Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:36

'Dövlət qurumları qiymət artımı ilə böhrandan çıxmağa çalışır'


İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda.
İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunmuş konfransda.

Regionların inkişafı ilə bağlı III Dövlət Proqramının icrasının dəyərləndirilməsi, idxalda monopoliya və növbəti qiymət artımı ilə bağlı təxminlər bu gün medianın aparıcı mövzusudur...

REGİONLARINDAVAMLI İNKİŞAFI

«Azərbaycan» qəzetində «Regional inkişafda yeni mərhələ» sərlövhəli məqalə dərc edilib.

Müəllif «Azərbaycan regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrası və nəticələrini dəyərləndirir.

Yazıda qeyd edilir ki,Dövlət Proqramının üçüncü ilinin icrası ilə bağlı yanvarın 31-də prezidentin rəhbərliyi ilə keçirilən konfrans ölkədə sosial-iqtisadi sahədə islahatların davamlı olmasının göstəricisidir.

Müəllif vurğulayır ki, 2016-cı il enerji bazarındakı qeyri-sabitlik, ticarət tərəfdarlarının valyutalarının devalvasiyası Azərbaycanın da gəlirlərinin azalmasına səbəb olub: «Bütün bu çətinliklərə baxmayaraq, ölkə rəhbərliyi tərəfindən vaxtında qəbul edilən müdrik qərarlar nəticəsində Azərbaycan böhran vəziyyətindən ən az itkilərlə çıxıb».

Yazıda bildirilir ki, 2004-cü ildən bu yana regionların inkişafı üzrə proqramlar bölgələrin simasını dəyişdirib, əhalinin rifah halının yaxşılaşmasına səbəb olub. Müəllif dövlət başçısı İlham Əliyevdən də sitat gətirməklə arqumentlərini gücləndirməyə çalışır: «III Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr edilən konfrans regionların davamlı inkişaf etdiyini və qarşıya qoyulan vəzifələrin uğurla gerçəkləşdiyini sübuta yetirdi».

Monopoliya.
Monopoliya.

İDXALDA İNHİSAR

«Exo» qəzetində «Azərbaycan idxal inhisarı ilə toqquşur?» sərlövhəli məqalə oxumaq olar. Müəllif ölkəyə idxal edilən mallara yüksək qiymət qoyulması və bunun səbəbləri ilə bağlı ekspertlərin mövqeyini öyrənib.

«Azərbaycanın daxili bazarında idxal mallarına qoyulan əsassız yüksək qiymətlər müşahidə edilir. Ölkə idxal inhisarı ilə toqquşur. Qiymətlərdəki fərqlər idxalçılardan inhisar yaratmaqda və qiymətləri süni şəkildə qaldırmaqda şübhələnməyə əsas verir»,-deyə Nəriman Ağayev qəzetə deyib.

Ekspert qeyd edib ki, Azərbaycanda ərzaq və qeyri-ərzaq mallarının 80 faizə qədəri idxaldan asılıdır. Odur ki, manatın ucuzlaşması fonunda idxal malları və hətta yerli məhsullar bahalaşır.

N.Ağayev vurğulayır ki, yerli istehsalçıların istifadə etdikləri xammal, əsasən, xaricdən gətirilir. Üstəlik, onun fikrincə, idxalda monopoliya da var.

Ekspertin təxminlərinə görə, hələ qiymət «yenilikləri2 qarşıdadır. Əhəmiyyətli qiymət sıçrayışı bayram günlərində müşahidə olunacaq.

Ekspert Oqtay Haqverdiyev isə deyib ki, dövlət iqtisadiyyatında durum mürəkkəb və qeyri-sabitdir. Ölkədə yaxşı nəsə gözləməyə dəyməz.

O.Haqverdiyev hesab edir ki, 2016-cı ildəki rəsmən 12 faizlik inflyasiya iqtisadiyyatın super durğunluq halında olmasının göstəricisidir: «Bu fakt onu göstərir ki, iqtisadiyyatı təşkil edən hər iki seqment, yəni bank-maliyyə sistemi və real iqtisadiyyat böhran durumuna düşüb. Oradan çıxa bilmir».

Qaz.
Qaz.

QİYMƏT ARTIMI BÖHRANDAN ÇIXIŞ YOLU DEYİL

«Novoye Vremya» qəzetində də «Qiymət artımı iqtisadiyyatı xilas edə bilməz» sərlövhəli məqalə diqqət çəkir. Müəllif ölkədə qiymət artımına rəsmi qurumların münasibətini müzakirə edir.

Yazıda qeyd edilir ki, bir çox hallarda qiymət artımına dövlət qurumlarının özləri can atırlar. Müəllif xatırladır ki, ötən il enerjidaşıyıcıların qiyməti qalxıb. Bu azmış kimi, SOCAR-ın bir rəsmisi bəyan edir ki, qiymət artımından ötrü yenidən Tarif Şurasına müraciət edilə bilər: «SOCAR-dakı qeyri-sabit durumu nəzərə alsaq, gələcəkdə də Tarif Şurasına belə müraciətin ediləcəyi istisna olunmur».

Ekspert Elşad Məmmədov daSOCAR-ınyaxın gələcəkdə əhaliyə xidmətlə bağlı tariflərin bahalaşdırılması məsələsini qaldıracağını istisna etmir. Onun fikrincə, bu da qiymət sahəsində növbəti zəncirvarı reaksiya effekti yaradacaq.

Yazıda vurğulanır ki, qaz və işığın qiyməti qaldırıldıqdan sonra hamı səbəbkar kimi Tarif Şurasını göstərir. Ancaq heç kim Tarif Şurasına müraciət edən qurumu yada salmır.

Müəllif yazır ki, ölkədəki məmur ordusu bütün bu siyasətin xalqı hansı duruma saldığının fərqində deyil. Heç bu barədə fikirləşmək belə istəmirlər.

Müəllifə görə, bir çox vəzifə sahibləri elə hesab edir ki, qiymətlərin qaldırılması böhrandan çıxmağa kömək edə biləcək. Bu isə özünü aldatmaqdan başqa bir şey deyil.

Karikatura. Vətən sevgisi.
Karikatura. Vətən sevgisi.

PROBLEMLƏRİN KÖKÜ

Azadliq.info saytında dərc edilən «Təzadlı reallıq» sərlövhəli məqalədə isə idarəçilik və mənəviyyat mövzusuna toxunulur.

Müəllif yazır ki, bəzən mənəvi və etik dəyərlər insanın qarşısını kəsən keçilməz səddə dönür. Bəzən isə mənəviyyatsızlıq yüksəlməkdən ötrü «nərdivan»a çevrilir.

Daha sonra müəllif Azərbaycanla bir sıra ölkələrin paralellərini aparır. Yazıda qeyd edilir ki, konstitusiyasını, qanunlarını, ədalət hissini uca tutan, demokratiyanı göz-bəbəyi kimi qoruyan kifayət qədər mütərəqqi ölkələr var. Həmin ölkələrdə hökumət, parlament, məhkəmələr, media və ictimai qurumlar qanunların aliliyini ciddi şəkildə qoruyurlar: «Bu səbəbdən də həmin ölkələrdə mənəvi mühit daim sağlam, ürəkaçan və pozitiv olur. Əhalinin mənəvi – etik səviyyəsi isə yüksələn xətlə inkişaf edir».

Müəllifin fikrincə, belə mühitdə mənəviyyatsız insanlar bir növ cəmiyyətin ali təbəqələrindən kənarlaşdırılır. Qanunların aliliyinin təmin olunmadığı, məmur özbaşınalığının baş alıb getdiyi və məhkəmələrin sifarişlə qarar çıxartdığı ölkələrdə isə insana qiymət heçə enir: «O zaman əhalinin mənəviyyatı, həyatın keyfiyyəti və səviyyəsi isə aşağı olacaq. Məhz belə ölkələrdə qeyri-mənəvi üsullarla hər hansı bir məqsədə çatmaq nəinki asandır, hətta yeganə vasitədir».

Müəllif hesab edir ki, səlahiyyət sahiblərinin mənəvi cəhətcən korlandığı ölkələrdə rüşvət, korrupsiya, inhisarçılıq dərin kök salır.

Müəllifə görə, son illər bu neqativ proseslər məhz Azərbaycanda baş verir…

XS
SM
MD
LG