Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Yanvar, Cümə axşamı, Bakı vaxtı 03:25

Pensiya artımına hər ay 10 milyon yönəldiləcək


Səlim Müslümov

«2016-cı ildə prezidentin imzaladığı 30-dək sənədlər nəticəsində 3 milyon 600 nəfərə və ya əhalinin 38 faizinə yönəlmiş sosial ödənişlər artırılıb. Yeni iqtisadi idarəetmə modelinə keçidin ortaya çıxardığı çətinliklərdən əhalinin kompensasiyası üçün 600 milyon manatdan artıq vəsait yönəldilib».

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ölkə başçısının minimum əmək haqlarının artırılması və pensiyaların indeksləşdirilməsi haqqında sərəncamları ilə bağlı keçirdiyi mətbuat konfransında belə deyib.

Nazir ötən il əmək haqlarının 7, pensiyaların isə 8 faiz artdığını qeyd edib. Onun deməsinə görə, bu proses davam edəcək.

S.Müslümov bildirib ki, sərəncama uyğun olaraq, bütün növ əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi həyata keçiriləcək. İndeksləşməyə hər ay təqribən 10.21 milyon, il ərzində isə 122.5 milyon manat əlavə vəsait yönəldiləcək. Sərəncam pensiyaçıların 94 faizinə və ya 1 milyon 240 min nəfərə şamil olunacaq. Pensiyaların sığorta hissəsini təşkil edən məbləğlər müxtəlif olduğundan artımların məbləğləri də fərqli olacaq.

XATIRLATMA

Prezident ötən həftəsonu əmək pensiyalarının sığorta hissəsinin 2016-cı ilin inflyasiyası səviyyəsində indeksləşdirilməsi və minimum əmək haqlarının 116 manat müəyyən edilməsi barədə sərəncamlar imzalayıb.

Bununla da minimum əməkhaqqı 11 manat artıb.

Əksər müstəqil ekspertlər sözügedən sərəncamların yetərli olmadığını düşünürlər. Onlar deyirlər ki, bu manatın dəyər itirməsi və inflyasiya fonunda çox kiçik rəqəmdir. Rəsmi statistikaya görə, ötən il inflyasiya 12 faizdən çox olub. Ancaq müstəqil ekspertlər düşünürlər ki, ölkədə əksər məhsulların qiyməti 40-60 faiz arasında artıb. Elə təkcə, enerjidaşıyıcıların qiymətinin artmasından hökumət əlavə 300 milyon manatdan çox vəsait əldə edəcək.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG