Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 23:07

80 min uşaq məktəbə getmir


Əli Məsimli

Bayram günləri olduğundan ölkədə rəsmi qəzetlər çıxmır. Ancaq bəzi qəzet və saytlar öz işlərini davam etdirməkdədirlər. Ölkənin iqtisadi vəziyyəti, həbsdə olan siyasilərin taleyi və uşaqların təhsildən yayınmaları bu gün medianın aparıcı mövzusudur...

AZƏRBAYCANDAN ÇIXARILMIŞ PULLAR...

Musavat.com-da «Ölkədən çıxarılan pullar Azərbaycana qaytarılmalıdır» sərlövhəli məqalədə ölkənin iqtisadi durumu deputat Əli Məsimli ilə təhlil edilir.

Ə.Məsimli deyib ki, 1991-95-ci illərdən sonra hazırda ən ağır böhran yaşanır. Deputat hesab edir ki, bu durumdan çıxış yolu hərtərəfli, real islahatların aparılmasındadır: «Sistemli islahatlar aparılmayacağı təqdirdə, iqtisadiyyatın həm maliyyə, həm real, həm də sosial sektorlarında böhran dərinləşməkdə davam edəcək. Sistemli islahatlar həyata keçirilsə, 2017-ci il Azərbaycan iqtisadiyyatında sonuncu böhran ili olacaq».

Manatın taleyinə toxunan deputat vurğulayıb ki, böhran davam etdiyi müddətdə dollar da bahalaşacaq: «Məsələ bundadır ki, manat ətrafında çox paradoksal bir vəziyyət yaranıb. Bir tərəfdən «tam üzən məzənnə»yə keçmək labüddür, digər tərəfdən isə iqtisadiyyat və maliyyə sektoru «tam üzən məzənnə»yə keçməyə hazır deyil. Belə şəraitdə, manatın nə qədər ucuzlaşması aidiyyəti orqanların davranışlarından asılı olacaq».

Ə.Məsimli hesab edir ki, ölkənin xaricdəki valyuta ehtiyatından 2-3 milyard dollar ciddi nəzarət altında qeyri-neft sektoruna yönəldilə bilər: «Bununla yanaşı, müxtəlif yollarla ölkədən çıxarılan pullar da ölkəyə gətirilməlidir. Onda nisbətən qısa zaman kəsiyində ölkədə güclü, şaxələnmiş, rəqabətədavamlı qeyri-neft sektoru yaratmaq, manatın nisbi sabitliyini təmin etmək, çoxsaylı iş yerləri açmaq və həyat səviyyəsini yüksəltmək olar».

Mətləb Mütəllimli
Mətləb Mütəllimli

KEÇMİŞ DEPUTATDAN MƏKTUB

Keçmiş deputat Mətləb Mütəllimli həbsdə olan keçmiş müstəntiq Rüfət Səfərovun anasına müraciət edib.

Həmin müraciəti Azadliq.info-da oxumaq olar.

M.Mütəllimli yazır ki, oğlu həbsdə olan ananı təbrik etmək çox çətindir. Keçmiş deputatın fikrincə, indi həbs həyatını Rüfət Səfərovdan çox onun anası yaşayır: «Bəli, bu, acı həqiqətdir ki, bu gün məhbəsə günahsız Rüfət bəyin yox, sizin - müqəddəs ananın ruhu salınmışdır və əsl məhbus həyatını məhz siz yaşayırsınız. Bununla belə, müsbət haldır ki, siz də oğlunuz kimi mərdi-mərdanə şər qarşısında qorxmursunuz, çəkinmirsiniz».

Keçmiş deputat yazır ki, R.Səfərovun həbsinin əsassız olmasını ölkədəki bütün vicdanlı insanlar bilir. Məktubda vurğulanır ki, indi ölkədə haqsız ittihamlarla üzləşən bir Rüfət Səfərov deyil. Keçmiş deputat yazır ki, bütün bu haqsız həbslər cəzasız qalmayacaq: «Sözsüz ki, indiki hakimiyyətdə var-dövlətə susamış, haram tikə yeməkdən doymayan, Azərbaycana öz şəxsi sexi kimi baxan, total rüşvətin və korrupsiyanın içində boğulanlar bir gün etdikləri bütün ağır cinayətlərə görə hökmən cavab verəcəklər».

Məktəblilər
Məktəblilər

MƏKTƏBƏ GETMƏYƏN UŞAQLAR

«Exo» qəzetində isə «Azərbaycanda təhsil sistemindən kənar uşaqlar» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, ölkədə təhsilin səviyyəsi heç də ürəkaçan vəziyyətdə deyil: «Təəssüf ki, bu gün Azərbaycanda vətəndaşların çoxunun əsas məqsədi gündəlik çörək qazanmağa yönəlib və yaşamaq uğrunda mübarizə məktəb təhsilinin belə lazımsız edib».

Ekspert Yusif Bəkirov qəzetə bildirib ki, ölkədə nə qədər uşağın təhsildən yayınması ilə bağlı dəqiq statistika yoxdur. Amma müşahidələr göstərir ki, bu say az deyil. Ekspertin deməsinə görə, bu problem regionlarda xüsusilə kəskin hiss edilir: «Azərbaycanda şagirdlərin dərslərə davamiyyət prosesinə nəzarət yoxdur. Mən maddi çətinliklər yaşayan və buna görə də uşağını məktəbə apara bilməyən valideynləri qınamıram».

Y.Bəkirovun fikrincə, məktəblərdə daimi pul yığılması, proqramın yetərli olmaması valideynləri fənlər üzrə repetitorlar tutmağa vadar edib. Bu halda aztəminatlı ailələr uşaqlarına keyfiyyətli təhsil vermək imkanını qaçırmış olurlar.

Digər ekspert Nabil Seyidov da deyib ki, bəzi yoxsul ailələrdə uşaqları məktəbə göndərə bilmirlər. Uşaqlarını məktəbə göndərən yoxsullar da repetitorlar tutmurlar.

N.Seyidov da vurğulayıb ki, xüsusilə əyalətlərdə məktəbdən yayınma halları geniş yayılıb.

N.Seyidov məktəbə getməyən daha bir qrup kimi «küçə uşaqları»nı göstərir: «Onların sayı təqribən 2-5 min nəfər arasındadır. Təhsil ala bilməyən daha bir qrup isə əlilliyi olan uşaqlardır. Bu kateqoriyaya aid 63 min uşaqdan 10 min nəfəri təhsil ala bilmir. Bir sözlə ümumiləşdirmə aparsaq, təqribən 70-80 min nəfər uşağın təhsil sistemindən kənarda qaldığını söyləyə bilərik».

XS
SM
MD
LG