Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 04:15

“İlham Əliyev məğlubiyyətini qəbul eləmək istəmir”


Mehman Əliyev
Mehman Əliyev

“Xalqa həqiqəti demək lazımdır”, – “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev prezident İlham Əliyevin xalqa Yeni il müraciətini qiymətləndirərkən bildirib.

O, AzadlıqRadiosuna müsahibəsində deyir ki, Azərbaycan böyük islahatlar astanasındadır və geniş, müsbət dəyişikliklər hətta Dağlıq Qarabağ probleminin ərazi bütövlüyü çərçivəsində həll olunmasını tezləşdirə bilər.

– Mehman bəy, siz hər zaman açıqlamalarınızda vurğulayırsınız ki, hakimiyyət islahatlara getmək məcburiyyətindədir. Prezidentin Yeni il çıxışı sizdə bu nikbinliyi qoruyub saxladımı?

– Ənənəvi olaraq, İlham Əliyev məğlubiyyəti qəbul eləmək istəmir, məğlubiyyətlə barışmaq onun təbiətində yoxdur. O, həmişə ən çətin günlərdə də məsələyə qalibiyyət görkəmi verməyə çalışıb. Etiraf eləmək istəmir ki, ölkə iki ildir, böhran içindədir, bütün statistik göstəricilər, manatın dəyəri, qiymətlərin artması, istehsalın düşməsi, iş yerlərinin bağlanması vəziyyətin kifayət qədər çətin olduğunu göstərir. Valyuta bazarında baş verənlər göz qabağındadır. Qızıl ehtiyatlarının satılması, valyuta ehtiyatlarının azalması, xarici borcun artması, büdcə gəlirlərinin azalması... yəni bütün istiqamətlərdə vəziyyət pisləşib.

Belə bir halda hər hansı uğurdan danışmaq düzgün deyil. Məncə, cəmiyyətə sayqı göstərmək lazımdır və cəmiyyətlə açıq danışmaq lazımdır ki, vəziyyət nədir, hansı çıxış yolları var. Mən xatırlayıram ki, 2015-ci il dekabrın 24-də ikinci devalvasiyadan sonra dekabrın 31-də prezident çıxış elədi ki, dedi ki, hər şey yaxşıdır. Halbuki, adamlar durumla bağlı ondan daha konkret çıxış gözləyirdi. Ötən il yanvarın 10-da Nazirlər Kabinetinin çıxışında da prezident yenə dedi ki, uğurlu il keçdi. Bundan sonra bir neçə rayonda insanlar küçəyə çıxdı və etiraz aksiyaları keçirdilər. İndi də bu tipli bəyanatlar vermək düzgün deyil.

– Amma İlham Əliyev 2016-cı ilin çətin keçdiyini etiraf etdi, sadəcə, vurğuladı ki, bu çətinlik dünyadakı iqtisadi problemlərdən qaynaqlanır.

– Bəs indiyə kimi deyirdilər ki, dünya iqtisadi problemləri Azərbaycana təsir edə bilməz, Azərbaycan ayrıca bir adadır. İndi nə baş verdi ki, dünyadakı iqtisadi problemlər Azərbaycana təsir etməyə başladı? Son 10-15 ildə dünyada böhranlı tendensiya var, iqtisadi artım çox ləng gedir. Ancaq əhalinin yaşayış vəziyyəti o qədər də acınacaqlı deyil, adamlar qəfil yoxsullaşmır, belə deyək, stabil inkişaf gedir, qiymətlər birdən-birə 50 faiz qalxmır. Dünya iqtisadiyyatında belə vəziyyət yoxdur axı. Azərbaycanda isə belə deyil, neftin dünya bazarında qiymətinin düşməsi ilə, bank sektorunun çökməsi ilə ölkə iqtisadiyyatı iflic vəziyyətə düşdü.

Neft bu hakimiyyətin uğuru deyil, Azərbaycan xalqının təbii sərvətidir. Nefti qoysaq bir kənara, nefti əvəz edən bir şey yoxdur. Neftdən başqa nə var? Oğurluq, korrupsiya. Şəhərin mərkəzində bir neçə bina tikib xaricilərə göstərməklə deyil, hər yerin nə gündə olduğunu hər kəs görür. Azərbaycanın inkişafının analoqu olmadığı kimi, böhranının da analoqu yoxdur. Böhran isə dərinləşdikcə dərinləşir, yoxsulluğun səviyyəsi 22 faizdən yuxarı qalxır və bunun məsuliyyəti indiki hakimiyyətin üzərindədir, hər hansı xarici amilin təsiri yoxdur.

“DOSTU KİMDİR, DÜŞMƏNİ KİM, - AÇIQ DESİN"

– Mehman bəy, İlham Əliyev çıxışında bildirib ki, ötən il dostları da çox olub, amma onları istəməyən qüvvələr də var və indi onlara qarşı kampaniya aparan bu qüvvələr siyasi səhnəni tərk edir. Prezident açıq danışmasa da, ağıla hakimiyyət müddəti bitmiş Obama administrasiyası gəlir. Sizcə, İlham Əliyevin Donald Trump hakimiyyətindənmüsbət gözləntisi varmı?

– Mən də təxmini deyə bilərəm ki, Obama administrasiyasına işarə edir. Açıq danışmaq lazımdır ki, dostlar kimdir, düşmən kim. İkincisi, mən Trump administrasiyasına xüsusi ümid bəsləməyin müsbət sonuclanacağını görmürəm. Çünki ABŞ-ın milli strategiyası var. Düzdür, Obama administrasiya Azərbaycan hakimiyyətinı qarşı prinsipial mövqe nümayiş etdirdi, ölkəni islahatlara çağırdı.

Azərbaycan indiyə kimi bu islahatlara getməmək üçün dirəniş göstərdi, amma axırda buna məcbur qaldı. Müxtəlif sahələrlə bağlı yol xəritələrini ABŞ şirkətləri, Dünya Bankının, Beynəlxalq Valyuta Fondununvə digər strukturlarının əməkdaşları hazırlayıb.

Yol xəritələrinə baxanda bir yarımçıqlıq sezilir, sanki Azərbaycan hakimiyyəti çalışır ki, bu islahatları tam aparmasın, hakimiyyətdəki adamların mənafeyinə toxunmasın, insanlara daha çox siyasi azadlıqlar verilməsin.

Ola bilsin, Azərbaycan hakimiyyəti Trump-ın gəlişinə ümidlə baxır, ancaq özəlliklə vurğulamaq istəyirəm ki, artıq ABŞ-ın müttəfiqləri demokratik rejimlərdir, avtoritar yox.

Ikincisi, lobbiçilik fəaliyyətinin ən böyük əleyhdarı elə Trump özüdür, bu fəaliyyətin hakimiyyətə təsirini sıfıra endirməyə, lobbiçiliyin kökünü kəsməyə çalışır. Üstəlik, bir çox ölkələrdən, o cümlədən, Azərbaycandan biznesini geri çəkir. Trump göstərmək istəyir ki, o, ABŞ-ın milli maraqlarından çıxış edəcək.

"QARABAĞIN ƏLACI İSLAHATLARDADIR"

– İlham Əliyev ötən ilin aprel döyüşlərini tarixi qələbə kimi qiymətləndirib. Bu, nə dərəcədə reallığa yaxındır?

– Bu, geniş məsələdir, qısaca onu deyim ki, aprel döyüşləri böyük konseptual dəyişikliyin tərkib hissəsidir və Ermənistanı güzəştə məcbur etməyə hədəflənib. Aprel döyüşlərindən az öncə İlham Əliyev Vaşinqtonda çox yüksək səviyyədə görüşlər keçirib və islahatlar aparacağına vəd verib.

Diqqət yetirdinizsə, aprel döyüşləri zamanı Avropa dövlətləri, ABŞ vəziyyətə müdaxilə eləmədi, qısa müddətdə Azərbaycanın hərbi uğur qazanmasına şərait yaradıldı. Bu, Ermənistan tərəfini güzəştlərə məcbur etməyə hesablanmışdı və təkrar edirəm, Azərbaycan islahatlara razılıq verdiyinə görə belə imkan əldə etmişdi.

İndi Azərbaycan nə qədər tez islahatlar aparıb demokratik ölkəyə çevrilsə, Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində həllini tapacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG