Keçid linkləri

Təcili xəbərlər
2021, 26 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 20:06

'Öz nəfsinin qulları'


İlham Əliyev

İqtisadi böhran, korrupsiya, xarici borclanma və milli iqtisadi inkişafın yol xəritələri bu gün medianın aparıcı mövzusudur…

YOL XƏRİTƏLƏRİ

«Azərbaycan» qəzetində dərc edilən «Yol xəritələri Azərbaycanın postneft dövründə yeni inkişaf strategiyasıdır» sərlövhəli məqalədə ölkədə yeni iqtisadi durum və yeni tələblərin ortaya çıxması dəyərləndirilir.

Müəllif yazır ki, neft erası başa çatıb, bu reallıqdan irəli gələrək ölkə iqtisadiyyatı yeni şərait və yeni tələblərlə üzləşib.

Məqalədə vurğulanır ki, yeni şərait və tələblər problemlərin həllində gecikməməyi, sınaqdan çıxmış təcrübədən istifadəni, kreativliyi və qətiyyəti gündəmə gətirib.

Müəllifin fikrincə, bunları reallaşdırmaqdan ötrü indiki mürəkkəb zamanda bütün məsuliyyəti üzərinə götürməkdə tərəddüd etməyən, sadalanan keyfiyyətlərə malik lider, başqa sözlə rəhbər lazımdır.

Məqalədə qeyd edilir ki, bu mənada Azərbaycanın bəxti gətirib: «Bu gün Azərbaycan yeni strategiya əsasında inkişafa qərar verib. Müəllifi prezident İlham Əliyev olan bu strategiyanın əsas məğzi və məqsədi ölkənin postneft dövründə inkişafını təmin etməkdir».

Müəllif yazır ki, məhz bu günlərdə imzalanan «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə yol xəritələrinin təsdiq edilməsi haqqında» fərman da 2017-2025-ci illər üzrə ölkənin inkişaf strategiyasını müəyyən edir.

Dünyanın malı. Karikatura
Dünyanın malı. Karikatura

ƏVVƏL ÖZ NƏFSİNDƏN BAŞLA…

Azadliq.info-da «Əvvəlcə nəfsinizi optimallaşdırın» sərlövhəli məqalə oxumaq olar.

Müəllif hesab edir ki, hökumətin islahat adı ilə atdığı bütün addımlar nəticəsiz qalır. Ölkədə böhran davam edir: «Quru vədlər, əhəmiyyətsiz sərəncamlar, yalançı təsəllilər meydan sulayır. Reallıq isə budur ki, hökumət yalnız qiymətləri qaldırmağı, ixtisarlar aparmağı, vətəndaşın cibinə girməyi bacarır. Hər dəfə

qənaətdən dəm vururlar, amma bu qənaət prosesində hökumət komandasının komfortuna, mənasız xərclərə toxunulmur».

Yazıda qeyd edildiyinə görə, artıq yaxın günlərdə ali məktəbləri optimallaşdırmaq adı ilə universitetlərin birləşdirilməsi, yeni ixtisarlar gözlənilir.

Müəllifə görə, «analoqsuz» komanda başa düşmür ki, bu kimi tədbirlərlə nəticəni dəyişmək olmaz. Yeni nəfəsliklər açılmalı, imitasiyadan real işə keçilməlidir.

Yazıda vurğulanır ki, ilk növbədə hakimiyyət təmsilçiləri öz nəfislərini cilovlamalıdırlar. Ondan sonra xalqı qənaətə dəvət edə bilərlər.

Müəllifə görə, 10 minlərlə ailəni işsiz qoyub, hansısa məbləğə qənaət etmək ağır fəsadlar törədəcək. Odur ki, məmurlar bir qədər sadə həyata öyrəşməlidirlər.

Müəllif yazır ki, ölkədə mənfi ənənələr aradan qaldırılmayıb. Ona görə də, indi dövlət müəssisələrində və ali məktəb ocaqlarında heç bir ixtisar uğur gətirməyəcək.

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

7 MİLYARD OLSA

«Exo» qəzetində «Azərbaycan iqtisadiyyatını xilas etmək üçün nə qədər lazımdır?» sualına iqtisadçı-ekspert Oqtay Haqverdiyevlə cavab axtarılır.

Ekspert hesab edir ki, Azərbaycanın qeyri-neft sektoru indi çox ləng inkişaf edir. Əsas səbəblərdən biri də lazımı maliyyənin olmamasıdır.

O.Haqverdiyevin deməsinə görə, ayrılmış kreditlər bütünlüklə təyinatı üzrə istifadə olunmur: «Məmurlar ayrılan kreditlərin bir hissəsini ciblərinə qoymaq «müdrikliyi» göstəriblər. Amma Asiya İnkişaf Bankının kreditləri qəpiyinə kimi konkret dövlət məqsədləri naminə işlədilir. Çünki bank əməkdaşları buna nəzarət edirlər. Məmurlar başa düşürlər ki, dələduzluq aşkarlansa, bank gələcək əməkdaşlığı dayandıracaq».

Amma O.Haqverdiyev Asiya İnkişaf Bankından alınan vəsaitlə milli iqtisadiyyatı xilas etməyi mümkünsüz sayır.

Ekspert xatırladır ki, bu günlərdə dövlət başçısı İlham Əliyev «Milli iqtisadiyyatın və iqtisadiyyatın əsas sektorlarının strateji yol xəritələri»ni təsdiq edib. O, bu işlərin görülməsindən ötrü ən azı 7 milyard dollar vəsaitin tələb olunduğunu bildirir: «Bir tərəfdən milli valyuta xilas edilməli, işsiz və aztəminatlı təbəqənin problemləri həll olunmalı, digər tərəfdən isə daxili məhsulların artımı stimullaşdırılmalıdır. Bununla da qeyri-neft sektoru inkişaf etdirilməlidir».

Natiq Cəfərli
Natiq Cəfərli

BORCLANMA...

«Yeni Müsavat» qəzetində isə «Hökumət yenə xaricdən kredit axtarır» sərlövhəli məqalə diqqət çəkir.

Ekspertlərdən Natiq Cəfərli qəzetə bildirib ki, Azərbaycan hökumətinin son zamanlar xarici donorlarla apardığı danışıqların əsas məğzi məhz üzərinə götürdüyü böyük layihələrdəki öhdəlikləri yerinə yetirmək istəyi ilə bağlıdır: «Həm Dünya Bankı, həm Beynəlxalq Valyuta Fondu və həm də digərləri ilə danışıqlar gedir. Bu danışıqların məqsədi Azərbaycanın «Şahdəniz 2», TANAP, TAP layihələri ilə bağlıdır. Azərbaycanın bu layihələrdə böyük payı var. Ciddi bir rəqəm yaranıb. Təqribən 18 milyard dollara yaxın Azərbaycanın üzərinə düşən öhdəliklər var».

Ekspert qeyd edir ki, bu öhdəliklərin bir hissəsi artıq yerinə yetirilib. Ancaq yenə də maliyyə çatışmazlığı var.

N.Cəfərli hesab edir ki, Azərbaycanın iki yolu var idi. Ya Neft Fondunun vəsaitinin tamamını bu layihələrə xərcləməklə sonradan çox ciddi bir problemlərlə qarşılaşmaq, ya da borclanmaya getmək. Ona görə də ikinci yol seçildi.

Ekspertlərdən Rövşən Ağayev də deyib ki, son illər ölkədə beynəlxalq layihələrə böyük pullar ayrılıb: «Son 2 ildə həm dövlət büdcəsindən, həm də Neft Fondundan xaricdəki layihələrə böyük həcmli vəsaitlər ayrılır. Manatla ayrılan vəsaitlər isə təbii ki, bazarda xarici valyutaya çevrilərək ölkədən çıxır. Bu ehtimalın gerçəkləşməsi o deməkdir ki, yaxın illərdə ölkənin xarici borclanma səviyyəsi sürətlə artacaq».

Ekspertə görə, lazım olan anda borc tapılmasa, ölkənin valyuta ehtiyatlarına keçiləcək.

XS
SM
MD
LG