Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:04

'Seçkiyə bir də qatılsaydım, Trump-a qalib gələrdim' – Obama


Donald Trump və Barack Obama
Donald Trump və Barack Obama

ABŞ mətbuatı fəaliyyətini başa vurmaqda olan prezident Barack Obama-nın dünənki müsahibəsindən yazır. Dekabrın 26-da B.Obama dostu və keçmiş müşaviri, indi isə CNN-in analitiki olan David Axelrod-la söhbətində deyib ki, o, seçkiyə 3-cü dəfə qatıla bilsəydi, yəqin ki, Donald Trump-a qalib gələrdi.

Yeni seçilmiş ABŞ prezidenti D.Trump B.Obama-ya cəmi bir neçə saat sonra Twitter hesabında cavab verib: «Prezident Obama deyib ki, o, mənə qalib gələ bilərdi. O, belə də deməlidir. Amma mən deyirəm ki, HEÇ VAXT! İtirilən iş yerləri var, İŞİD («İslam Dövləti» silahlı qruplaşması) var, onun səhiyyə proqramı və sairəni nəzərə alsaq, heç vaxt uda bilməzdi».

ABŞ qanunları heç kəsin 2 dəfədən artıq prezident seçilməsinə imkan vermir və B.Obama, sadəcə, öz ehtimallarını səsləndirib. Bununla belə, onun dedikləri siyasətçilər arasında geniş müzakirələr yaradıb.

ƏDALƏTSİZ HÜCUMLARIN QURBANI?

«The Washington Post» qəzetinin yazdığına görə, B.Obama bu müsahibəsində də demokratların namizədi Hillary Clinton-u tərifləyib, onun ədalətsiz hücumların qurbanı olduğunu söyləyib.

B.Obama H.Clinton-un məğlubiyyətinin onunla bağlı olmadığını, yəni xalqın onun 8 illik prezidentliyinə etiraz etməkdən ötrü yox, başqa səbəblərdən D.Trump-a səs verdiyini deyib. Başqa səbəblər kimi B.Obama H.Clinton-un kampaniyasının səhvlərindən danışıb. İkili standartların, yanaşmaların H.Clinton-a çətinlik yaratmasıyla yanaşı, demokratların və H.Clinton kampaniyasının B.Obama-nın qazandığı birliyi əldə saxlaya bilmədiyini, digər tərəfdən, bu kampaniyanın mətbuatla bağlarının zəifliyini vurğulayıb.

İşçi qüvvəsinin nəzərə alınmaması haqda deyilənlərə gəlincə, B.Obama bu fikirlə qəti razılaşmayıb. Demokratların siyasətinin onlara səs verməyən yerlərdə də xalqa xidmət etdiyini söyləyib.

Hillary Clinton
Hillary Clinton

H.Clinton-un seçki qərargahı B.Obama-nın dediklərini şərh etmək istəməyib.

CLINTON-DA ÇATIŞMAYAN CƏHƏT

Nümayəndələr Palatasının keçmiş üzvü, D.Trump-ın müşaviri olmuş respublikaçı Newt Gingrich deyib ki, belə bir yarışda kimin qalib gələcəyini nə B.Obama, nə də bir başqası deyə bilər. «Obama, məsələn, afroamerikalılar arasındakı tərəfdarlarının sayını artıra bilərdi, ancaq ona sadiq olanların sayı xeyli azalardı… Elə onun səhiyyə proqramı haqda yalanları ona qarşı çevrilərdi. Bu, tam fərqli yarışma olardı», – N.Gingrich belə deyib.

B.Obama-nın 2008-ci il seçki kampaniyasını izləmiş demokrat Steve Hildebrand söyləyib ki, B.Obama-ya üstünlük verən cəhətlərindən biri onun azgəlirli işçi təbəqəsiylə ünsiyyət qurmaq qabiliyyətidir. H.Clinton-da bu qabiliyyət çatmayıb, o, işçilərlə ünsiyyətə getməyib. S.Hildebrand H.Clinton-un kampaniyasına bu barədə dəfələrlə müraciət etdiyini deyir.

B.Obama CNN-ə müsahibəsində tələbəliyindən, gələcək planlarından da danışıb. D.Trump-ın siyasətinə hər gün reaksiya vermək fikrində olmadığını, amma uzun müddət fəal qalacağını bildirib. O, gənc demokratları – istedadlı liderləri bir araya gətirmək, onlara təlim keçmək niyyətində olduğunu, liderlərin yeni nəslini yaratmaq istədiyini söyləyib. Həm də kitab yazmağa hazırlaşdığını deyib.

XS
SM
MD
LG