Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 10:22

''1 faiz' stimullaşdırma yox, əlavə vergidir'


Pos-terminal
Pos-terminal

“Yeni vergi sahibkarları əlavə xərcə salacaq”

Yanvarın 1-dən ölkədə hüquqi və fiziki şəxslər bankda sahibkarlıq hesablarından nağd pul çıxarsalar, həmin məbləğin 1 faizi dövlət büdcəsinə keçəcək. Bu, “Nağdsız hesablaşmalar haqqında” yeni qanunda öz əksini tapıb.

Vergi orqanları bunu nağdsız əməliyyatlara stimul sayır. Ancaq sahibkar Xəyal Məmmədxanlı belə düşünmür, deyir ki, istənilən əlavə ödəniş, vergi sahibkarı çətinə salır və onun xərclərini artırır: “Əgər xərcim artacaqsa, deməli, mən də bu xərci hardansa çıxarmalıyam. Əgər 100 min manata, bütün vergilərdən sonra, əlavə 1000 manat da ödəyəsi olsam, məcburam, göstərdiyim xidmətin haqqını qaldıram. Bu da müştəriyə ziyan edəcək”.

Xəyal Məmmədxanlı: 'İstənilən əlavə ödəniş, vergi sahibkarı çətinə salır və onun xərclərini artırır'
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00
Direct-ə keçid

Buna da bax:​ Parlament 'pos terminallar artırılsın' deyir, bəs əhali?

Xəyal Məmmədxanlı əlavə edir ki, Azərbaycanda əhalinin 80 faizi nağdsız hesablaşmağa hazır deyil. Onun sözlərinə görə, buna görə də vergi orqanları “1 faiz məsələsini stimullaşdırma yox, əlavə vergi mənbəyi adlandırsalar, daha doğru olar”.

“Spirtli içkiləri belə nağdsız sata bilmədilər”

Hüquqşünas, vergi məsələləri üzrə ekspert Vəli Əliyev yada salır ki, bu ilin yanvarında spirtli içkilərin nağdsız satışı ilə bağlı sərəncam olsa da, icra edilə bilmədi və hakimiyyət məcbur olub həmin qərarı ləğv elədi, çünki ölkədə heç də hər kəs kart sahibi deyil:

“Əgər sahibkar alacağı pulu mütləq nağdlaşdırmalıdırsa, 1 faiz cərimə vergisindən yayınmaq üçün hesablaşmanın bank vasitəsilə deyil, nağd gerçəkləşməsində maraqlı olacaq. Bu isə qarşıya qoyulan məqsədi, yəni bankların likvidlik problemini çözməyəcək, əksinə, sahibkarları nağd işləməyə vadar edəcək”.

Buna da bax:​ Nağd ödənişlər daha da məhdudlaşdırılır

Vəli Əliyevin fikrincə, əgər hökumət nağd dövriyyənin səviyyəsini salmağı və manat kütləsini dövriyyədən çıxarmağı nəzərdə tutursa, bu dəyişiklər həmin məqsədə xidmət etmir.

“Bu, kölgə iqtisadiyyatının ləğvinə hesablanıb”

İqtisadçı Nazim Bəydəmirli vergi orqanlarının alqı-satqı əməliyyatlarının nağdsız sistemə keçirmək istəməsini təqdirəlayiq sayır, bunu kölgə iqtisadiyyatını “gün işığına çıxarmaq cəhdi” kimi qiymətləndirir. O vurğulayır ki, Azərbaycan kölgə iqtisadiyyatına görə dünyada lider ölkələrdən biridir. Ancaq N. Bəydəmirlinin fikrincə, vergidən yayınmalar doğru yerdə axtarılmır və atılan addımlar da bunun önlənməsinə birbaşa xidmət etmir.

Nazim Bəydəmirli: 'Azərbaycan kölgə iqtisadiyyatına görə dünyada lider ölkələrdən biridir'
Gözlə

No media source currently available

0:00 0:01:21 0:00
Direct-ə keçid

Müsahibimiz hesab edir ki, bu gün ölkədə nağdsız alqı-satqı üçün potensial zəifdir. Onun sözlərinə görə, bəzən sahibkarlar kart vasitəsilə alqı-satqı edildikdə malın qiymətini 20-25 faiz qaldırırlar. Bundan başqa, kənd təsərrüfatı malları satanlar, pərakəndə ticarətlə məşğul olanların çoxunda pos-terminallar yoxdur. İqtisadçı deyir: “Əgər sahibkar daxili bazarda lazım olan malları nağdsız ala bilməyəcəksə, pulunu bankdan nağd çıxarmaq istəyəcəksə, niyə əlavə 1 faiz itirsin? Məsələn, restoranlar ərzağı bazardan alırlar, amma burda pos-terminallar yoxdur, indi necə nağdsız əməliyyat aparsın?”

Buna da bax:​ 'Bu sənədi 'vergi amnistiyası' adlandırmaq doğru deyil'

Nağd hesablaşmaya limit var

Qanun sahibkarların öz işlərini tamamilə nağd əməliyyatlar üzərində qura bilməsini məhdudlaşdırır. Çünki yeni qanunda buna limit qoyulub. “Nağdsız hesablaşmalar haqqında” qanunda sadələşdirilmiş vergini 6% və ya 8 % ödəyənlər üçün nağd hesablaşmada limit olaraq 30 min manat, sadələşdirilmiş vergi ödəyiciləri üçün 15 min manat müəyyən olunub. Qanunu pozanları maliyyə sanksiyaları gözləyir.

Kommunal xərclər də nağdsız ödənəcək

Bundan başqa, qanunda göstərilir ki, artıq stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi, dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi), təhsil haqlarının ödənilməsi, turagentlərə ödəmələr yalnız nağdsız aparılmalıdır.

Buna da bax: 'Vergi ödəyicilərinin sayı sürətlə şişir...'

Qanun vergi ödəyicilərinə vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı malları nağd qaydada satın alına bilmək imkanı yaradır: kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının, əlvan və qara metal qırıntılarının, utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu, utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu üçün nağdsız ödəmə tələb edilmir.

Ekspertlər Vəli ƏliyevNazim Bəydəmirli hesab edirlər ki, sahibkar hesablarına vergi cəriməsi nəzərdə tutmaqdansa, nağdsız hesablaşma əməliyyatlarını başqa həvəsləndirici yollarla inkişaf etdirmək olar. Müsahiblərimiz deyirlər ki, dünya praktikasında bunun çeşidli nümunələri var.

Buna da bax:​ Azərbaycan ofşor şirkətlərdən necə vergi alacaq?

“Nağd çıxarıram, ya yox, bu niyə kimisə ilgiləndirsin?”

Türkiyəli sahibkar Hakkı Erduranlı bankdakı hesabından pulunu hər zaman nağd çıxarır, o buna görə vergi ödənməsini təəccüblə qarşılayır: “Bu, sahibkar hesabımdı və artıq vergisi ödənilir. Bunu maliyyə də bilir, digər orqanlar da. Hətta banka təlimat vermişəm, birbaşa özləri ödəyirlər vergilərimi. Bundan sonra o pulu nağd çıxaracam, ya kartımda saxlayacam, kimisə ilgiləndirməz ki”.

Müsahibimiz Türkiyədə nağdsız ödənişin geniş yayıldığını deyir, bunu əhalinin üzərində pul gəzdirmək istəməməsi ilə izah edir. Onu da əlavə edir ki, banklar da bəzi təkliflərlə nağdsız ödənişi stimullaşdırır: “Bankların kredit kartları var, hər alış-verişdə xal qazanırsan, sonra da bu xallar sənə pul şəklində geri qayıdır”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG