Oxu Zalı Jalə İsmayılın təqdimatında rumın şairlərin şeirlərindən seçmələri təqdim edir.
Nikolae Labiş (1935-1956)
Ana
Lap çoxdan çıxdığım o uzaq kənddən
Bir adam gəlmişdi, xəbərə qaçdım
Dedi, çiçək açıb bizdə moruqlar
Sənin də, ay ana, ağarıb saçın.
Başqa bir xəbər də eşitdim, amma
İnanmaq çətindir, xəstə yatırsan
Axı məktublarda yaxşıdır hər şey
Sən də gündən-günə cavanlaşırsan.
.
Arzu
Niyə yola çıxdım
Hara gedəcəm?
Zülmətə qərq olur
Parlaq düşüncəm.
Orda - uzaqlarda
Bir atəş çağırır
Qarın altından
Keçmək istəyirəm
Rahatlığımdan.
.
Yaqut dimdikli quş
Yaqut dimdikli quş
qisas aldı, hə, qisas aldı.
Artıq onu tumarlaya bilmirəm.
Əzdi məni
yaqut dimdikli quş.
Amma sabah
yaqut dimdikli quşun balaları
küllükdə eşələnərkən
bəlkə də tapacaqlar
gözəl xatirəsi qalmış
şair Nikolae Labişin izini...
Buna da bax: Herta Müller dünyanın ən qəddar diktaturasının sərhədində
Nikita Stanesku (1933-1983)
Avtoportret
Mən başqa bir şey deyil,
sadəcə danışan
qan damlasıyam.
Şeir
Şeir ağlayan gözdür.
O, ağlayan çiyindir,
ağlayan çiynin gözüdür.
O, ağlayan əldir,
ağlayan əlin gözüdür.
O, ağlayan dabandır
ağlayan dabanın gözüdür.
.
Ah dostlar,
şeir göz yaşı deyil,
o, ağlamağın özüdür,
görünməyən gözün ağlamasıdır,
gözəl doğulmalı olan gözün
göz yaşıdır,
göz yaşıdır
xoşbəxt doğulmalı olan gözün.
.
Açar
Zəncirli açar ulduzlardan düşdü başıma,
beynimdə ağrı və səs bir-birinə qarışdı.
İlahi, qollarında qaldırmasan,
qıfılına düşə bilmədiyim
o nəhəng qapı üçün
bədənim dəmir açara çevrilir.
Yalvarıram sənə,
bütün əzəmətin və etinasızlığınla
məni fırladıb
o qapını bir dəfə aç!
Yalvarıram, heç olmasa, bir dəfə!
Buna da bax: Onun şeir kitabı 4 milyon tirajla satılıb...
Qabriela Melinescu (1942)
Ad günü
Ev boşdur,
qonşular Günəşin arxasınca köçüb gediblər.
Qəfildən
o qədər də yaxşı görmürəm.
Amma hər şeyi xatırlayıram.
Dünyanın ta o biri ucunda
işıqlanmış gecə və itirilmiş dostlar
eyni qədəhdən
içməyə başlayıblar
payızın qanını.
.
Nəğmə
Bu Yer üzündə necə də tənhayıq,
mən bu başdayam, sən o biri başda,
sarı yelləncəkdəki kimi -
sən aşağıda, mən yuxarıda...
Məni yuxarıda çox saxladın,
mən saysız-hesabsız qürublar gördüm və darıxdım.
Ayaqlarım məni Yer üzündə sürüyür
uçuşdan sonra başı gicəllənən təyyarə kimi.
Sən çoxdan getmisən
və ağır bədənə oxşayan bir daş saxlamısan,
mən də dünyanın o başında
bu daşdan
yaşıl hecalar yarpaqlayacağını gözləyirəm.
.
Yazı
Yazarkən
sözlər arasında baş verənlərlə
məsafə saxlamalıyıq.
.
Birini boğulmaqdan
xilas etdiyin kimi:
onu özünə sıxırsan,
amma
səni dibə çəkə bilməsin deyə
çox da yaxın tutmursan.
Buna da bax: "Nobel"li yazar: “Kommunist Partiyasından çıxmaq fikrim yoxdur”
Ana Blandiana (1942)
Ziyarət
Başqa dünyadan
protokol ziyarəti kimi
kədərlə qəbirstanlığa gələn qocalar
evə qayıtmalı olduqlarını,
həmişəlik
qala bilmədiklərini
düşünməkdən yorulublar.
.
İki xaç
Xaçım oldun
hündür, incə
məni eninə-uzununa
çarmıxa çəkməyə hazır.
Mən sənin
güzgüyə əksi düşən
uşaqlıq xaçın oldum.
Eyni şeydir
bəy-gəlin üçün
qucaqlaşmaq
və çarmıxa çəkilmək.
Qoy
iki dəfə axsın zaman
bizim üçün
axşama və səhərə doğru.
Bizə bənzəsin
və üstümüzü bərk-bərk örtsün çiçəklərlə.
Çiçəklərin arasından
biri kölgədən ibarət olan
əkiz xaçla çəkilmiş
yüksəkliyə baxaq.
.
Şair dolu gəmi
Şairlər gəmi olduğuna inanırlar
və minirlər.
.
İcazə verin, mən də şairlərlə birgə gəmiyə qalxım
zamanı qabaqlayaraq.
.
Dor ağacı yırğalanmadan,
yerindən tərpənməyə ehtiyac olmadan
(Çünki zaman onun ətrafında
daha sürətlə hərəkət edir)
.
Şairlər gözləyirlər,
gəmi sahildən uzaqlaşarkən
izi itirməmək üçün
yatmaqdan və ölməkdən imtina edirlər.
.
Axı ölümsüzlük nədir
heç vaxt olmayacaq bir şeyi
inadla gözləyən
bu daş gəmi deyilsə?
Rumıncadan tərcümə: Jalə İsmayıl