Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:07

'Hökumətin birinci məqsədi büdcəni doldurmaqdır'


Qalib Toğrul
Qalib Toğrul

Azərbaycanda vergi amnistiyası elan oluna bilər. «APA-Economics»in məlumatına görə, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bununla bağlı müvafiq qanun layihəsi Milli Məclisə daxil olub. Sənədə əsasən, vergi amnistiyası 2017-ci ilin yanvarın 1-dək vergi borcu olan hüquqi və fiziki şəxslərə şamil olunacaq. Belə ki, qeyd edilən dövrədək vergi borcu olan şəxslər 2017-ci ilin yanvar ayında borcunun 30%-ini, fevral ayında 50%-ini, mart ayında isə 70%-ini ödəyərsə, borcun qalıq hissəsi amnistiya olunacaq.

Buna da bax-'30 faizi yanvarda ödəyə bilirsə, elə indi ödəyər də…'

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Qalib Toğrul AzadlıqRadiosuna müsahibəsində mümkün amnistiyanın məqsədi, xeyirləri, zərərləri və nəticələrindən danışıb:

– Milli Məclisə təqdim olunan layihəni görməmişəm, bu barədə yalnız mətbuatdan oxumuşam. Onu deyə bilərəm ki, amnistiyanın müddəti çox qısadır, 3 ay hər hansı nəticəyə nail olunması üçün yetərli deyil. Bundan əlavə, vergidən yayındırılmış məbləğlərə münasibətdə ödənilməsi nəzərdə tutulan faizlər xeyli yüksəkdir. Amnistiyanın hansı müddətdə vergidən yayındırılan gəlirlərə, hansı vergidən yayındırılan məbləğlərə aid olacağı, haqqında məhkəmə qərarı olanları əhatələyib əhatələməyəcəyi, yəni, hədəf qrupları barədə bilgim yoxdur. Çox təəssüf ki, layihə ictimai müzakirədən gizlədilir.

– Vergi amnistiyası nə zaman keçirilir? Hökuməti bu amnistiyanı keçirməyə vadar edən nədir?

– İqtisadi qanunlar deyir ki, vergi amnistiyasını keçirmək, birincisi, ölkədə «gizli iqtisadiyyat»ın mövcudluğunu etiraf etməkdir. Bunu başqa cür yozmamaq üçün deməliyəm ki, «gizli iqtisadiyyat» az və ya çox dərəcədə bütün ölkələrdə var. İkincisi, bu tədbir onu etiraf etməkdir ki, «mənim vergi sistemim, vergi inzibatçılığım zəifdir, vergi qanunvericiliyinə əməl olunması məqsədilə bugünədək qurulmuş mexanizmlər yetərli deyil». Üçüncüsü, hökumətlər amnistiyanı o zaman keçirirlər ki, keçmişlə vidalaşıb, daha sadə, daha şəffaf vergi sistemi tətbiq etmək niyyətlərini açıqlasınlar. Sahibkarların fəaliyyətinə inzibati müdaxilələri azaltmağa və daha rəqabətli bir iqtisadi mühit yaratmağa söz verirlər. Hökumətin bir məqsədi və deyərdim ki, birinci məqsədi, çox güman ki, büdcəni doldurmaqdır. Əgər amnistiya uğurlu olarsa, o zaman qısamüddətli dövrdə vergi ödəmələrinin artımının şahidi olacağıq.

– Amnistiyanın uğurlu olması üçün hökumət nə etməlidir?

– Amnistiyanın mahiyyəti, bax, bu sualda gizlənir. Vergi orqanları əgər vergidən yayındırılmış gəlirlərlə bağlı sonuncu vergi bəyannaməsini qəbul edəcəklərsə, o zaman öhdəlik götürməlidirlər ki, ondan əvvəlki tarixi əhatələyən yoxlamalar keçirməyəcəklər. Bundan əlavə, amnistiyadan sonra hətta öncəki dövrlərlə müqayisədə vergi ödəyicisinin ödədiyi vergilər artsa belə, o əmin olmalıdır ki, vergi orqanları yoxlamaya gəlməyəcəklər. Ümumiyyətlə, amnistiyadan sonrakı müəyyən müddətdə yoxlamaların sayı maksimum azaldılmalıdır. Hökumət, vergi orqanları vergi ödəyicisində belə bir inam yaratmalıdırlar ki, amnistiyadan sonra onların vergisi ödənmiş gəlirlərinin leqallaşmasına, qanuniləşməsinə heç bir problem yaranmayacaq, bu gəlirlər onların əlindən alınmayacaq. Dünya təcrübəsi göstərir ki, amnistiyanın uğurunun daha bir təminatı yaxşı təbliğatın qurulmasıdır. Amnistiyanın şərtləri barədə mümkün qədər sadə şəkildə daha çox vergi ödəyicisi müxtəlif vasitələrlə bilgiləndirilməlidir.

– Qayıdaq əvvəlki sualıma. Amnistiyanı keçirməkdə büdcəni doldurmaqdan başqa hansı məqsədlər güdülür?

– Bu tədbirdə büdcəni doldurmaq, dediyim kimi, əsas məqsəd ola bilməz. Amnistiya uğurla keçirilsə, o zaman fiskal baxımdan sağlamlaşma baş verər, bütövlükdə iqtisadiyyat qazana bilər.

– Necə?

– Birinci növbədə, uzunmüddətli dövr üçün faydalı meyl kimi vergitutma bazasının genişlənməsini qeyd etmək olar. «Gizli iqtisadiyyat»ın təmsilçiləri gəlirlərini leqallaşdırdığından ödənilən vergilərin məbləği arta bilər. İkincisi, əgər sahibkar görsə ki, doğrudan da, hökumətin məqsədi münbit biznes və sadələşdirilmiş, inzibati müdaxiləsiz biznes mühiti yaratmaqdır, o zaman ölkədən kapital axını dayana bilər. Hazırda milli sahibkarlar öz bizneslərini qonşu ölkələrə, özəlliklə, daha əlverişli sahibkarlıq və vergi mühiti olan Gürcüstana köçürürlər. Bu proses dayana bilər. İndiyədək ölkədən çıxarılmış kapital geri qayıda bilər. Eyni zamanda, vergi intizamı güclənə və bunun sayəsində ölkədə makroiqtisadi sabitlik və rəqabətqabiliyyətlilik təmin oluna bilər. Dediyim kimi, bütün bunlar amnistiyanın necə keçirilməsindən, hökumətin hansı vədləri verməsindən və sözünün üstündə durub-durmamasından asılıdır. Demək istədiyim odur ki, vergi amnistiyasına, sadəcə, «sən yayındırdığın verginin bir hissəsini ödə, mən də sənə güzəşt edim, cərimə, penya hesablamayım, cinayət məsuliyyətinə cəlb etməyim» kimi sadə sxem tək baxmaq doğru deyil.

- Amnistiyanın hansısa zərərli nəticələri ola bilərmi?

– Nəzərə alsaq ki, vergi amnistiyası vicdanlı vergi ödəyicilərinə münasibətdə ədalətsizlikdir, o zaman hadisələrin belə bir arzuolunmaz inkişafı da mümkündür – onlar növbəti vergi amnistiyası ümidi ilə vergidən yayınmağa başlaya bilərlər. Məsələn, Braziliyada belə bir hadisə olmuşdu. Vergi ödəyiciləri vergi amnistiyasından sonra kütləvi şəkildə vergidən yayınmışdı və vergi orqanlarının sanksiya və cərimələrini ödəməmək, vaxtı növbəti amnistiyaya qədər uzatmaq məqsədilə məhkəmələrə müraciət etmişdi. Bilirsiniz ki, məhkəmə araşdırması bitənə qədər vergi cəriməsinin, sanksiya və penyaların ödənilməsi təxirə salınır. Bu da ona gətirib çıxarmışdı ki, məhkəmələrin fəaliyyəti sahibkarların müraciətlərinin çoxluğundan iflic olmuşdu. Bundan başqa, amnistiya o demək deyil ki, bütün vergidən yayınanlar yayındırdıqları vergini güzəştlə ödəyib, haqq yoluna qayıdacaq. Yox, elə deyil, yenə də vergidən yayınanlar olacaq. Axı, amnistiya həm də onun təsdiqidir ki, vergi orqanları öz işlərini düzgün qurmağı bacarmırlar.

– Bayaq Braziliya təcrübəsindən danışdınız. Qısa şəkildə beynəlxalq təcrübəyə toxuna bilərsinizmi? Vergi amnistiyası hansı ölkələr üçün xarakterikdir?

– Fransa, Almaniya, Belçika, İrlandiya, İtaliya, Kanada, Argentina çox da uzaq olmayan keçmişdə vergi amnistiyasından faydalanıb. Hətta ilk üç ölkə bu amnistiyanı bir dəfə yox, daimi əsasla keçirib, yəni tövbə qapısını müəyyən, uzun bir müddətə açıq saxlayıb. 1998-ci ildə İrlandiya vergi amnistiyası sayəsində ölkə ÜDM-sinin 2.5% civarında büdcəyə əlavə vəsait cəlb edib. 2002-ci ildə İtaliyada keçirilən vergi amnistiyası sayəsində, hökumət kapitalın mənşəyi barədə sənəd istəmədiyini açıqladıqdan sonra iqtisadiyyata əlavə 30 milyard avro vəsait qoyulub. 2004-2005-ci illərdə Almaniyada keçirilən vergi amnistiyası nəticəsində büdcəyə planlaşdırılan 5 milyard avro əvəzinə 1.5 milyard avro daxil olmuşdu. Bu amnistiyanın uğursuzluğunun səbəbi informasiya kampaniyasının düzgün qurulmaması olmuşdu. Sonra yaxın qonşularımızdan Rusiya təcrübəsini deyə bilərəm. 1993-cü ildə büdcədə kəskin kəsir yarananda, Boris Yeltsin belə bir addım atmışdı və uğursuzluğa düçar olmuşdu. Sonrakı illərdə bir neçə dəfə yenidən vergi amnistiyası keçirmək istəsələr də, müxtəlif səbəblərdən bu baş tutmamışdı. Yalnız 2007-ci ildə növbəti vergi amnistiyasını keçirmişdilər. Keçmiş SSRİ məkanında yerləşən ölkələrdən 2001-ci ildə Qazaxıstanda, 2005-ci ildə isə Gürcüstanda vergi amnistiyası keçirilib. Qazaxıstanı çıxmaq şərti ilə, digər iki ölkədə vergi amnistiyası gözləntiləri doğrultmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG