Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 15:49

Fuad Əhmədlinin müayinəyə ehtiyacı var


Fuad Əhmədli

Vəkil Əshabəli Mustafayev dekabrın 13-ü həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Fuad Əhmədli ilə görüşüb.

Bunu AzadlıqRadiosuna vəkilin özü bildirib. O, qeyd edib ki, gəncin ağciyərlərində və tənəffüs yollarında problemlər yaranıb: «O, hələ bir-iki il öncə bu problemlərlə bağlı əməliyyat olunub, mütəmadi müayinələrdə olmalıdır».

Ə.Mustafayev deyir ki, istintaqa iki vəsatət verib. O, gəncin tibbi ekspertizadan keçirilməsini istəyir: «Bu ekspertiza bu suala cavab verməlidir ki, F.Əhmədlinin durumu həbsdə saxlanmasına nə dərəcədə imkan verir. O, mütəmadi ağrılardan əziyyət çəkir, ixtisaslı müayinə aparılmalıdır, amma həbsxana şəraitində bu mümkün deyil».

Vəkilin deməsinə görə, daha bir vəsatət F.Əhmədli saxlanan zaman evlərindən götürülən əşyaların, hələ də, geri qaytarılmaması ilə bağlıdır: «Fuad Əhmədlinin atasının şəxsi kompüteri, nənəsinin pensiya kartı, onun tibbi sığorta sənədləri götürülüb. Bu sənədlər hər hansı bir əhəmiyyət daşımadığı üçün geri qaytarılmalıdır. Hətta Fuad Əhmədliyə aid kompüter də geri qaytarılmalıdır. Çünki kompüterin bu müddət ərzində istintaqda qalması yetərlidir».

AXCP fəalı F.Əhmədli bu il avqustun 18-də həbs edilib. Ona Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqda qanunvericiliyi pozmaq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında deyilir ki, «Azerfon» MMC-də «Zənglər mərkəzi»ndə operator vəzifəsində işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları müəyyən adamlara ötürüb. F.Əhmədli həmçinin, bu il iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen ilə əlaqəli şəxs kimi təqdim olunub. Yaşadığı evdən Gülen-ə aid vərəqələrin tapıldığı iddia olunub.

AXCP bəyanat yayaraq ittihamı «qurama» adlandırıb və bunu partiyaya təzyiq kimi qiymətləndirib.

XS
SM
MD
LG