Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 10:35

Siyasətçi ölümlə hədələnir


Həmsədrlərin Ermənistan prezidenti ilə görüşü
Həmsədrlərin Ermənistan prezidenti ilə görüşü

Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq yanaşma, AXCP sədr müavini Gözəl Bayramlının açıq nömrədən təhdid edilməsi və ölkənin maliyyə vəziyyəti bu gün medianın aparıcı mövzusudur.

BEYNƏLXALQ VASİTƏÇİLƏRDƏN NARAZILIQ

«Azərbaycan» qəzetində dərc edilən «Milli maraqlara əsaslanan xarici siyasət» sərlövhəli məqalədə 28 ildir ki, davam edən Qarabağ münaqişəsinə beynəlxalq münasibət dəyərləndirilir.

Müəllif yazır ki, dünyanın aparıcı qüvvələri problemin həllinə ciddi yanaşmır. Yalnız bu il aprelin 2-dən 5-ə kimi Qarabağ cəbhəsində baş verən hərbi əməliyyatlardan sonra danışıqların intensivləşməsi diqqət çəkir.

Müəllifin fikrincə, Ermənistanı qeyri-sülhpərvər mövqedən çıxış etməyə şirnikləndirən başlıca səbəblərdən biri ATƏT-in Minsk qrupu həmsədrlərinin təcavüzkar dövlətə təsir göstərməkdən ötrü zəruri təzyiq vasitələrindən istifadə etməməsidir.

Yazıda vurğulanır ki, həmsədrlər işğalçı ilə işğala məruz qalana eyni münasibət göstərir: «Dünya nizamını müəyyənləşdirən fövqəlgüclərin işğal faktına liberal yanaşması, dolayısı ilə təcavüzkarlığa göz yumması bu qənaəti gücləndirir ki, hazırda dünyada etnik-milli münaqişələrin həllində hüquqi deyil, məhz siyasi vasitə və maraqlar önə çəkilir».

Məqalədə deyilir ki, BMT, ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatının sənədlərində Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı birmənalı qeyd olunub. Lakin bu sənədlər reallıqda heç bir təsir gücünə malik deyildir.

Müəllif bununla belə sonda da yazır ki, Azərbaycanın Ermənistan üzərində hərbi və diplomatik üstünlüyü tam ələ alması Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini gücləndirir. Problemin beynəlxalq hüquqi norma və prinsiplər çərçivəsində həllinə ciddi zəmin yaradır.

Gözəl Bayramlı
Gözəl Bayramlı

HAKİMİYYƏT ODLA OYNAYIR

Azadliq.info saytı AXCP sədri Əli Kərimlinin xanım müavini Gözəl Bayramlının açıq nömrədən təhdid edilməsi ilə bağlı fikirlərinə yer verib.

Əli Kərimli yazır ki, aradan 3 gün keçsə də, hüquq-mühafizə orqanları Gözəl Bayramlıdan ifadə almaqdan başqa günahkarın tapılmasından ötrü heç bir əməli addım atmayıblar. Əksinə, sosial şəbəkədə saxta bir profil yaradaraq Gözəl Bayramlını sələflərin təhdid etməsi ilə bağlı fikir formalaşdırılır: «Hədənin «dəqiq» ünvanının sələfilər olduğunu təlqin etmək üçün profilin saxta adının altında mötərizədə «Azeri Selefi» sözü də əlavə ediblər...

Kimi aldadırsınız? Sizin iştirakınız və ya izniniz olmasa, bu ölkədə kim başqasını açıq nömrə ilə ölümlə hədələyib, sonra da əli cibində, sərbəst gəzə bilər? Ucqar bir küçədə 1 nəfər adam «Azadlıq!», «İstefa!» qışqırsa, anında özünüzü ora çatdırarsınız. Necə olur ki, tanınmış siyasətçini 3 gündür açıq nömrədən ölümlə təhdid edirlər, siz heç bir tədbir görmürsünüz? «Azeri Selefi» niyə Gözəl xanımın başın kəsmək istəsin ki? Onlara işgəncəni Gözəl xanım verdirib, yoxsa onların saqqallarını Gözəl xanım zorla qırxdırıb? Gözəl xanımla niyə problemləri olsun ki? Niyə məhz açıq nömrədən hədədən sonra bu «Azeri Selefi» profili təcili ortaya çıxıb?».

Əli Kərimli yazır ki, hakimiyyət indi odla oynayır və Azərbaycan siyasətinə ölümlə hədələmə ənənəsini gətirir: «Orası doğrudur ki, biz heç bir halda, hətta siz hədələrinizi gerçəkləşdirib, bizləri öldürməyə başlasanız da, zora əl atası deyilik. Amma terror presidenti yaransa, bundan siz də ziyan çəkərsiniz. Görün nə qədər insanı bədbəxt etmisiniz, nə qədər insanın əmlakını əlindən alıb, evini yıxmısınız! Nəyinizə lazımdır ki, bu ölkədə insanlar bir-biri ilə münasibətlərini zor müstəvisində ayırd etsinlər? Nәyə görə atdığınız addımların nəticəsi və məsuliyyəti haqqında heç düşünmürsünüz?».

Vüqar Bayramlı
Vüqar Bayramlı

MANAT VƏ OKEANIN O TAYI...

Musavat.com saytında isə «Manatın məzənnəsi birbaşa bank sektorunun vəziyyətindən asılı olacaq» sərlövhəli məqalə oxumaq olar.

Yazıda ekspert Vüqar Bayramlının ölkənin maliyyə sahəsindəki durumuna dair düşüncələrinə yer verib.

Vüqar Bayramlı son zamanlar dolların bahalaşması və manatın dəyər itirməsini dəyərləndirərək deyir: «Manatın məzənnəsi möhkəmlənməyə başlayan zaman bildirmişdim ki, bu 3 həftə və ya 1 ay çəkəcək. Mənə müraciət edənlərə də bildirirdim ki, manatın məzənnəsinin möhkəmlənməsi sonradan dolların manata nisbətən möhkəmlənməsi ilə əvəz olunacaq».

Ekspertə görə, manatın möhkəmlənməsini təmin edəcək iqtisadi faktorlar yoxdur. Manatın məzənnəsini Mərkəzi Bank inzibati yolla müəyyənləşdirməyə çalışır.

V.Bayramlının fikrincə, bu üsul qısamüddətli dövrdə effektli idi və artıq həmin qısa müddət də başa çatıb: «Dünya bazarında neftin qiymətinin aşağı , dollara tələbin yüksək olması, idxalın artması və ixracın hiss edilən dərəcədə artmaması da manatın zəifləməsinə təsir göstərir».

V.Bayramlı hesab edir ki, manatın taleyi okeanın o tayından uçot dərəcəsinin artırılıb-artırılmaması ilə bağlı verilən qərardan çox asılı olacaq.

Ekspert problemli kreditlər məsələsinə toxunaraq onun həllini də vacib sayır: «Mən dollarla olan kreditlərə güzəştlərin edilməsinin tərəfdarıyam. Bu, həm vətəndaşların sosial vəziyyətinin yaxşılaşması, həm də bank sektorunun özü üçün vacibdir».

XS
SM
MD
LG