Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 16:01

“’Müsəlman Birliyi’ Hərəkatının üzvü Əhsən Nuruzadə polisin qanuni tələblərinə tabe olmamaqda günahlandırılıb”.

Bu haqda AzadlıqRadiosu-na vəkil Yalçın İmanov bildirib.

Vəkilin deməsinə görə, Ə.Nuruzadə 10 sutka inzibati həbs cəzası alıb. Qərarı Nərimanov Rayon Məhkəməsi çıxarıb. Məhkəmə qərarına görə həbs müddəti yanvarın 24-dən hesablanır.

Buna da bax: Əhsən Nuruzadə 'bandotdel'dən tapıldı

Y.İmanov onunla yanvarın 30-da görüşə bilib.

“Əhsən Nuruzadənin əhvalı yaxşıdır, işgəncə verilmədiyini bildirdi”, vəkil deyib.

Onun bildirdiyinə görə, Əhsən Nuruzadəni bir həftə əvvəl - yanvar ayının 24-də metronun “Nərimanov ” stansiyası yaxınlığında mülki geyimli şəxslər saxlayıb. Onu daha sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar.

Buna da bax: Ana oğlunu bir həftədir tapa bilmir

Ardınca, Nərimanov Rayon Məhkəməsinə gətirilən Nuruzadəni İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələblərinə tabe olmamaq) maddəsinə əsasən, 10 sutka həbs ediblər.

Ancaq Nuruzadənin Binəqədi rayonundakı inzibati həbs olunanların saxlanılma məntəqəsinə yalnız yanvar ayının 30-da günorta saatlarında aparıblar.

Vəkil Ə.Nuruzadənin inzibati pozuntuda günahlandırılmasının qurama olduğunu ifadə edib. Onun sözlərinə görə, yanvarın 30-dək Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan Nuruzadədən “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov, yazar Zümrüd Yağmur (həbsdə olan Fuad Qəhrəmanlının xanımı) və Milli Şura əlaqələri barədə izahatlar alıblar.

Vəkil Əhsən Nuruzadə ilə təcridxanada görüşə bilib.

"Guya "bandotdel"in qarşısında söyüş söyüb..."

"Əhsən Nuruzadə bildirdi ki, yanvarın 24-də onu yaşadığı evin yaxınlığında üç nəfər mülkigeyimli şəxs Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb. İdarədə təxminən bir saat saxlandıqdan sonra onu Nərimanov Rayon Məhkəməsinə gətiriblər. Burada isə polisin qanuni tələbinə tabe olmamaq ittihamı ilə 10 sutka inzibati həbs cəzası veriblər. Ardından yenə idarəyə qaytarıblar. İdarənin dini ekstremizm şöbəsindən bir nəfər onu dindirib. Əsasən, Taleh Bağırov, Milli Şura, hüquq müdafiəçisi Oqtay Gülalıyev, yazar Zümrüd Yağmurla əlaqələri, məhkəmənin qarşısına gələnlər barədə soruşublar, Müsəlman Birliyi Hərəkatının maliyyə mənbələrinə, İranla bağlantılarına dair suallar veriblər. Ona Taleh Bağırovdan, Milli Şuradan uzaq durmağı tövsiyə ediblər, onların dövlətçiliyə xəyanət etdiklərini bildiriblər. Əhsən Nuruzadə də öz növbəsində heç bir qanunsuz iş görmədiyini, adları çəkilən şəxslər və qurumların da qanuni fəaliyyət göstərdiklərini deyib", - Yalçın İmanovun sözləridir.

Əhsən Nuruzadə vəkilinə deyib ki, idarədə saxlandığı müddətdə ona işgəncə verilməyib, amma mənəvi-psixoloji təzyiq olub.

“Apellyasiya şikayəti veriləcək”

Müdafiəçi Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək: "Guya Əhsən Nuruzadə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin qarşısından keçərkən, telefonla uca səslə danışdığı zaman söyüş söyüb, Taleh Bağırov, Mövsüm Səmədov və digərlərinin həbsinə etiraz səsləndirib. Polis əməkdaşları onu qanunçuluğa dəvət etsələr də, tabe olmayıb. Əhsən də bildirdi ki, tam yalandır, digər tərəfdən, adam inzibati xəta törədib, məhkəmənin qərarı ilə cəzalandırılıbsa, niyə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırdı? Niyə orada qeyri-rəsmi dindirilirdi? Niyə ailəsinə onun haqqında heç bir məlumat verilmirdi? Niyə ailəsinə onun haqqında heç bir məlumat verilmirdi? Bütün bunları apellyasiya şikayətində göstərəcəyik".

Buna da bax: Vəkil yoxa çıxan şəxslə bağlı nazirə müraciət etdi

XATIRLATMA

Əhsən Nuruzadə yanvarın 24-dən yoxa çıxmışdı.

Yalnız yanvarın 30-da onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanıldığı bəlli olub.

Əhsən Nuruzadə ilahiyyatçı Taleh Bağırov və daha 17 nəfərin mühakimə olunduğu Nardaran işi üzrə məhkəmənin daim izləyirdi. O, yanvarın 24-də axşam saat 17.00 radələrində siqaret almağa evdən çıxmış və geri qayıtmamışdı.

Bu müddətdə onun ailə üzvləri və vəkili Daxili İşlər naziri Ramil Usubova, müxtəlif polis idarələrinə, Ombudsman Aparatına, Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciət etsələr də, onun yerini öyrənə bilmirdilər.

2015-ci il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.

Buna da bax: Ağır yaralı Nardaran dustağı azadlığa buraxılıb [yenilənib]

Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. 18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynov 20 il həbs cəzası alıb. Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Abbas Tağızadə, Abbas Quliyev, Aqil İsmayılov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əsgərov, Əli Nuriyev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Əlibala Vəliyev və Fərhad Balayevin hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib. Həbs olunarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev və Nardaran hadisələrilə əlaqədar Facebook-da yazdığı statuslara görə həbs olunan Fuad Qəhrəmanlıya isə 10 il həbs cəzası verilib.

Nardaran hadisələri ilə bağlı tutulanlardan başqa bir qrupun isə hazırda məhkəməsi gedir.

Günün bütün mövzuları

XS
SM
MD
LG