Keçid linkləri

Təcili xəbərlər
2021, 28 Fevral, bazar, Bakı vaxtı 04:22

Valyutası hər gün dəyər itirən ölkə...


Benjamin Netanyahu və İlham Əliyev

Azərbaycan-İsrail münasibətləri, iş adamlarının ölkəni tərk etməsi, bəzi bankların Maliyyə Bazarlarına Nəzarət Palatasını tanımaması və ölkədə müstəqil məhkəmə sisteminin yoxluğunun fəsadları bu gün medianın aparıcı mövzusudur...

İSRAİLLƏ STRATEJİ MÜTTƏFİQLİK

«Azərbaycan» qəzetində dərc edilən «Qarşılıqlı etimada əsaslanan strateji müttəfiqlik» sərlövhəli məqalədə İsrail-Azərbaycan münasibətlərinin mövcud durumu dəyərləndirilir.

Məqalədə qeyd edilir ki, Azərbaycanın dünya siyasətinin müxtəlif qütblərində dayanan ölkələrlə münasibətlər qurması müstəqil xarici siyasətin göstəricisidir.

Müəllifə görə, bu baxımdan İsrail dövləti ilə əlaqələrin inkişafına önəm verilməsi milli maraqların təmin olunması baxımından müstəsna əhəmiyyətə malikdir.

Məqalədə vurğulanır ki, Azərbaycan və yəhudi xalqı arasında daim mehriban münasibətlər olub. Qarabağ münaqişəsinə münasibətdə isə İsrail dövləti və diasporu Azərbaycan milli maraqlarına dəstək verərək, əsl obyektivlik nümayiş etdiriblər: «Beləliklə, azərbaycanlılarla yəhudilər arasındakı münasibətlərin mənəvi köklərə malik olması bu gün inkişaf edən Azərbaycan-İsrail əlaqələrinin sağlam təməllər üzərində qurulmasını söyləməyə tam əsas verir».

Məqalədə qeyd edilir ki, bu günlər İsrail baş naziri Benjamin Netanyahu-nun Azərbaycana səfəri iki ölkə arasında dostluq və əməkdaşlığa yeni töhfə verir.

Məqalədə o da deyilir ki, Azərbaycanın dünyaya ixrac etdiyi neftin 40 faizini məhz İsrail alır. Bundan başqa, İsrail Azərbaycanın ən etibarlı hərbi tərəfdaşı kimi dəyərləndirilir.

Müəllif yazır ki, bu münasibətlər dünyada bəzi siyasi dairələri açıqca qıcıqlandırır.

Bağlanan obyekt
Bağlanan obyekt

QAÇAQAÇ ÖLKƏSİ...

Azadliq.info «Xarici şirkətlər ölkədən niyə qaçır?» sualına cavab axtarır.

Müəllif yazının əvvəlindəcə yazır ki, bunun ən başlıca səbəbi mövcud hakimiyyətin Azərbaycanı biznes adamlarından ötrü «arzuolunmaz ölkə»yə çevirməsidir.

Müəllifə görə, burada məsələ təkcə xarici şirkətlərin ölkəni tərk etməsi ilə yekunlaşmır, həm də ölkə vətəndaşları Avropaya mühacirət etməkdən ötrü yollar axtarırlar.

Son günlər daha 5 şirkətin ölkəni tərk etdiyini vurğulayan müəllif bunu iqtisadi mühitin əlverişli olmaması kimi dəyərləndirir. Onun fikrincə, hökumət nə qədər inkişafdan, sabitlikdən, islahatlardan danışsa da, statistika bunun əksini sübut edir.

Müəllif yazır ki, 2015-ci ilin birinci yarısından ölkədə böhran dərinləşib. Hökumət ciddi islahatlara getməkdənsə, onun imitasiyasını yaradıb: «Nə korrupsiya ləğv olundu, nə monopoliya aradan qaldırıldı, nə ölkəyə investisiya axını oldu, nə də qeyri-neft sektorunda dirçəliş müşahidə olundu. Bütün sahələrdə sürətli tənəzzül baş verdi və bu proses davam edir».
Yazıda bildirilir ki, az-çox imkanlı yerli iş adamları da pulunu ölkədən çıxarır, sərmayə kimi Gürcüstan və digər qonşu ölkələrə yatırırlar: «Hamı başa düşür ki, deyilən sözlər, verilən sərəncamlar, yaradılan qurumlar imitasiyadır. Valyutası hər gün dəyər itirən ölkəyə kim sərmayə yatırar? Bank sektoru iflic vəziyyətə düşən, qanunların işləmədiyi ölkədə kim bizneslə məşğul olar?».
Müəllif yazır ki, ən pisi də odur ki, iş adamları tunelin ucunda işıq görmürlər. Zəngin bir ölkə olan Azərbaycan səfillər diyarına çevrilir.

Valyuta mübadiləsi
Valyuta mübadiləsi

BANKLAR BİLDİYİNİ EDİR

«Yeni Müsavat» qəzetində «Banklar Nəzarət Palatasına tabe olmur» sərlövhəli məqalə oxumaq olar.

Müəllif yazır ki, ölkədə banklar problem içində olmalarına baxmayaraq, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) çağırışlarına əməl etmirlər.

Ekspert Əkrəm Həsənov qəzetə deyib ki, bu münasibət bankların Palatadan lazımı qədər asılı olmamalarından qaynaqlanır: «Banklar Mərkəzi Bankdan çox asılı idilər. Mərkəzi Bank onlara həm nəzarət edirdi, həm kredit, valyuta verirdi. Bu gün isə bu səlahiyyətlər bölünüb. Krediti Mərkəzi Bank verir, nəzarəti Palata həyata keçirir. Asılılıq azalıb deyə, bir qrup banklar Palatanı saymırlar. Palatanın həm də daxili problemləri var. O, hələ tam formalaşmamış bir qurumdur, hələlik, banklara qanunla məcburi göstəriş vermək hüququ da yoxdur. Bunun üçün qanun qəbul edilməlidir».

Ekspert Natiq Cəfərli isə hesab edir ki, bank sektoru iki hissəyə bölünüb. Onun fikrincə, bankların bir hissəsinin Mərkəzi Bankın, bir hissəsinin isə Palatanın nüfuzunu qəbul etdiyi müşahidə edilir.

N.Cəfərli Palatanın nüfuzunun yüksəlməsindən ötrü onun səlahiyyətlərinin artırılmasını vacib sayır.

N.Cəfərli bəzi bankların Palatanın nüfuzunu qəbul etməməsində başqa səbəblər də görür: «Bankların bir çoxu iri məmurlara bağlıdır, Azərbaycan reallığında bu, heç kimə sirr deyil. Yəqin ki, bu bağlılıqdan sui-istifadə edərək də Palatanın bəzi qərarlarını qəbul etməkdən boyun qaçırırlar».

Məhkəmə
Məhkəmə

MÜSTƏQİL MƏHKƏMƏ OLMADAN...

«Novoye Vremya» qəzetində isə «Müstəqil məhkəmə inkişafın istinad nöqtəsi kimi» sərlövhəli məqalə diqqət çəkir.

Müəllif yazır ki, Azərbaycan uzun müddət Avropa İnsan Hüquqları Məhkəməsinə hakim göndərmək məsələsində problem yaşayıb. Bir neçə dəfə namizədlərin adları geri qaytarılıb.

Müəllif bu problemin yaşanmasına əsas səbəb kimi Azərbaycanda müstəqil məhkəmə sisteminin olmamasını göstərir. Məqalədə vurğulanır ki, Avropa İnsan Hüquqları Məhkəməsinə Azərbaycandan hakim təyin olunması problemi həllini tapıb. Amma ölkə daxilində məhkəmələr dəyişməyib.

Müəllif yazır ki, bu sahədə atılan addımlar kosmetik xarakter daşıyıb: «Məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin tətbiqi, məhkəmələrin sayının artırılması və başqa tədbirlər faydalıdır. Amma bunların hamısı nəticə etibarilə hakimlərin müstəqil qərar qəbul etmələrinə gətirməlidir. Özü də bu, təkcə cinayət və mülki işlərə yox, siyasi motivli proseslərdə də özünü göstərməlidir. Təəssüf ki, bu hələ yoxdur».

Yazı müəllifinin fikrincə, müstəqil məhkəmə sisteminin olmaması ölkəyə çox böyük zərbədir: «Müstəqil məhkəmə sistemi olmadan iqtisadiyyatı yaxşılaşdırmaq, biznesi, sahibkarlığı və dövlətin siyasi sistemini inkişaf etdirmək mümkün deyil».

Müəllif yazır ki, Azərbaycanda real islahatların getməsi, müstəqil məhkəmənin varlığı beynəlxalq qurumlara yox, sadə vətəndaşlara lazımdır. Ona görə də, xalqı çaşdırıb, aldatmağa ehtiyac yoxdur.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG