«İslam Dövləti» (İŞİD) silahlı qruplaşması İstanbulda gecə klubuna hücuma görə məsuliyyəti üzərinə götürüb. Yanvarın 1-də baş vermiş hücumda 39 nəfər ölüb, onlarla adam yaralanıb.
İŞİD yanvarın 2-də yaydığı bəyanatda bildirir ki, «xristianların küfr bayramını qeyd etdiyi» məkana hücumu «xilafətin əsgəri» həyata keçirib.
Türkiyənin «Hurriyet» və «Karar» qəzetləri yanvarın 2-də yazırdı ki, ölkənin təhlükəsizlik rəsmiləri İŞİD-in bu qətliamda əli olmasından şübhələnir. Qəzetlər şübhəlinin Özbəkistan və ya Qırğızıstandan olduğunu da yazıblar.
Hələlik, gecə klubunu atəşə tutmuş şəxsin axtarışları davam edir.