Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:17

'Qarabağda ölənlərin sığorta pulu verilmir, yarışlara milyonlar xərclənir'


İlham Əliyev
İlham Əliyev

Ölkənin beynəlxalq münasibətlər sistemində yeri, müxtəlif səviyyəli idman yarışlarına ev sahibliyinin doğurduğu nəticələr və manatın taleyi bu gün medianın aparıcı mövzusudur...

AZƏRBAYCAN BÜTÜN HƏDƏFLƏRƏ ÇATIR

«Azərbaycan» qəzetində «Azərbaycan müstəqil dövlət kimi qarşıya qoyduğu bütün hədəflərə çatır» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, Azərbaycan mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin dayaq nöqtəsi, ən perspektivli tərəfdaşı hesab edilir: «Prezident İlham Əliyev Azərbaycanın rəsmi mövqeyini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır. Konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional, qlobal miqyasda sabitliyə xidmət edən siyasi xətt yürüdür».

Müəllif hesab edir ki, ölkədə yürüdülən daxili siyasət də uğurludur. Yaxın perspektiv prioritetlərinin müəyyən olunması, keçilən yolun nəzəri-təcrübi baxımdan araşdırılması ölkənin keçid dövründən modernləşmə mərhələsinə transformasiyası ilə bağlıdır.

Yazıda bu siyasi xəttinə görə Azərbaycanın regionda sabitləşdirici amil kimi çıxış etdiyi, hətta vacib məsələlərdə prinsipial mövqe nümayiş etdirərək dünya birliyinə təsir imkanlarını genişləndirdiyi vurğulanır.

Yazıda qeyd edilir ki, Azərbaycanın regionda gücə çevrilməsini bəzi antiazərbaycançı şəbəkələr heç cür həzm edə bilmirlər. Onlar Azərbaycana qarşı qarayaxma kampaniyası aparır, ancaq heç bir nəticə əldə etmirlər: «Qərəzli iddialara, qarayaxmalara baxmayaraq, ölkəmiz demokratiyanın şəksiz üstünlüklərinə, insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan hüquqi dövlət quruculuğu yolundan heç vaxt çəkilməyəcək».

Formula-1. Karikatura
Formula-1. Karikatura

BÖHRAN ÖLKƏSİ

Azadliq.info saytında «İdmanın böhran növü» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, hakimiyyət ölkənin pullarını idman yarışlarına xərcləyir, ancaq vətəndaşın zəruri tələbləri qarşılanmır.

Müəllifə görə, Azərbaycan çoxdandır ki, «ziddiyyətlər ölkəsi»dir. Statistik rəqəmlər tənəzzülü, hökumətin rəqəmləri isə tərəqqini göstərir.

Yazıda qeyd edilir ki, dünyanın heç bir ölkəsində «inkişaf» sözü Azərbaycandakı qədər işlədilmir. Ancaq dünyanın heç bir yerində də tənəzzül burada olduğu qədər sürətli deyil: «Məsələn, ölkə əhalisinin 35 faizi kredit bataqlığında çapalayır. Ölkədə minimum əməkhaqqı 116 manat müəyyən edilib. Yəni, bizim məmləkətimizdə əməkhaqqı yaşamaq üçün yox, ölməmək üçündür».

Müəllif hesab edir ki, tənəzzülün ölkədə məskən salması hökumətin «səxavət»inə təsir göstərmir.

Yazıda vurğulanır ki, Qarabağ uğrunda döyüşlərdə həlak olan 13 min 500 insanın sığorta pulu ödənmir. Ancaq bir elə mənası olmayan yarışlara milyardlar xərclənir. Müəllif yazır ki, dünyaya uşaq gətirən Azərbaycan qadınlarına analıq pulu verilməsə də, ölkəyə iki mahnı gətirən Lady Gaga-ya 1 milyon dollar bağışlanır: «Vətəndaş intihara can atır, 3 devalvasiyanın yükü vətəndaşın belinə yüklənir. Bu əsas deyil, ölkədə Avropa Oyunları keçirilib əsas olan budur. Ölkədə inkişaf milyonlarla vətəndaşa aidiyyəti olmayan yarışlara ev sahibliyi etməyimizlə ölçülür. Vətəndaşa sahib çıxmaq istəməyənlər sahibsiz yarışlara məmnuniyyətlə ev sahibliyi edirlər».

Müəllif I Avropa Oyunları, «Formula-1» yarışlarının ölkədə keçirilməsinə toxunaraq bunun Azərbaycana bir neçə milyarda başa gəldiyini qeyd edir.

Yazıda vurğulanır ki, itkin neftçi ailələrinə 1000 manat müavinət təklif edən SOCAR-ın futbol üzrə Avropa Çempionatına 120 milyon dollar verməsi çox adi hal kimi qarşılanır.

Müəllif yazır ki, bu il İslam Həmrəyliyi Oyunları və «Formula-1» yarışlarına 317 milyon manat xərclənəcək: «Deməli, bu qədər təmtəraqlı yarışlar böhranın sürətlənməsinə xidmət etdi. Biz dünyada idman ölkəsi kimi yox, böhran ölkəsi kimi tanındıq».

Dollar
Dollar

MANATI NƏ GÖZLƏYİR?

Musavat.com saytında «Dollar ucuzlaşır – müvəqqəti, yoxsa...» sərlövhəli məqalə diqqət çəkir. Yazıda son valyuta hərracında manatın məzənnəsinin cüzi bahalaşması ekspertlərlə müzakirə edilir.

Yazıda qeyd edilir ki, son hərracda manatın cüzi bahalaşması hökumətin bu yöndə müsbət səyi, Mərkəzi Bankın manatın qismən sabitliyinə nail ola bilməsi kimi dəyərləndirilir.

Yazıda xatırladılır ki, fevralın 2-də keçirilən hərracda dollar 1.92 manatdan 1.9111 manata düşüb.

Ekspert Vüqar Bayramov qəzetə bildirib ki, indiki məqamda manatın məzənnəsini uzun müddətə proqnozlaşdırmaq çox çətindir: «Çünki birmənalı şəkildə manat bazası azalıb. Eyni zamanda, son günlər dollara olan tələbin də azalması müşahidə olunur. Son hərracda manatın möhkəmlənəcəyi öncədən bəlli idi».

Ekspert deyib ki, hərracdan öncəki gün kommersiya bankları məzənnəni aşağı salmışdılar.

V.Bayramlı bildirib ki, ümumiyyətlə, yanvar-fevral aylarında dollara tələbat yüksək olmur. Çünki bu aylarda həm idxal , həm də ümumilikdə dollara tələb azaldır.

Ekspert vurğulayır ki, borc öhdəlikləri maliyyə ilinin sonuna doğru qapadılır.

Başqa bir ekspert Əkrəm Həsənov isə düşünür ki, manatı bahalaşdırmaqda məqsəd onu yığmaq da ola bilər: «Bu baxımdan bir müddətdən sonra dolların məzənnəsinin geriyə dönüşü mümkün görünürdü. Amma bu da qısamüddətli zamanda ola bilər. Uzunmüddətli perspektivdə dolların iki manata qədər qalxması mümkündür».

XS
SM
MD
LG