Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:07

Kəmaləddin Heydərovun müavini məhkəməyə çağrıldı


Kəmaləddin Heydərov
Kəmaləddin Heydərov

Ötən ilin mayında Binəqədidə 16 mərtəbəli yaşayış binasında 15 nəfərin öldüyü yanğına görə həbs olunanların vəkilləri Fövqəladə Hallar nazirinin birinci müavini Rəfael Mirzəyevin məhkəmədə dindirilməsini istəyir.

Bu iş üzrə dekabrın 1-də keçirilən məhkəmədə vəkillər nazir müavininin məktubunu mübahisələndiriblər.

Cinayət işinin materiallarında Rəfael Mirzəyevin Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova məktubu var. Həmin məktubda göstərilib ki, polimer tərkibli materiallarla üzlənmiş binalar nəzarətdə saxlanmalıdı. Çünki o materiallar istiliyin təsirindən toksik maddələr buraxırlar.

Buna da bax:​ Yanğın işində icra başçısının müavini dindirildi

NİYƏ QEYDİYYAT JURNALINDA YOXDUR?

Bu məktubun 2013-cü ilin oktyabrında göndərildiyi qeyd olunsa da, vəkillər hesab edir ki, onu keçən il yanğın hadisəsindən sonra düzüb-qoşub, iş materiallarına əlavə ediblər. Vəkillər Binəqədi Rayon İcra Hakimiyyətində məktubların qeydiyyat jurnalında qeydə alınmamasına əsaslanırlar. Deyirlər ki, əgər 2013-cü ildə belə bir məktub göndərilmişdisə, niyə qeydiyyat jurnalında yoxdur?

"Həmin məktublar saxtadır və hadisədən məsuliyyətdən yayınmaq üçün yazılıb", – binanı üzləmiş "Global Construction" və poliuretan üzlükləri buraxmış "Global Stone" şirkətlərinin təsisçisi, təqsirləndirilən Miryusif Mahmudovun vəkili İlhamə Həsənova bildirib.

Buna da bax: 'Məni həbs edəcəklərinə heç vaxt inanmazdım'

Prokuror Fərid Nağıyev isə nazir müavini tərəfindən imzalanan məktubun saxta olması, hadisədən sonra yazılması barədə fikirlərə etiraz edib. Deyib ki, məktubun jurnalda qeydə alınmaması onun saxtalaşdırılması anlamına gələ bilməz. Dövlət ittihamçısının sözlərinə görə, nazir müavini vəzifəsində bir adamın adından saxta məktub hazırlanması inandırıcı deyil: "Bu məktubların kimlərinsə, məsuliyyətdən yayınması məqsədi ilə yazılması haqda səsləndirilən fikirlər əsassızdır. Üstəlik, bu işdən başqa bir cinayət işi ayrılıb və əgər kimlərinsə günahı sübuta yetirilərsə, onlar da məsuliyyətə cəlb olunacaqlar".

TƏQSİRSİZLİK PREZUMPSİYASI

Nazir müavininin adından saxta məktub hazırlanmasının inandırıcı olmaması haqda prokurorun dediklərinə təqsirləndirilən Uğur Bəşirovun vəkili Cavid Rzazadə belə cavab verib: "MTN hadisələrində, hətta nazir səviyyəsində hansı işlərin baş verdiyini hamımız gördük".

Buna da bax:​ Yanan bina işi: 'Bu binanı yandırmaq üçün uzun müddət hazırlıq işləri gedib'

Prokuror da bu replikanı cavabsız qoymayıb: "O hadisələrlə bağlı da hələ heç bir məhkəmə hökmü yoxdur. Dedikləriniz bu mənada, təqsirsizlik prezumpsiyasının pozulmasıdı".

Təqsirləndirilən şəxslərdən 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva bildirib ki, onlar nazir müavini Rəfael Mirzəyevin məhkəmədə dindirilməsini tələb edəcəklər. Müdafiəçi qeyd edib ki, yanğın baş verən binada görülən işlərin keyfiyyətinə və bina üzləndikdən sonra təhvil-təslimə görə Qəzənfər Novruzov qədər icra başçısı Xaləddin İsgəndərov da günahkardı: "Əgər bu adamı günahkar bilirsizsə, ondan yuxarı vəzifəlilər də var. İcra başçısı və digər vəzifəli şəxslər də, ən azı, onun qədər məsuliyyət daşıyır".

Buna da bax: Yanan binaya görə DTX-ya məktub: 'Təxribat idi...'

“BUNLAR BİLİRMİŞ YANĞIN OLACAQ”

Vəkil İlhamə Həsənova iş materiallarındakı başqa bir məktubu da diqqətə çatdırıb. FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən Binəqədi RUH-nə ünvanlanmış həmin məktubun hadisədən 6 gün öncə – mayın 13-də göndərildiyi qeyd olunub. Məktubda tövsiyə olunub ki, poliuretan materiallarla üzlənmiş binaların yaxınlığına su maşınları yerləşdirilsin.

"Belə çıxır ki, bunlar bilirmiş, yanğın olacaq. Qəribəsi budur ki, icra hakimiyyəti bu məktuba hadisə günü - mayın 19-da cavab yazıb. Bu da sənədlərin sonradan hazırlandığını sübut edir. Demişdilər ki, su maşınları yerləşdirin, niyə yerləşdirməyiblər? Orada olsaydı, tüstü başlayan kimi su vurulardı. Əgər səhlənkarlıq eləyiblərsə, niyə məsuliyyətə cəlb olunmayıblar", – vəkil İlhamə Həsənova etirazını bildirib.

Məhkəmə dekabrın 5-də davam edəcək.

Buna da bax:​ Binəqədi yanğın işi: 'MTN əməkdaşlarına 50 min verildi'

XATIRLATMA

Binəqədidəki bina yanğını ilə əlaqədar məhkəmə qarşısına çıxarılanlara Cinayət Məcəlləsinin 225-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308-ci (vəzifədən sui-istifadə) maddələri ilə ittiham verilib. Təqsirləndirilən şəxslər arasında Miryusif Mahmudovla yanaşı, «Global Stone» MMC-nin baş direktoru Uğur Bəşirov, 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuş Qəzənfər Novruzov, icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri işləmiş Ədalət Rəcəbov, 72 saylı Mənzil-Kommunal İstismar Sahəsinin rəisi olmuş Nizami Orucov, Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov və BDU-nun müəllimi, Dərnəgül Boru Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov da var. Onlardan Akif Əlibəyov və Ağacavad Məmmədovun barəsində həbs-qətimkan tədbiri seçilməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG