Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:59

Dad inhisar əlindən!


«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı» İctimai Birliyinin təsis qurultayı - 2009
«Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı» İctimai Birliyinin təsis qurultayı - 2009

Dövlətin gənclər siyasəti, ölkə banklarının təsnifatı, ixrac potensialı və ölkə iqtisadiyyatındakı inhisarçılıq bu gün medianın aparıcı mövzusudur...

GƏNCLƏR GÜNÜ

«Azərbaycan» qəzetində «Azərbaycanın gələcəyinin təminatçıları» sərlövhəli məqalədə ölkə gəncliyinin fəaliyyətindən bəhs edilir.

Bütünlükdə məqalə əsası 1996-cı il fevralın 2-də qoyulan və hər il qeyd olunan Gənclər Gününə həsr edilib.

Müəllif yazır ki, dövlət başçısı İlham Əliyev hakimiyyətdə olduğu bu 13 ildə gənclərin hərtərəfli inkişafı, intellektual səviyyəsinin yüksəldilməsindən ötrü bütün imkanlardan istifadə edir. Dövlətin gənclərə qayğısı ilbəil artır.

Yazıda dövlət başçısı İlham Əliyevdən sitat da gətirilir: «Gənclər əlbəttə ki, cəmiyyətimizin fəal üzvləri kimi ölkəmizin güclənməsində əsas rol oynayırlar. Mən gənclərin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm beynəlxalq müstəvidə, həm ölkə daxilində görürəm ki, bu gün böyüyən gənclər xalqa, dövlətə bağlıdırlar. Bu çox önəmlidir».

Yazıda qeyd edilir ki, 2015-ci ildə imzalanan «2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası» sənədi ilə ölkədə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub: «Strategiyanın məqsədi 2015-2025-ci illəri əhatə edən müddətdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməkdir».

Müəllif yazır ki, gənclər vətənin tərəqqisi naminə dövlət başçısının daxili və xarici siyasətinə tam dəstək verirlər.

Əkrəm Həsənov
Əkrəm Həsənov

SAVADSIZLIQ, QEYRİ-PEŞƏKARLIQ VƏ KORRUPSİYA

Azadliq.info saytında «Banklar ötən ili necə başa vurdu?» sualına ekspert Əkrəm Həsənovla cavab axtarılıb.

Yazıda qeyd edilir ki, 2016-cı ilin IV rübünün başa çatmasından bir ay ötür. Qanunvericiliyə görə, banklar rübün nəticələrinə dair hesabatı saytlarında yerləşdirməlidirlər: «32 bankdan yalnız 17-si hesabatı açıqlayıb. Amma açıqlama tarixi göstərilməyib, əksəriyyəti isə hesabatı tam açıqlamayıb».

Ə.Həsənov vurğulayıb ki, ötən il bağlanan 10-dan çox bank da, bir qayda olaraq, hesabatlarını gizlədiblər.

Ekspert hesabatı açıqlayan və mənfəətlə işlədiyini bəyan edən bəzi bankları da yalanda günahlandırır: «Elə bank tanıyıram ki, aylarla əmanətləri qaytara bilmir. Heç bir halda bankların reklamına inanmayın. Ay nə bilim, kapitalı artırdıq, bunu etdik, ona nail olduq və s».

Ə.Həsənov bankları ümumilikdə 4 qrup üzrə təsnifləşdirir: «Hesabatı müntəzəm gizlədənlər; hesabatı ilk dəfə açıqlamayanlar; açıqlanan hesabata əsasən, zərərlə işləyənlər; açıqlanan hesabata əsasən, mənfəətlə işləyənlər».

Ekspert vurğulayır ki, Azərbaycanda bankların üzərindən qara buludlar çəkilməyib. Bu da, əsasən, onlara etimadın olmaması ilə bağlıdır: «Sonda bir daha vurğulamaq istəyirəm ki, maliyyə göstəricilərindən asılı olmadan savadsızlıq, qeyri-peşəkarlıq və korrupsiya bank sistemimizin atributudur».

İxrac
İxrac

XARİCƏ ÇIXARTMAĞA NƏYİMİZ VAR?

«Exo» qəzetində dərc edilən «Azərbaycanın xaricilərə kənd təsərrüfatı malları və enerjidaşıyıcılardan başqa təklif etməyə heç nəyi yoxdur» sərlövhəli məqalədə ölkənin ixrac potensialı ekspert Nəriman Ağayevlə dəyərləndirilir.

Ekspert hesab edir ki, Azərbaycanın xaricdəki ticarət nümayəndəlikləri yüngül, ağır sənaye, tikinti materialları, ərzaq, tütün və alkoqollu içki məhsulları təqdim edə bilər. Ancaq ekspert qeyd edir ki, yerli malların kasadlığı üzündən kommersiya attaşeləri xarici bazara ciddi heç nə təqdim edə bilmirlər.

Ekspertin fikrincə, seçim çox deyil: «Hazırda Azərbaycanın xaricilərə kənd təsərrüfatı məhsullarından və enerjidaşıyıcılardan əlavə, təqdim etməyə ciddi bir şeyi yoxdur».

Ekspert deyib ki, Azərbaycanın iş adamlarına maneçiliklər törədilmədiyi halda keyfiyyətli mallar istehsal edə bilərlər. Burada hökumətin də üzərinə müəyyən öhdəliklər düşür və onları yerinə yetirməyi bacarmalıdır.

N.Ağayev vurğulayıb ki, hökumət yerli məhsulların ixracında maraqlı olan iş adamlarının fəaliyyətinə şərait yaratmalıdır. Onların «təkərləri»nin altına «ağac» qoymamalıdır.

Ekspert hesab edir ki, bundan ötrü də ölkədə inhisarçılığa son qoyulmalıdır.

N.Ağayevin fikrincə, əmtəə dövriyyəsini və iqtisadiyyatın şaxələndirilməsini əngəlləyən məhz inhisarçılardır.

Monopoliya
Monopoliya

RƏQABƏT OLMAYACAQ

«Novoye Vremya» qəzetində də «Nahaq yerə havanı titrətmək nəyə lazım?» sərlövhəli məqalə diqqət çəkir.

Bu yazıda da Azərbaycan iqtisadiyyatının inkişafında ən başlıca problem inhisarçılıq göstərilir: «Azərbaycan iqtisadiyyatında inhisarın mövcudluğu çoxdan bəllidir. Bunun arxasında kimlərin durmasını da hamı çoxdan bilir».

Müəllif parlamentin iclaslarında bəzi müstəqil düşüncəli deputatların Rəqabət Məcəlləsinin qəbul edilməsi istəyində israrlarını haqlı sayır. Ancaq başqa tərəfdən də qeyd edirki, ölkədə çoxsaylı yaxşı qanunlar var. Lakin problem həm də onların kağız üzərində qalmasındadır: «Korrupsiya və rüşvətxorluqla mübarizə daha çox şəffaflıq tələb edir. Ancaq buna baxmayaraq, indiyə kimi heç kəs gəlir bəyannaməsi təqdim etməyib».

Müəllif hesab edir ki, ölkədə rəqabət haqda qanun qəbul edilsə də, rəqabət olmayacaq. Çünki bundan ötrü əvvəlcə inhisarlar məhv edilməlidir: «Bunlar yüksək rütbəli məmurlar, deputat korpusunun bəzi təmsilçiləri və hakimiyyətdən olan oliqarxlardır».

XS
SM
MD
LG