Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Sentyabr, bazar, Bakı vaxtı 09:25

Rabitə sektoruna dair Yol Xəritəsi açıqlandı


Foto illüstrasiya

Türkiyə, Rusiya, Qazaxıstan və Avropa ölkələri ilə müqayisədə Azərbaycanda bir internet istifadəçisinin beynəlxalq şəbəkəyə qoşulma sürəti aşağıdır.

Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair yeni açıqlanmış Strateji Yol Xəritəsində belə yazılır.

Sənəddə xəritədəki fəaliyyətlərin həyata keçirilməsi ilə bu sahədə ciddi irəliləyişlərə nail olunacağı ifadə olunur.

«DELTA» VƏ «AZTELEKOM»A RƏQİB

Yol xəritəsində Azərbaycanda beynəlxalq internetə çıxışa iki bazar iştirakçısının – «Delta Telekom» və «Azərtelekom»un nəzarət etdiyi qeyd olunur. Hesab edilir ki, bu sahədə rəqabətin artırılmasına, bazara alternativlərin gəlməsinə imkanlar var.

Yol xəritəsində planlanan 35-dən artıq fəaliyyət ümumilikdə 3 strateji hədəfə istiqamətlənib.

Buna da bax-'İndiki komanda ilə yol xəritələrini gerçəkləşdirmək mümkün deyil'

Birinci hədəf ölkədə idarəetmə strukturlarının təkmilləşdirilməsi və informasiya-kommunikasiya texnologiyalarının (İKT) gücləndirilməsidir.

YOL XƏRİTƏSİNİN HƏDƏFLƏRİ

Müstəqil tənzimləyici qurumun yaradılması, telekommunikasiya bazarının liberallaşdırılması, xarici investorların cəlb edilməsi kimi fəaliyyətlər bu hədəf daxilindədir. Bundan başqa, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan telekommunikasiya qurumlarının özəlləşdirilməsi, tranzit trafik xəttinin yaradılması, mobil infrastruktura investisiya qoyuluşlarının artırılması da həmin fəaliyyətlər sırasındadır.

Yol xəritəsi növbəti mərhələdə sahibkarlıq subyektlərinin fəaliyyətində məhsuldarlığın artırılmasını hədəf götürüb.

SƏNƏDLƏRİN KAĞIZDA DAŞINMASINA SON

Bu sferada dövlət qurumlarının elektron xidmətlərinin təkmilləşdirilməsi, yazışmaların tamamilə elektronlaşdırılması və kağız daşıyıcılardan istifadənin aradan qaldırılması kimi fəaliyyətlərin reallaşdırılması nəzərdə tutulur.

Buna da bax-Azərbaycanın turizm yol xəritəsi: 'Dövlət yenə əsas oyunçudur'

Yol xəritəsinin sonuncu hədəfi hökumətin və sosial mühitin rəqəmsallaşdırılmasını planlayır.

585 MİLYON LAZIM...

Yol xəritəsində müəyyən edilmiş strateji hədəflərə nail olmaqdan ötrü azı 585 milyon manat vəsait tələb olunur. Bu vəsaitlərin dövlət büdcəsi, büdcədənkənar fondlar və Azərbaycan İnvestisiya Şirkətinin vəsaitləri hesabına təmin olunması nəzərdə tutulur.

1450 MİN İŞ YERİ

Hökumət hesab edir ki, yol xəritəsində nəzərdə tutulan fəaliyyətlər uğurla reallaşdırılsa, 2020-ci ildə ümumi daxili məhsul (ÜDM) bunun hesabına 235 milyon manat artacaq. Telekommunikasiya sektorunda 1450 iş yerinin yaradılması da hökumətin gözləntiləri arasındadır.

Yol xəritəsinə görə, ölkədə genişzolaqlı internet xidmətlərinin əhatə dairəsi hər il 10 faiz genişlənəcək, 2025-ci ildən sonra 100 faizə çatdırılacaq.

Dekabrın əvvəli hökumət «Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi»ni açıqlayıb. Həmin sənəd ümumilikdə 12 yol xəritəsindən ibarət idi.

Bunun ardınca maliyyə, kommunal xidmətlərinin, kənd təsərrüfatının, sahibkarlığın, ixtisaslaşmış turizm sənayesinin, ağır sənayenin və uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG