Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Sentyabr, çərşənbə, Bakı vaxtı 06:13

"Pantomima" səhnəsində bezgin, həvəssiz aktyorlar


"Underground" tamaşasından bir səhnə.

"Tamaşada heç kimin tükü belə tərpənmir. Səhnənin soyuqluğu tamaşanın bütün ideyasını elə oradaca qalmasına səbəb olur".

Rövşən Danyeri

“Underground”-dan qeydlər

Teatrların repertuarlarını gözdən keçirirdim, Pantomima teatrında “Underground” adlı tamaşa diqqətimi çəkdi. Dalağımı sancdı desək daha doğru olar. Çünki fikirləşdim ki, görəsən bir tamaşanın adı niyə “Underground” olsun ki? Stilistikası “undeground” olan bir tamaşanın adının da “Underground” olmasına nə ehtiyac var ? Daha doğrusu bunu nə dərəcədə yenilik saymaq olar? Dünya teatrı bu fəndləri bəlkə də əlli il əvvəl keçib.

Buna da bax: Musiqili Teatrın səhnəsində sovet abu-havası

Bəlkə də var deyib, üz tutdum teatra. Yeri gəlmişkən deyim ki, “Underground” tamaşası bir də dekabrın 24-ü saat 18:00-da oynanılacaq.

"Underground" tamaşasından bir səhnə.
"Underground" tamaşasından bir səhnə.

Tamaşa ümumilikdə müasir insanın düşdüyü situasiyadan çıxmaq cəhdlərindən bəhs edir. Bir-birindən fərqli səhnələrdən ibarət olan tamaşa həm də tam ola bilər. Hadisələr tamaşanın adından götürüldüyü kimi yeraltında baş versə də, burada elə əslində, insanın daxilindəki xarabalıqdan qaçmaq istəyi əks olunur. Tamaşada texnikanın inkişafı nəticəsində insanın tənhalaşması və nəticədə mənəvi deqradasiyası təsvir olunur. Çıxış yolu isə birdir. Ancaq insan zaman-zaman öz eqosunun əsirinə çevrilir və yalnız başqalarının bədbəxtliyi naminə də olsa, öz xilasını arzulayır. Sonda anlayır ki, insanı xilasa aparan yol elə insandan keçir.

“Underground” tamaşasının quruluşu teatrın aktyorlarına aiddir. Və demək olar ki, maraqlı da iş çıxarıblar. Ancaq di gəl ki, aktyor oyunu haqqında bu sözləri demək olmur. Səhnənin qara xalısı üzərindəki enerji, səhnədən bir addım da tamaşaçıya tərəf çıxmır. Aktyorlar nəinki tamaşaçını, heç özlərini belə hiss etmirlər. Rollar texniki şəkildə ifa olunur. Ələxsus da, aktrisaların oynunda bu özünü daha çox biruzə verir. Tamaşa əslində insanın qaba hisslərinə yönəlib və tamaşaçı öz daxilini bu tamaşada hiss edərək, narahat olmalı, bəzən utanmalı, bəzən də stress keçirməli idi. Ancaq aktyorların oyunu buna imkan vermir. Tamaşada heç kimin tükü belə tərpənmir. Səhnənin soyuqluğu tamaşanın bütün ideyasını elə oradaca qalmasına səbəb olur.

"Undergorund" tamaşasında iştirak edən aktyorlar.
"Undergorund" tamaşasında iştirak edən aktyorlar.

Səhnəciklərdə ümumi situasiyanı təsvir etmək üçün musiqilərdən də istifadə olunur. Əslində, musiqilər ümumi təsvirə kömək etməli olduğu halda, əsas rol oyunçusu kimi çıxış edir. Aktyor oyunu musiqinin kölgəsində qalır. Hətta deyərdim ki, musiqilər səhnəni duymaqda tamaşaçılara aktyorlardan daha çox kömək edir.

Buna da bax: Elvin Adıgözəlin “Yasaq cəh-cəhlər”i təqdim olundu

Tamaşadan çıxanda yanımdan ötən insanların bir-birinə bu sualı verdiyini eşitdim.

– Bir şey başa düşdün?

Cavab isə təxmini belə olurdu:

– Hə də, bir-iki səhnəciyini başa düşdüm.

Yəni deyəcəyim odur ki, tamaşada ideya ilə aktyor oyunu üst-üstə düşməyəndə “art bu siz anlamazsını” olur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG