Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:15

Peşəkar kinooperator bunları bilməlidir: Rəssamlıq, fotoqrafiya, hətta fəlsəfə...


Operator Vittorio Storaro və rejissor Vuddy Allen.
Operator Vittorio Storaro və rejissor Vuddy Allen.

Vittorio Storaro - əfsanəvi italyan operatoru, öz sahəsində ən çox nüfuz qazanmış sənətkarlardan biridi. Üç Oskar sahibi (“Apokalipsis bu gün”, “Qırmızılar”, “Sonuncu imperator” filmlərinə görə), Bernardo Bertolluccinin ən yaxın silahdaşı (20 il birlikdə işləyiblər), işləməyə davam eləyən və biliklərini gənc nəslə ötürən insan...

Oxu zalı böyük operatorun müsahibəsini təqdim edir.

- Siz öz işlərinizlə isbat edirsiniz ki, işıq və rəng filmlərdə emosional sətiraltı təsiri artırmaq üçün istifadə olunmalıdı. Başqa sözlə, bu ideyanı müdafiə eləyirsiniz.

- Bu, sadəcə mənim ideyam deyil, onsuz da mövcud olan bir haldı. Hətta belə bir ideyanın varlığından xəbəriniz olmaya da bilər. Siz kameranı işə salanda, ya da rəsm çəkmək üçün kətan hazırlayanda, işığı necə istifadə eləyəcəyinizi fikirləşdiyiniz an, əslində, həddindən artıq özəl bir şey deməyə hazırlaşırsınız. Biz bunu şüurlu olaraq bilsək də, bilməsək də, baş verir, enerji bunu tələb eləyir. Əsas problem budu: siz bilirsiniz, ya yox? Əgər siz bunun anlamını bilirsinizsə, təbii işığın enerji olduğundan xəbərdarsınızsa, onda bəs enerji nədi? Enerji dalğalar tezliyidi. O dalğalar bizə çatır. Sadəcə gözlər, baxışlarla deyil, həm də bütün vücudumuzla… Elm sübut eləyib ki, bizim qan təzyiqimiz, metabolizmamız kənardan aldığımız vibrasiyaların təsiri ilə dəyişir. Siz foto, film, ya da rəsm çəkəndə və bu zaman müəyyən işıqdan, yaxud rənglərdən istifadə eləyəndə əslində mesaj ötürürsünüz. Əgər bu proses şüurlu şəkildə baş vermirsə, intuitiv, həmin andakı əhval-ruhiyyənizə uyğun hərəkət eləyirsiniz. Amma bilginiz varsa, simvolizmi, psixologiyanı, işıq və rəng dramaturgiyasını öyrənmisinizsə, musiqiçi “do, re, mi, fa, sol, lya, si, do”dan necə istifadə eləyirsə, siz də qırmızı, narıncı, sarı, mavi, bənövşəyidən elə istifadə eləyəcəksiniz. İşin mahiyyəti budu.

Buna da bax: Sürrealist rejissor Alejandro Jodorowsky gözəlliyin oyatdığı dəhşətdən danışır

- Siz demisiniz ki, müasir rejissorların əksəriyyəti işıq və rəngin gücündən istifadə eləmirlər.

Vittorio Storaro çəkiliş zamanı.
Vittorio Storaro çəkiliş zamanı.

- “İstifadə eləmirlər” yox, qeyri-şüuri istifadə eləyirlər. Titrlərdə “quruluşçu operator”, ya da “görüntü rejissoru” sözlərini görəndə - necə adlandırıldığı vacib deyil - bilin ki, təsvirə görə o, məsuliyyət daşıyır. Yaxşısına da, pisinə də. Hərdən neynədiyinizi bilirsiniz, ancaq auditoriyaya ötürmək və onlardan almaq istədiyiniz hissləri əldə eləmək üçün özünüzü düzgün ifadə eləməyi bacarmırsınız. İncəsənət isə bu yolla ötürülür.

- Müasir kinematoqrafiya haqqında nə düşünürsünüz?

- Kinonu onuncu incəsənət adlandırırlar. Platon deyir ki, insan müxtəlif mənbələrdən yaradıcı ilham alır – Kleo, Melpomena, Uraniya və s. Müasir vizual sənət o vaxt mövcud olmayıb, yəni kino, televiziya və digərləri. Müasir zamanda da kino onuncu sənətə çevrildi. Niyə? Çünki ədəbiyyatdan, memarlıqdan, musiqi və fəlsəfədən qidalanır… Bu o deməkdi ki, onlarla tanış olmasanız belə, elementlerindən istifadə eləməyə məcbursunuz. Yeni texnologiya bizə təsvirlə şüurlu işləmək imkanı yaradıb. Bu gün istənilən adi kameranın, istənilən video kameranın düyməsini basırsan və gerisi avtomatik alınır. Və bu gün kinonu öyrənən tələbələr artıq təsviri necə reallaşdırmalı olduqlarını bilmirlər. Keçmişdə fotoqraf olmaq istəyənlər təcrübə keçməli, bu işi öyrənməli idilər.Eyni şey kinematoqrafiyaya da aid idi. Siz mexanika ilə kimyanın bir ideyanı real təsvirə necə çevirdiyini öyrənə-öyrənə böyüyürdünüz. Bu gün bunu heç kim bilmir. Bunu bilməyə, öyrənməyə ehtiyacınız yoxdu. Düyməyə basırsınız və təsvir hazırdı. Bu gün insanlar bunun əvvəllər necə edildiyindən xəbərsizdilər. Bu gün yeni texnologiyanın köməyi ilə təsvir çox asanlıqla və sürətlə əldə olunur. Odu ki, siz heç onun necə formalaşdığını, özündə hansı anlamları daşıdığını belə bilmirsiniz. Müasir videokameralar həddindən artıq həssasdı, 1000, 2000 İSO (işığa həssaslıq). Bu rəqəm həm də onların surətindən xəbər verir. Əvvəllər isə bu rəqəm 16-25 idi. Odur ki, təsvir istədiyiniz kimi görünsün deyə işıqdan necə istifadə etməli olduğunuzu bilməliydiniz. Bu gün bilmirlər. Amma harda çəkirlər-çəksinlər, təsvir görünür. Vəssalam. Onun üzərində işləməyə də ehtiyac yoxdu. Sizə yalnız bir ideya, vizual konsepsiya lazımdı. Bunları reallaşdırmaq üçün fərqli işıqlardan istifadə eləməlisiniz. Bu gün bu problemdi. Dahi bir şair vardı. Bernardo Bertolluccinin atası Attilio Bertollucci. İtaliyanın ən yaxşı şairlərindən biriydi. O bir dəfə dedi ki, səs gələndən sonra kino öz poetikliyini itirib. Niyə? Çünki başlanğıcda filmlər səssiz olurdu və siz hekayə danışmağın ən yaxşı üsulunu tapmaqdan ötrü “bunu necə eləməliyik? Belə? Bəlkə belə?” deyə suallar verməliydiniz. Bu günün filmləri radio, teatr tamaşalarıdı, kino deyil. Cüzi, yumşaq işıq qururlar və hazırdı, çəkə bilərsən. Bu, müasir texnologiyanın faciəsidi.

Buna da bax: Yuxuları filmə köçürən rejissor - Michel Gondry

- Karyeranızın ilk mərhələsində, öz sözlərinizlə desək, hələ məsum olduğunuz vaxtlarda Bernardo Bertollucci sizə böyük təsir eləyib. Bunu deyəndə hansı təsiri nəzərdə tuturdunuz?

- Mən elektron kamera ilə işləməyə başlamışdım. Mənim bəxtim gətirmişdi, atam kinoteatrda kinomexanik işləyirdi, çoxlu-çoxlu filmlər keçirdi əlindən. Mənim də həmin təsvirlərin bir parçası olmağımı arzulayırdı, buna görə də məni fotoqrafiya və kinematoqrafiyanı öyrənməyə həvəsləndirirdi. Beş il fotoqrafiyanı öyrəndim, ondan sonra da əlavə dörd il kinematoqrafiyaya sərf elədim. Elə bilirdim ki, çox bilikliyəm. Ancaq mən təkcə texnologiyanı bilirdim. Foto və kino məktəblərində mənə daha çox texnika haqqında danışırdılar, sənət haqqında heç nə demirdilər. Bunu Caravaggionun əsərlərini görəndə kəşf elədim. Başa düşdüm ki, sənət haqqında heç nə bilmirəm. Bu, sadəcə məsumluq deyildi. Mən çox təkəbbürlü idim, hər şeyi bildiyimi düşünürdüm. İndi anlayıram ki, o vaxt cahil olmuşam, iki sahənin biliklərini bir yerə toplamağa çalışırdım. Kitablar oxumağa, rəsmlərə baxmağa, musiqi dinləməyə, texniki biliklərlə sənət bilgisi arasında balans qurmağa başladım. Biz film çəkəndə və ssenarini oxuyanda bu verbal konsepsiyanı vizual konsepsiyaya necə çevirəcəyimizi təxəyyülümüzdə canladırırıq. Vizual konsepsiyanı ən yaxşı şəkildə ifadə eləmək üçün rəssamlıq, fotoqrafiya, hətta fəlsəfə nöqteyi-nəzərindən düşünməyə çalışırsınız, sonra ideyanızı rejissora danışırsınız, o razılaşsa, həyata keçirirsiniz. Ancaq sənət səviyyəsinə çatıb-çatmayacağınızı bilmirsiniz, axı. Ona görə də əlinizdən gələni eləyirsiniz. Yaxşı işləyib-işləmədiyinizi laboratoriya lentlərini sizə qaytaranda öyrənirsiniz. “Apokalipsis bu gün” filmini Filippində çəkirdim, neqativləri Romaya göndərirdim. Onlar alırdılar, aşkarlayıb çap eləyirdilər və iki həftədən sonra geri qaytarırdılar. Beləcə, o lentlər mənə qayıdana qədər- düz iki həftə onlar haqqında düşünürdüm. Nəzəri, təcrübi, fəlsəfi baxımdan çox şey bilirdim, amma heç vaxt tam əmin olmaq mümkün deyil. Yalnız çəkdiklərini görəndən sonra “vəssalam, hər şey qaydasındadı” deyə bilirsən. Amma təkcə bu kifayət deyil, film montaj olunmalıdı, sonda lent mükəmməl çap olunmalıdı və yalnız onu kinoteatrda tamaşaçılara göstərəndə, onlar da gördüklərinə reaksiya verəndə ideyanı çatdıra bilib-bilmədiyini anlayırsan. Mən 1983-cü ildə təcrübə məqsədilə Sony-nin bir kamerasını istifadə eləyəndə kameranı işə saldım, monitora baxdım və son dərəcə aydın, mükəmməl, rəngli təsviri görəndə dedim ki, İlahi, mən bu işlə məşğul olmağa başladığım vaxtdan indiyə qədər neynədiyimi ancaq indi anladım, indi mən düşündüklərimi lentdə görürəm. Təsvirin o qədər də yaxşı olmadığını görəndə ona bir az düzəliş verirdim. Bax, onda öz məsumiyyətimi itirdim. Indi mən nəyi niyə elədiyimi çox gözəl bilirəm.

- Rəqəmsal texnologiyanın inkişafı operatorla rejissor arasındakı münasibəti nə qədər dəyişib?

Vittorio Storaro
Vittorio Storaro

- Dəyişiklik sizin səviyyənizdən, rejissorla münasibətinizdən asılıdı. Operator, çəkiliş meydançasında təsvirin aşkarlamadan sonra necə görünəcəyini bilən yeganə adam olmağa iddialıydı. Bu iddia hər zaman özünü doğrultmur, çünki hər kəs öz təcrübəsi, biliyinə əsasən təsvirin necə görünəcəyini təsəvvür eləyə bilər. Eyni zamanda onların arasında obyektiv, lent, laboratoriya, proyektorun keyfiyyəti kimi bir çox elementlər vardı. Yeni texnologiyanın gəldiyi andan, təsviri eyni vaxtda həm çəkib həm də görəndən sonra “məndən başqa heç kim bilmir” iddiası qüvvədən düşdü. Artıq hamı görə bilir. Yaxşı, onda bu gün əsas fərq nədir? Artıq yeni texnologiyadan istifadə eləmək üçün uzun-uzadı hazırlaşmağınıza ehtiyac yoxdu, çünki rəqəmsal texnologiyada həmişə kimsə sizə kömək eləyəcək. Fərq vizual sənətin anlamını bilməkdədi. Əgər siz işıqdan istifadə eləməklə müəyyən hissləri və reaksiyaları necə yaradacağınızı bilirsinizsə, ssenaridəki güllənin əhəmiyyətini doğru şəkildə çatdırmağı bacaracaqsınız. Və bir çox başqa şeyləri. Hətta rejissor təsvirə baxıb “Vittorio, mən bunun uyğun olduğunu düşünmürəm, mənə bu hissə ilə bu hissə arasında neytral işıq lazımdı” deyə bilər. Onda onunla bunu müzakirə eləyə, izah eləyə bilərsiniz. Odur ki, təkcə texnologiyanı bilmək bəs deyil, həm də vizual sənətin anlamını öyrənməlisiniz ki, ondan istifadə eləyə biləsiniz. Praktikada yaxşı ola bilmək üçün işin fəlsəfəsini öyrənməlisiniz.

Buna da bax: "28 panfilovçu" və "Zəlzələ" rus kinoşünası qəzəbləndirib - 'Film deyil təbliğatdır'

- Sizi kino aləminə cəzb eləyən nə idi? Uşaqlıqda baxdığınız hansısa konkret bir film?

Charlie Chaplin "Böyük diktator" filmində.
Charlie Chaplin "Böyük diktator" filmində.

- Yalnız atam. İlk dəfə kinoya yeddi, ya da səkkiz yaşımda baxmışam. Məni kinoya tərəf “itələdiyini” deyə bilmərəm, ancaq yadımda qalan ilk film Charlie Chaplinin “Böyük şəhərin işıqları” filmiydi. Amma atamla işləməyə başlayandan, uşaqlıqda onun göstərdiklərini kinomexanikin balaca otağından izləyə-izləyə çoxlu-çoxlu filmlərə baxdım. Əsasən, italiyan filmlərinə. Ondan sonra kinotəsvirin təsirinə düşdüm və bu sahəni öyrənmək istədim.

- Atanız sizdən kinoda işləməyiniz istəyəndə heç tərəddüd eləmədiniz?

- O vaxtlar gələcəyimlə bağlı başqa heç bir fikrim yox idi. Çox gənc idim. Atam məni fotoqrafiya məktəbinə göndərəndə 11 yaşındaydım. Ancaq yavaş-yavaş bu mənim də arzuma çevrildi.

- Siz hələ də məhsuldar işləyirsiniz. Vizual hekayələr danışmaq ehtirasınız əvvəlki kimi qalıb, yoxsa dəyişib?

- İnsan daha bilgili olur. Mən məsumiyyətimi itirmişəm, indi daha şüurlu, daha yetişkinəm. Ancaq hər dəfə film çəkməyə başlayanda bütün təcrübənizə, nəzəri biliklərinizə, ayağınızın altında daha möhkəm zəmin olmasına baxmayaraq, yeni əhvalatın sizə hansı qapılar açacağını, necə bir səyahətə çıxacağınızı bilmirsiniz. Nə qədər hazırlıqlı olduğunuz vacib deyil, sadəcə harda başladığınızı bilirsiniz, harda bitəcəyi isə naməlumdu. Bu möhtəşəmdi, çünki getdiyiniz istiqaməti kəşf eləmək həyəcan verir. Rejissorla görüşəndə onun çıxmaq istədiyi səyahətlə sizinkinin eyni olub-olmadığını müəyyənləşdirməlisiniz. Bax, buna görə mən çox az rejissorla işləmişəm.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG