Keçid linkləri

Təcili xəbərlər
2021, 21 İyun, Bazar ertəsi, Bakı vaxtı 17:03

ATƏT yanında Daimi Nümayəndəlik: Status-kvo belə qala bilməz


ATƏT

BMT Təhlükəsizlik Şurasının qətnamələrinin Ermənistan tərəfindən icra edilməməsi Ermənistan-Azərbaycan münaqişəsinin həllinə, həmçinin beynəlxalq və regional sülh və təhlükəsizliyə ciddi təhdid yaradır.

Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin yaydığı bəyanatda belə deyilir.

Sənəddə vurğulanır ki, 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrdə erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması tələb olunsa da, 23 ildir ki, buna əməl edilmir.

Bəyanatda qeyd edilir ki, Azərbaycanın sülh danışıqlarında iştirak etməsində başlıca məqsəd Ermənistan qoşunlarının Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən çıxarılmasıdır: «Sülh Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünü bərpa etməlidir», – deyə bəyanatda vurğulanır.

Daha sonra sənəddə xatırladılır ki, beynəlxalq qurumlar məsələnin hərbi yolla həllinin olmadığını deyirlər, amma dinc vasitələrlə də problemin həllinə yetərli səy göstərmirlər. Bildirilir ki, gücdən istifadə etməmə prinsipinin işğala əsaslanan status-kvonun dondurulması məqsədilə təhrifi qəbuledilməz, əks nəticə verən və çox təhlükəli yanaşmadır: «Təcavüzün qurbanı olan dövlətin gücdən yararlanmamağa dair öhdəliyə riayət etməsini iddia etmək, ən azından, yersizdir».

Sənəddə deyilir ki, münaqişənin həlli kontekstində gücə əl atmamaq haqqında danışanlar, ilk növbədə, Azərbaycan ərazilərinin hərbi işğalı amilini aradan qaldırmalıdır. Bunu təmin edə bilmirlərsə, Azərbaycanın öz torpaqlarını müdafiə etmək və istənilən vasitə ilə öz vətəndaşlarını qorumaq hüququ var.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

XS
SM
MD
LG