Keçid linkləri

Təcili xəbərlər
2021, 19 Sentyabr, bazar, Bakı vaxtı 01:12

Kamran Nəzirli: 'FB - əslində nə deməkdir...'


Facebook sosial şəbəkəsinin emblemi.

"Beş-altı ay bundan qabaq FB-də işə təzəcə başlamışdım ki, dostlarımdan biri mənə irad tutdu, dedi, ona FB demə, BB de... İraq olsun, əvvəlcə, elə bildim, o söz, pis çıxmasın, yəni, be-be... Sonra Allah saxlamış açıqlamasını verdi: Body Book, yəni Bədən Kitabı. Bu da heç".

Kamran NƏZİRLİ

Balina südü, və yaxud döş

hekayə

Yazıçı Kamran Nəzirli.
Yazıçı Kamran Nəzirli.

Hərgah avropalıya desən ki, FB nədir, təxmini cavab yəqin belə olar: kitabın üzü. Hərgah afrikalıdan soruşsan, güman ki, o da özünəməxsus cavab verər: qaraüzlü kitab. Asiyalı tamam fərqli düşünür, misal üçün, deyə bilər ki, FB-Federal Bürodur, adamın yeddi nəslini öyrənmək üçündü. İnanmıram ki, amerikalı bu fikirlərə şərik olsun; ən azı ona görə ki, FB-ni elə amerikalı Mark yaradıb. Mən hardasa oxumuşdum ki, Mark hələ bu işə təzə-təzə başlayanda deyib ki, guya FB adamın sifətidir - dəxli yoxdu, qaradı, ya ağdı, ya da elə qırmızıdı... bu, adamın SİFƏTİNİ göstərmək üçündü. Həm də axı hər adam bir kitabdı... FB də ondan ötrüdü ki, o kitabı oxumaq mümkün olsun. Bu heç, bunu qoyuram qırağa.

Beş-altı ay bundan qabaq FB-də işə təzəcə başlamışdım ki, dostlarımdan biri mənə irad tutdu, dedi, ona FB demə, BB de... İraq olsun, əvvəlcə, elə bildim, o söz, pis çıxmasın, yəni, be-be... Sonra Allah saxlamış açıqlamasını verdi: Body Book, yəni Bədən Kitabı. Bu da heç.

Buna da bax: 'Pəncərələri açın, evə günəş şüası dolsun. Günəş şüası...'

Ötən bayramaxşamı balinalar ölkəsi buz adasından - İslandiyadan mənim bir xarici qonağım gəlmişdi. Özü kimi, adı da məzəliydi: Hurbergur Burberson! FB-dən söz düşəndə, dedi, onun adı HB-dir. Başladım gülməyə, ayıb olmasın, dedim, saqqalın ağarsın, bircə bu qalmışdı, HB nədi, bəlkə adının baş hərflərini FB-yə qoymusan? İslandiyalı qonağım da güldü, soyuqqanlı düzəliş elədi.

- Yox, - dedi,- HB - Heart Book deməkdi, yəni Ürək Kitabı! Əslində Mark da elə bu cür fikirləşib, sonra necə olubsa, FB kimi çıxıb ortalığa...

İndi mən qalmışam bu iki Kitabın arasında, bilmirəm hansı düzdü - Bədən, yoxsa Ürək Kitabı? Bu zalım oğlu əcnəbi də bərk durub, deyir, təsəvvür elə ki, Bədəniniz böyüyür, inkişaf edir, üstündəki bütün orqanlar formasını dəyişir, əməliyyat olunur, genişlənir, kökəlir, qəşəng-qəşəng paltarlar geyinir... Amma gərək qəlbini, ruhunu böyüdəsən, bədənini yox...Yəni, gərək buna "Heart Book" kimi baxasan... Nə isə, yadımdan çıxdı, nəsə deməliydim axı!

Hə, hə, deməli, mən də başladım qonağın yanında özümü çoxbilmiş kimi göstərməyə. Girdim "face book" səhifələrinə, başladım ordakı, təzə dilnən desək "statuslar"ı oxumağa ki, görüm nə təzə xəbər var FB dostlarımdan. İnan Allaha, lap məəttəl qaldım. Dostum Qulu Ağsəsin sözü olmasın, görürəm ki, biri itinin "çılpaq baldırı"nı nümayiş elətdirir, ya da itinə yedizdirdiyi yeməklərin siyahısını bölüşür və budu ha..."like"lar bir-birinin dalınca, 500-600 birdən! Bu da heç. Və yenə görürəm ki, şairfason birisi yazır: "kefim yoxdu... gedirəm vurmağa..." Və budu ha, yenə "like" üstündə əməlli-başlı növbədi-500-600-700... Buna da bir heç deyək.

Baxıb görürəm ki, bir şəhidimizi dəfn edirik, əlbəttə, belədə "like"lar olmaz! Heç olmasa, şəhidimizin ailəsinə başsağlığı verək! Qarnımız ağrımaz ki! Görürəm, cəmi 50-60 nəfərin "qarnı ağrımır..." . And olsun Əbülfəz Əli Abbasa, mənim qarnım yox, qanım ağrıdı. Dilxor və pərt oldum. Hələ bu harasıdı?

Bu vaxt gördüm ki, qonağım Hurbergur Burbersonun gözü yazı masamın üstündəki qəzetlərə sataşdı, birini götürüb soruşdu:

- Bu qəzetin az qala bir səhifəsini tutan qara çərçivələr nədi belə?

Dedim, camaat başsağlığı verib.

- Kim ölüb ki?

Dedim, filan nazirin qardaşı arvadı. Başını təəccüblə yellədib o biri qəzeti götürdü, orda da eyni mənzərə görüb eyni sualı verdi. Dedim, ölən filan komitə sədrinin xalasının kürəkənidi, filan deputatın əmisi oğludu, filan rəisin... Ona görə camaat başsağlığı verir. Bizim camaat belədi, başqasının dərdinə dərhal şərik olur, rəhimli millətik. Yenə təəccüb elədi. Axırda bir qəzetdə gördü ki, lap aşağıda, küncdə gözə görünməyən yerdə bircə dənə başsağlığı veriblər, soruşdu ki, bu kimdi belə. Dedim, bir şairimiz vardı, böyük sənətkar idi, bir-iki yaxın dostu onun ailəsinə başsağlığı verib...

Buna da bax: Müsiqi müəlliməsinin unuda bilmədiyim barmaqları

Sözüm ağzımda qaldı, qonaq qarnını tutdu, başladı şit-şit gülməyə. (İnan Allaha, evdə arvad-uşaq olmasaydı, salardım onu təpiyimin altına, baxmazdım qonaqdı-filandı!). Hurbergur Burberson oğlu son! Axı sən nə qanırsan belə şeyləri? Hə, deməli, o qədər güldü, o qədər güldü ki, yerə yıxıldı, ürəyi getdi. Tez təcili yardıma zəng vurduq, həkim gəldi. Həkim gördü ki, xarici qonağım qarnını tutub, lal-dinməz oturub. Cəld bir dəftər vərəqi çıxartdı, başladı tələm-tələsik yazmağa. Qonaq özünə gəlmişdi, soruşdu ki, doktor nə yazır belə. Həkim heç mənə aman vermədi, sən demə, ingilis dilini tum kimi çırtlayırmış, özü cavab verdi:

- İt is tetraskilin... it is çitramon... analqin, biomedsin, noşpa, parasitamol, aspirin, ibuprofen, adrenolin, lazolvan, spazmaqon, prestans, oskibral...

Sonuncu dərmanın adını deyəndə qonaq yenə özündən getdi. Zalım oğlu, yenə qarnın tutub o qədər güldü ki, az qaldı ağzımdan söyüş çıxsın! Qonaqsan, qonaq kimi apar də özünü, məni ələ salmısan? Zəhmət çəkib səninçün həkim çağırmışam...

Birdən ayılıb gördüm ki, nə həkim? İndiyə həkim qalar? Əkilib aradan çıxıb e!

Xarici qonağım güclə özünə gəldi, nəhayət, yemək masası arxasında, dedi:

-Bizdə belə şeylər olmaz!

-Siz ayrı, biz ayrı,- dedim. - Siz buz adasındasız, biz isə istilənirik də...

Bu vaxt Hurbergur Burbersonun gözünə şkafın üstündəki "Malış" tozu sataşdı.

-Bunu uşağa verirsiz?

-Bə nə!!! - bu dəfə özümü darta-darta şəstlə dilləndim.- Guya siz vermirsiz?

-Yox, - dedi,- biz uşağa balina südü veririk...

-İndi, deyirsən, biz də uşaqlara balina südü verək?

-Elə demədim... Deyirəm, inək südü verməyin!

-Niyə? Bə nə verək?

-Döş verin, döş!..

Əhh!!!!!! Cin vurdu təpəmə də! Dedim, ə, nədi, dolamısan bizi? Bə özünüz niyə vermirsiz?

Hurbergur Burberson bu dəfə qarnını tutmadı, bir qədər də ciddiləşib, sakit-sakit cavab verdi:

-Bizim qadınların döşlərinin südü donub! Buz adasında yaşamaq elə bilirsən asandı? Bə ona görə balina südünə keçmişik də! Sizdə isə döş var, çoxdu, özü də don-zad vurmayıb!

Buna da bax: Görəsən o erməni snayperinin arvad-uşağı varmı?

Arvad-uşaq eşitməsin deyə, ağzımı onun qulağına dayadım, pıçıldadım:

-Ser, mister, müsyö, son oğlu son, hardan bilirsən?

-BB-dən... (yəni FB, bizim dilə çevirəndə Bədən Kitabı...) Doludu... Axı mən məşhur FBevşikəm...

Dədəmin goru haqqı, day burda "heç" deyə bilmirəm...

2017.

XS
SM
MD
LG