Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:46

Masallıda gecələrdən qorxan ailə


Əfsanə Dövlətova
Əfsanə Dövlətova

Masallı rayonunun Ərəb kəndində Dövlətovlara məxsus bir ev var.

Bu ev kəndin kənarında yerləşir. Yolu ilin payız, qış fəslində demək olar ki, keçilməz olur. Bu evdə insanı sivil dünyaya bağlayan çox az nəsnə gözə dəyir. Televizor, soyuducu yoxdur. Evin işığını da, qazını da borca görə kəsiblər. İşığı indi qonşular verir...

Evdə bir ana və bu ananın 3 uşağı yaşayır. Demələrinə görə, yarıtox, yarıac keçinirlər.

Ana Əfsanə Dövlətova göz yaşlarını güclə saxlayır, başına gələnlərdən danışır:

«ALİMENT KƏSİLDİ»

«2009-cu ildə ərimdən rəsmi şəkildə boşanmışam. Dözülməz şərait var idi. Cəlilabaddan köçdüm Masallıya, Ərəb kəndinə, ata evinə. Valideynlərim rəhmətə gedib. Bu evdə uşaqlarımla qalıram. İlk aylarda aliment alırdım. Sonra aliment kəsildi».

Ədliyyə Nazirliyi Cəlilabad rayon icra bölməsindən gələn məktubda oxuyuruq ki, bu ailəyə hər ay 90 manat aliment verilməlidir. Bununla bağlı Masallı Rayon Məhkəməsi 2011-ci il martın 29-da qərar verib. Həmin qərara görə, Cəlilabad rayon Muğan kəndində yaşayan Bəhruz Akif oğlu Filatov 2011-ci il fevralın 10-dan hər ay hər bir uşağa 30 manat ödəməlidir.

ALİMENT VERİLMƏDİ...

Ancaq Əfsanə Dövlətovanın dediyinə görə, məhkəmənin qərarı yerinə yetirilmir, onlara aliment verən yoxdur. Nə edəcəyini bilmir. İmkansızlıqdan artıq səhər yeməyini tərgidiblər. Yavan çörəyə möhtacdırlar:

«MƏKTƏBDƏ XADİMƏ İŞLƏYİRƏM»

«İcra məmuruna zəng etmişəm. Mənə deyir ki, onu tapa bilmirik. Məktəbdə xadimə işləyirəm, çox cüzi əməkhaqqı alıram. O da olmasa, bilmirəm nə olacaq. Fəhləliyə gedərəm. Uşaqları evdə necə tək qoyum? Uşaqlardan biri xəstədir. Qohumlar kasıbdır, hərə öz dərdinə qalır. İmkan daxilində kənd kömək edir. Mənə uşaqlar üçün köhnə paltarlardan veriblər. Uşaqları özümlə aparıram məktəbə, özümlə də gətirirəm».

Havanın soyuq keçməsinə baxmayaraq, 12 yaşlı İslam Dövlətov qolsuz köynəkdə gəzir.
Havanın soyuq keçməsinə baxmayaraq, 12 yaşlı İslam Dövlətov qolsuz köynəkdə gəzir.

«NƏ ODUN VAR, NƏ ÇÖRƏK, NƏ DƏ QƏND»

Onun deməsinə görə, vəziyyət günü-gündən pisləşir. Qarşıdan qış gəlir, yandırmağa heç nəyi yoxdur. Evində nə çörək, nə qənd var: «Keçmiş ərimin imkanları var. Atası da, anası da sağdır. Bizimlə maraqlanmırlar. Atıblar bizi ehtiyac içinə, boğuluram burda. Kənd mənim ailəmi saxlayır. 46 manat işığa görə borcum var, onu kəsiblər. Yalvardım ki, heç olmasa, qazı kəsməyin, dedilər bizlik deyil. Sosial da vermirlər».

Havanın soyuq keçməsinə baxmayaraq, 12 yaşlı İslam Dövlətov qolsuz köynəkdə gəzir. Dilinə haçan ət dəyib yadına düşmür.

Əfsanə Dövlətovanın qonşusu Niftulla Hacıyev deyir ki, kənddə iqtisadi vəziyyəti ağır olan ailələr çoxdur. Bir-iki ailəni çıxmaq şərti ilə hamı kasıbdır:

QONŞU: «ALLAH ELƏSİN QIŞI KEÇİRSİNLƏR»

«Həmişə yardım eləmək olmur. Özümüz də ehtiyac içində yaşayırıq. Uzun müddət evləri qaranlıqda qaldı .Ona işıq verdik, o da müvəqqəti. İnanın ki, çörəyə möhtacdırlar. Ailədə 4 nəfər var. Uşaqlardan biri xəstədir. Aliment vermirlər. Allah eləsin qışı keçirsinlər».

ALİMENT VERMƏYƏN ATA HƏBS EDİLƏ BİLƏR, GİZLƏNİR...

Cəlilabad rayon icra bölməsinin icra məmuru Səbuhi Həmzəyev deyir ki, alimentlərin ödənişi ilə bağlı problem həmişə var: «Bəhruz Akif oğlu Filatov ilə bağlı axtarış vermişik. Ona dəfələrlə xəbərdarlıq məktubu göndərilib. Cəlilabad Rayon Məhkəməsinin 2012-ci il fevralın 1-də çıxartdığı qərar ilə Bəhruz Filatova 5 gün inzibati həbs verilib. O, 1510 manat aliment verməlidir. Qanuna görə, aliment ödənməsə, növbəti cəza tətbiq edilir. Ancaq biz bu adamı tapa bilmirik».

Əfsanə Dövlətova deyir ki, onlara ən qorxulu vaxt gecə saatlarıdır: «Gecə soyuq olur. İşığı çox yandırmırıq. Qonşunundur, istəmirəm ki, işıq çox pul yaza. Alimentdən də əlimi üzmüşəm. Müraciət etməkdən bezmişəm. Daha heç kimdən kömək də istəmirəm. Yorulmuşam. Talehin ümidindəyik. Nə olar-olar...».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG