Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:47

FBI-nin bəyanatı seçki kampaniyasının gedişini dəyişdirib


H.Clinton\D.Trump
H.Clinton\D.Trump

ABŞ-ın Federal Tədqiqatlar Bürosunun (FBI) yeni açıqlaması Hillary Clinton-un yenə Donald Trump-ı qabaqlamasına səbəb olub.

Seçkiyə cəmi 2 gün qalmış FBI-nin rəhbəri Konqresə demokratların namizədi H.Clinton-la bağlı yeni sənədlərin araşdırıldığını və ona heç bir ittihamın irəli sürülmədiyini bildirib.

Qərb mətbuatı bu bəyanatın rəqiblər arasında yarışın istiqamətini dəyişməsindən yazır.

BBC-nin başlığı belədir: «FBI-nın Clinton-u təmizə çıxarması Trump-ı coşdurdu».

SEÇKİDƏN SONRAYA TƏSİR

Respublikaçıların namizədi Donal Trump FBI-nin 650 min e-mail-i qısa müddətə araşdırmasının mümkün olmadığını, fırıldaqçı rejimin Clinton-u qoruduğunu bildirib. Dünən, noyabrın 6-da Miçiqanda çıxış edən Trump «bu, tam fırıldaqçı rejimdir. Hillary Clinton günahkardır. Bunu o özü də bilir, FBI da bilir, xalq da bilir. İndi qərar xalqındır» deyib.

Keçən ayın sonunda FBI demokratların namizədi H.Clinton-un dövlət katibi olduğu vaxtlarda dövlət əhəmiyyətli yazışmalarda şəxsi e-mail-indən yararlandığı haqda yeni məlumatların üzə çıxdığını bildirmiş, bu da Clinton-un reytinqinin düşməsinə səbəb olmuşdu.

BBC FBI-nin son bəyanatının seçkiyə az qalmış durumu bir o qədər dəyişməyəcəyini, amma seçkidən sonrakı vəziyyətə təsir edəcəyini yazır. Analitik Anthony Zurcher-in fikrincə, FBI-nin daxili məlumatları mətbuata sızdırması həm bu orqanın daxilində, həm də mətbuatda ciddi müzakirələrə səbəb olacaq. Trump qalib gəlsə, çoxları FBI-nin direktoru James Comey-i günahlandıracaq. Clinton qalib gəlsə, bu son enişinə görə hələ uzun müddət qınaqla üzləşəcək.

FBI-nin direktoru James Comey
FBI-nin direktoru James Comey

Clinton-un özü FBI direktorunun son bəyanatı haqda bir söz deməsə də, onun təbliğat kampaniyası agentliyin bu nəticəyə gələcəyinə əvvəldən əmin olduğunu bildirib.

«QƏZƏBİN PREDMETİYƏM»

«The Washington Post» qəzeti Clinton-un bazar günü Klivlenddə seçiciləri qarşısında çıxışından sitat gətirir: «Bu seçkidə çox ümidlərin boşa çıxdığını, hətta qəzəbin olduğunu bilirəm. Bunu görürəm, eşidirəm və bildiyiniz kimi, bu qəzəbin predmetiyəm. Amma qəzəb plan deyil. Qəzəb bizə yeni iş yerləri gətirəsi deyil».

«The Sydney Morning Herald» qəzeti isə James Comey-in məktubunun səhm bazarını canlandırdığını, investorların təşvişini aradan qaldırdığını yazır. «Bugünkü gəlirlər investorlara Clinton qalib gələrsə, nəyin baş verəcəyini göstərmiş oldu».

BİRLİKLƏ PARÇALANMA ARASINDA

Hər iki namizəd seçki kampaniyasının son günlərini həm tərəfdarlarının çox olduğu, həm də tərəddüd edən ştatlarda keçirirlər. Bazar günü, adətən, demokratların qalib gəldiyi Minnesota, Nyu-Meksika və Miçiqan ştatlarına səfər edən Donald Trump Miçiqanda demokratları dəstəkləyənləri öz tərəfinə çəkməyə cəhd edib. «Bill və Hillary Clintonlar-ın iqtisadi siyasəti Miçiqanın başqa yerlərdən daha artıq boşalmasına səbəb olub. Biz iş yerlərinin Meksikaya, Çinə və dünyanın başqa yerlərinə axmasının qarşısını alacağıq».

Clinton isə kampaniyasının son günlərində də Trump-ın miqrantların ABŞ-a axınını dayandırmaq vədlərinə qarşı çıxışlar edib. Klivlenddə seçiciləriylə görüşündə Clinton deyib: «Mən hər kəsin özünə yer tapa bildiyi, hamının daxil olduğu Amerika istəyirəm».

Mançesterdə çıxışında isə Clinton «Haqq-hesab zamanıdır, bu seçki birliklə parçalanma arasında seçimdir» deyib.

CNN isə H.Clinton haqda seçkiyə 48 saatdan da az qalmış verilən hökmün artıq gecikdiyini, demokratların kampaniyasına vurulmuş zərbənin öz işini gördüyünü bildirir.

D.Trump-ın təbliğat meneceri Kellyanne Conway CNN-ə müsahibəsində FBI-nin məktubunun vəziyyəti dəyişəcəyinə inanmadığını, qadınların çoxunun, eləcə də tərəfsiz seçicilərin Trump-ı dəstəklədiyini deyib.

ABŞ–da prezident seçkisi noyabrın 8-də olacaq.

XS
SM
MD
LG