, sadəcə, XİN-in notalarına istinad edə bilər. Azərbaycan hökuməti elan edib ki, sərhədlərimi pozub Dağlıq Qarabağda səfərdə olan hər kəs qara siyahıya salınacaq. Bizim məhkəmə sistemini çox ciddi bir proses gözləyir. Bu proses asan başa gəlməyəcək”.

Yerli mətbuat Alexander Lapshinin artıq vəkillə təmin olunduğunu, ancaq onun xidmətindən istifadə edib-etməyəcəyinin bəlli olmadığını yazır.

Xatırlatma

Alexander Lapshin 2016-cı ilin dekabrında Azərbaycanın sorğusu əsasında Minskdə saxlanıb. Yanvarda Belarus Baş Prokurorluğu A.Lapshin-in Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Bloqqer bu qərardan Minsk şəhər Məhkəməsinə şikayət verib. Yanvarın 26-da məhkəmə Belarus baş prokurorunun müavininin A.Lapshin-in təhvil verilməsi haqqında hökmünün qanuni olduğu barədə qərar çıxarıb.

A.Lapshin Bakıda erməni separatçılarını dəstəkləməkdə, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yönəlmiş çağırışlarda ittiham olunur. Onun həmçinin, Azərbaycana saxta sənədlərlə gəldiyi bildirilir.

A.Lapshin eyni zamanda İsrail və Rusiya vətəndaşıdır. Bu ölkələr onun Azərbaycana təhvil verilməsinə qarşı çıxıblar.

XS
SM
MD
LG