Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:41

Ekspert: 'Qara bazar' bank rəhbərlərinin nəzarətindədir


İlham Əliyev Neft Daşlarında
İlham Əliyev Neft Daşlarında

Azərbaycanın dünya enerji təhlükəsizliyində rolu, dollarla götürülən kreditlərin qaytarılmasında üzə çıxan problemlər, intiharların səbəbləri və manatın real məzənnəsi bu gün medianın aparıcı mövzusudur...

ENERJİ TƏHLÜKƏSİZLİYİNDƏ SÖZ SAHİBİ

«Azərbaycan» qəzetində «Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminində əsas söz sahiblərindəndir» sərlövhəli məqalə dərc edilib.

Müəllif yazır ki, yeni neft strategiyasının nəticəsi kimi Azərbaycan Avropanın enerji təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrilib. Məqalədə vurğulanır ki, buna görə ölkənin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlib.

Müəllifə görə, «Şimal-Cənub» Nəqliyyat Dəhlizi də strateji əhəmiyyət daşıyan transmilli layihədir. Gələcəkdə bu marşrutdan da bir çox dövlətlər yararlanacaq. Məqalədə bu layihənin əhəmiyyəti belə dəyərləndirir: «Dəmiryol xəttinin istifadəyə verilməsi nəticəsində Qafqaz ölkələrinin, Rusiyanın, şimali, şərqi Avropanın Fars körfəzinə və Hindistana çıxışı təmin ediləcək. Bu da region ölkələrinə böyük iqtisadi qazanc gətirəcək».

Məqalədə qeyd edilir ki, həm iri enerji, həm də nəqliyyat layihələri Azərbaycanın dünyada rolunu artırır. Müəllif fikirlərinin dəstəyi kimi XXIII Dünya Enerji Konqresində prezident İlham Əliyevin çıxışından sitat gətirir: «Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik məsələsidir. Bu gün ölkələr çalışırlar ki, öz təbii resurslarını müxtəlif yollarla dünya bazarlarına çıxarsınlar. Azərbaycan bu istiqamətdə də önəmli addımlar atmışdır və həm nefti, həm qazı şaxələndirilmiş yollarla dünya bazarlarına çıxarır».

Pul
Pul

DƏRD ÇƏKƏNƏ VERİLƏR

Azadliq.info-da «Kredit borclarının sonu necə olacaq?» sualına cavab axtarılır.

Yazıda əvvəlcə Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyevin bankların bağlanmasının səbəbləri ilə bağlı fikirlərinə yer verilir. O deyir ki, ölkədə bankların bağlanmasına əsas səbəb götürülən kreditlərin qaytarılmamasıdır: «Fikir versəniz, bu bankların heç biri burada baş verən hər hansı əməliyyatlar səbəbindən bağlanmayıb. Düşünürük ki, baş verən devalvasiyalardan sonra iqtisadi subyektlər borcların ödənilməsinə daha həssas yanaşacaqlar».

Yazıda qeyd edilir ki, manatın sürətlə dəyər itirməsi dollarla götürülən kreditlərin qaytarılmasını bir qədər də çətinləşdirir.

Müəllifin bildirməsinə görə, ölkədə təxminən 17-18 milyard manatlıq kredit borcu var. Bu borcun 80 faizi dollarda olan kreditlərdir.

İqtisadçı Samir Əliyev hesab edir ki, dollarla kredit borcu olanları yaxşı heç nə gözləmir. Dövlət bu prosesi bank və vətəndaşların üstünə atır: «Bunun nəticəsidir ki, insanların əmlakı əlindən alınır, hətta bəzi hallarda bu proses faciə ilə bitir, intiharlar baş verir. Proses bütövlükdə bank və vətəndaşların üzərinə atılıb. Burada ilk növbədə əziyyət çəkən əhalidir».

Ekspert hesab edir ki, belə bir vəziyyətin yaranmasını nə əhali, nə də banklar istəyərdi: «Hər ötən gün göstərir ki, proses həll olunmur».

Ekspert vurğulayır ki, kreditlərin xarici valyutada saxlanması düzgün deyil. Onlar, ən azı, manat kreditlərinə çevrilməlidir.

Valyutadəyişmə məntəqəsi. Arxiv
Valyutadəyişmə məntəqəsi. Arxiv

MANATIN REAL MƏZƏNNƏSİ NƏDİR?

«Exo» qəzetində isə «Manatı əvvəlki kimi saxlayırlar: milli valyutanın məzənnəsi heç də üzən deyil» sərlövhəli məqalə diqqət çəkir.

Yazıda manatın gerçək dəyəri öyrənilməyə çalışılır. Ekspert Əkrəm Həsənov mövzunu qəzetə belə şərh edir: «Bu gün Mərkəzi Bank rəhbərliyi manatın məzənnəsini süni şəkildə saxlayır. Reallıqda isə bu məzənnə çoxdan enməli idi. Dollara nisbətdə rəsmi kurs 1.7146 manat təşkil edir. Kommersiya bankları bunu 4 faiz artırıb-azaltmaq hüququna malikdirlər. Faktiki hər hansı devalvasiya olmadan da dolların kursu 2 manata yaxınlaşır. Bu halda banklar dollar satışı etməlidirlər, əgər etmirlərsə, bununla «qara bazar»ı canlandırırlar».

Ekspert deyir ki, «qara bazar» bank rəhbərlərinin nəzarətindədir. Onun bildirməsinə görə, onlar valyutanı xalqa satmayaraq daha yüksək məzənnə ilə «qara bazar»a yönəldirlər.

Ekspert deyir ki, bankların dollara olan tələbatları da tam ödənmir.

Başqa bir ekspert Oqtay Haqverdiyev isə hesab edir ki, son aylar manat ətrafında baş verənləri «üçüncü devalvasiya» adlandırmaq olar: «Son 6 ayda Azərbaycanda yumşaq devalvasiya gedir. Yenə də xatırlatmaq lazım gəlir ki, bu tənzimlənir və subyektiv xarakter daşıyır».

Ekspertlərin fikrincə, reallıqda manat indiki rəsmi kursundan qat-qat aşağıdır. Manat ilin sonunda 2 manata yaxınlaşsa belə, bu, real qiymət olmayacaq.

Foto illüstrasiya
Foto illüstrasiya

İNTİHARLAR NİYƏ ARTIR?

«Novoye Vremya» qəzetində isə «İntiharlar yenə özünü xatırladır» sərlövhəli məqalə oxumaq olar.

Müəllif son illər Azərbaycanda intiharların artmasının səbəbləri üzərində dayanmağa çalışır. Yazıda vurğulanır ki, ölkədə artıq intiharlar sosial problemlərə çevrilir. Müəllif qeyd edir ki, canına qıyanlar arasında həm uşaqlara, həm gənclərə, həm də yaşlılara rast gəlmək mümkündür. Üstəlik, burada hər iki cinsin nümayəndələri var: «İntihar artıq sistemli hala çevrilib. Əgər hakimiyyət əvvəldən buna diqqət yetirsəydi, miqyas bu qədər qorxunc olmazdı» .

Müəllif hökumətin intiharlara yanaşmasını tənqid edir. Onun fikrincə, bu məsələyə tək dünyanın problemi kimi baxmaq olmaz. İntiharlara bütün ölkələrdə rast gəlinsə də, daxili səbəblər öyrənilməsə, onunla gerçək mübarizə aparmaq mümkün deyil: «Onsuz da hər şey üzdədir və görünür. Bütün intiharların arxasında sosial təminatsızlıq dayanır».

Məqalədə vurğulanır ki, artıq Azərbaycanda «kredit intiharları» termini meydana çıxıb: «Onlarla, bəzən yüzlərlə adam borcların ödənməsi ilə bağlı bankların mənəvi-fiziki təzyiqlərinə davam gətirməyərək intihara əl atmağa vadar olublar».

Müəllif hesab edir ki, zəif, pullu səhiyyə, aşağı səviyyəli təhsil, hakimiyyətin üst qatındakı korrupsiya, hüquqsuzluq, cəmiyyətin varlılara və yoxsullara bölünməsi intiharları doğuran başlıca səbəblərdir.

XS
SM
MD
LG